Məhkəmə qərarları › İş №2(006)-4830/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4830/2021

21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4830/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.12.2020-ci il tarixində iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 839 saylı bağ evinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1054 kvts. (103,94 manat) enerji sərfiyyatı ilə bağlı borc bildirişi gəlmişdir. İddiaçı həmin ünvanda sadəcə yay aylarında yaşayır. Qış aylarında isə nadir hallarda bir neçə saatlıq orada olur. Buna görə də iddiaçı yazılmış enerji sərfiyyatının ona məxsus olmadığına əmindir. Bu qədər borcun yazılması sayğacda baş verən problemdən və yaxud da əraziyə baxan mühəndisin təxribatından qaynaqlanır. Yaşayış olmayan bir bağ evi üçün 1054 kvts. işıq sərfiyyatı heç bir məntiqə uyğun göstərici deyil. Ən azından sayğac qoşulduğu andan qeyd olunan tarixədək bu göstəricidə işıq sərfiyyatı olmaması buna sübutdur. Buna görə də iddiaçı 11.12.2020-ci il tarixində “ASAN Kommunal”a şikayət ərizəsi ilə müraciət etmişdir. 21 iş günü ərzində şikayətinə baxılması ilə bağlı məlumat verilsə də, bugünə qədər heç bir nəticə olmamışdır. İddiaçı 199 qaynar xəttinə ərizəsinin cavabı üçün müraciət etdiyində isə “araşdırılma aparılır, sizinlə əlaqə yaradılacaq” deyilir. İddiaçı sayğacın laboratoriyaya getməsi ilə bağlı şikayətini bildirsə də, heç bir nəticə yoxdur. Dəfələrlə ünvanı dəqiqləşdirmək üçün mühəndislər tərəfindən zənglər gəlsə də, şikayətinə heç bir qurum tərəfindən cavab verilməmişdir. 15.03.2021 -ci il tarixində iddiaçının iştirakı olmadan protokol tərtib olunmuşdur. Guya ki, sayğacı tam yoxlayıblar, heç bir qüsur aşkar etməyiblər. İddiaçının 11 dekabrda verdiyi ərizəyə 15 martda cavab verərək, iştirakı olmadan protokol tərtib edən "xxxx" ASC-nin işçilərinin məsuliyyətsizliyi açıq aydın görünür. Uzun illər ərzində, hətta bağ evində yaşayış olan zamanlarda belə aylıq enerji sərfiyyatı bu qədər çox olmamışdır. Çıxarışlardan aydın görünür ki, bağ evində aylarla yaşayış olmur. Yaşayış olmayan bir tarixdə 1054 kvts. enerji sərf olunması bildirişində "xxxx" ASC-nin işçisinin təxribatı açıq-aşkar bəllidir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq iddiaçının sayğacın təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyildir. Sayğaca ev daxilindən müdaxilə edilməsi mümkünsüzdür. İddiaçı hal-hazırda həmin ünvanda yaşamır və ona yalandan yazılan bu borcu ödəməyə imkanı çatmır. Lakin o borcdan bugünə qədər sərf etdiyi (103,94 manat istisna) bütün qalıq borcunu ödəmişdir. Göstərilənlərə əsasən iddiaçı barəsində qanunsuz hesablanmış 103,94 manat məbləğində bildirişin əsassız olması səbəbindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən qəbzdən görünür ki, İddiaçı 103,94 manat məbləğində borcu mövcuddur. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********50049 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 1116,07 manat, aktlar bölməsi üzrə 107,89 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 129,31 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan ünvan 1 ünvanı "xxxx" ASC-nin elektron məlumat bazasında **********50049 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın borc bölməsində 103,94 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cəmi 103,94 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktın əsli və yaxud da təsdiq olunmuş surəti cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə təqdim edə bilmədiyindən həmin aktın tərtib olunmasına əsas olmuş halları da sübut etmək vəzifəsinin onun üzərinə düşdüyündən və bununla bağlı heç bir sübut məhkəməyə təqdim olunmadığından iddia ərizəsi əsassız borcun silinməsi hissəsində əsaslı hesab edilməklə təmin olunmalıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı hesablanmış 103,94 (bir yüz üç manat, doxsan dörd qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********50049 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı hesablanmış 103,94 (bir yüz üç manat, doxsan dörd qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********50049 nömrəli abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar