Məhkəmə qərarları › İş №2(006)-4829/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4829/2021

19.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4829/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiə edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiə edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə əsassız olaraq şişirdilərək yazılmış 641 manatın cavabdeh "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Mənzil qohumları X1 adına olsa da, bu ev onlar tərəfindən alınmışdır və hal-hazırda qeyd etdiyi kimi, ailəliklə orada yaşayırlar. 21 may 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşadıqları evin işıq naqilləri yoxlanılarkən sayğaca daxil olmayan yerdən toyuq damına çəkilmiş işıq naqili aşkar edilmişdir. Bu naqilə bir ədəd elektrik lampası qoşulmuşdur və bu xətt ay yarım müddətinə çəkilmişdir. Bu xətt çəkilərkən səhvən sayğacdan çıxan xətlə dəyişik salınmışdır. Əməkdaşlar bu işlə əlaqədar özündə cəriməni əks etdirməyən akt tərtib edərək, çıxıb getmişlər. Onu da qeyd edir ki, naqili gördükdən sonra o nə qədər təkid etsə də, heç bir yerə baxmamışlar. Həftənin birinci günü, yəni 25 may 2021-ci il tarixdə işıq idarəsinə getmiş və ona bildirmişlər ki, 641 manat cəriməsi var. Orada ona «Razılaşma protokolu» deyilən bir sənədə imza etdirmişlər ki, bu pulu aybaay o ödəsin. Lakin bu məbləğ həddindən artıq şişirdilmiş yazıldığı üçün bu məbləği ödəmək iqtidarında deyil. Ay yarım ərzində bir balaca lampa (hansı ki, çox az hallarda yandırılırdı) ən çoxu 10-15 manat işıq sərf edərdi. Protokola imza etsə də, o, bu cərimə məbləği ilə razı deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassız olmaqla yanaşı, buna subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən iddiaçıya onun əsl iddiaçı (abonent-istehlakçıX4 oğlu) ilə əvəz edilməsini təklif edilsə də, iddiaçı əlavə çox vaxt gedəcəyini əsas gətirərək, onun əsl iddiaçı ilə əvəz edilməsindən imtina edərək, işə mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə aktı çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (abonent saldosu, tərtib olunmuş akt və s.) görünür ki, iddia ərizəsində qeyd olunan ev, həmçinin abonent kodu, tərtib edilmiş akt və s. Səyyar Tarıverdiyevin adına rəsmiləşdirilmişdir. Qanunun tələbləri baxımından iddia ərizəsində qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olan şəxs iddiaçı deyil, Səyyar Tarıverdiyevdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiə edilməsi və borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, mülkiyyət hüququ üzrə ev adına qeydiyyata alınmış şəxs və ya abonent-istehlakçı kimi "xxxx" ASC ilə müqavilə bağlamış şəxs məhkəmə qaydasında akt üzrə hesablanmış cərimə məbləğini mübahisələndirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiə edilməsi və borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar