Məhkəmə qərarları › İş №2(006)-4820/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4820/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4820/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «borcun tələb edilməməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «borcun tələb edilməməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" arasında problemli kredit mövcuddur. Bank 2012-ci ildə məhkəməyə müraciət etmiş və iddiaçının banka cəmi 2587 ABŞ dolları borcu olduğu halda Nəsimi rayon Məhkəməsinin 2(006)-3181/2012, 20.07.2012-ci ilə qərar qəbul etmişdir. İddiaçı "xxxx"a 2013-cü ilə qədər 822 ABŞ dolları ödəmişdir. Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il Fərmanı ilə Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə vaxtı keçmiş kredit borclarının 01.03.2019-cu il tarixədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara olan əsas kredit borclarının qalıq məbləğinin restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Yəni Bank iddiaçının qalıq kreditini əvvəlki, yəni 1 AZN 0,78 kursla hesablanmalıdır və manata çevrilməlidir, lakin bank ona qarşı bunu etməmişdir. Məhkəmə qərarı ilə iddiaçının Banka borcu 2587 ABŞ dolları ondan 822 ABŞ dolları ödənilib. Qalıq borc 1765 ABŞ dolları manatla hesabda 1376 manat təşkil etmişdir. 25.06.2018-ci ildən 01.04.2019-cu ilədək isə iddiaçı Bankın hesabına 807 manat pul ödəmişdir. X1 sonra iddiaçı bankla əlaqə saxlamış və ödənişləri saxlamışdır. Bank onun kreditini restrukturizasiya etməkdən heç bir əsas olmadan imtina etmişdir. İddiaçının bu günkü günə qədər məhkəməyə müraciət etməməsinin səbəbi bankdan ona verilən vədlər olub, yəni «sizin işinizə baxılır». İddiaçının banka 569 manat borcu vardır və həmin məbləği ödəməyə hazırdır. Göstərilənlərə əsasən bankın iddiaçıdan 1500 ABŞ dolları tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, hal-hazırda bank iddiaçıda məhkəmə müstəvisində nəsə tələb etmir. İddia tələbi rədd olunmalıdır, çünki iddiaçı ilə bank arasında müqavilə 2010-cu ildə bağlanmışdır. Prezidentin Fərmanı isə 2012-ci il 1 yanvar tarixdən sonra bağlanmış kreditlərə şamil olunur. Lakin bank bu mübahisədən kənar iddiaçıya bankdaxili restrukturizasiya təklif edir. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.07.2012-ci il tarixli, 2(006)-3181/2012 saylı məhkəmə əmrinin surətindən görünür ki, 23.08.2010-cu il tarixli kredit müqaviləsi üzrə X2 "xxxx" KB ASC-nin xeyrinə cəmi 2587,67 ABŞ dollarının və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən 09.10.2010-cu il tarixdə 83 ABŞ dolları, 05.11.2010-cu il tarixdə 65 ABŞ dolları, 06.12.2010-cu il tarixdə 78 ABŞ dolları, 04.02.2011-ci il tarixdə 48 ABŞ dolları, 05.03.2011-ci il tarixdə 78 ABŞ dolları, 05.04.2011-ci il tarixdi 75 ABŞ dolları, 06.05.2011ci il tarixdə 78 ABŞ dolları, 16.07.2013-cü il tarixdə 127 ABŞ dolları, 22.08.2013-cü il tarixdə 127 ABŞ dolları, 04.10.2013-cü il tarixdə 63,65 ABŞ dolları, 25.06.2018-ci il tarixdə 90 manat, 31.08.2018-ci il tarixdə 87 manat, 27.09.2018-ci il tarixdə 87 manat, 31.10.2018-ci il tarixdə 87 manat, 29.11.2018-ci il tarixdə 87 manat, 21.12.2018-ci il tarixdə 87 manat, 05.02.2019-cu il tarixdə 87 manat, 12.03.2019-cu il tarixdə 87 manat, 29.03.2019-cu il tarixdə 87 manat məbləğində "xxxx" KB ASC-yə ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 21.08.2011-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X3 banka 207VC10 saylı kredit müqaviləsi üzrə 11.08.2021ci il tarixə olan 1591,19 ABŞ dolları əsas borcu vardır. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23.08.2010-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə Nəsimi rayon Məhkəməsinin 20.07.2012-ci il tarixli məhkəmə əmrinə əsasən ondan bankın xeyrinə cəmi 2587 ABŞ dolları məbləğində pulun tutulması əmr edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, məhkəmə əmri çıxarıldıqdan sonra iddiaçı tərəfindən banka ödənişlər edilmiş və bank tərəfindən verilmiş 21.08.2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının 11.08.2021-ci il tarixə cəmi borcu 1591,19 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, onunla bank arasında problemli kreditin mövcudluğuna baxmayaraq, bank onun kreditini restrukturizasiya etməkdən imtina etmişdir. İddiaçının banka 569 manat borcu vardır və o, həmin məbləği ödəməyə hazırdır. Bu səbəbdən bankın ondan 1500 ABŞ dolları tələbininin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsri altına düşməmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bank arasında kredit müqaviləsi 2010-cu il tarixdə bağlandığı üçün, həmin kredit müqaviləsi yuxarıda göstərilən Fərmanın təsiri altına düşmür. Bu səbəbdən iddiaçı həmin Fərmana istinad edərək kredit müqaviləsinin restrukturizasiya edilməli olmasına dair dəlillərini əsassız hesab edir. Məhkəmə digər tərəfdən qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qanunun yuxarıda göstərilən tələbinə əsasən borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi halda, kreditor borcludan öhdəliyin yerinə yetirilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmək kreditorun qanunla təmin edilmiş hüququdur. Həmin hüququn hər hansı əsas olmadan məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə hesab ki, iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər bankın ondan borcun ödənilməsini tələb etməsinin rədd edilməsi üçün əsas olmadığı üçün, həmçinin həmin tələbin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmadığı üçün, irəli sürülmüş tələb əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «borcun tələb edilməməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «borcun tələb edilməməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar