Məhkəmə qərarları › İş №2(006)-4857/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4857/2020

30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4857/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol, Y/Y Massivi ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı ilə bağlı əsassız hesablanmış 200 (iki yüz) manat miqdarında borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə cavabdeh "xxxx” ASC-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmişdir və həmin vaxt akt tərtib edilmişdir. Aktda elektrik sayğacının öz-özünə yazması göstərilmişdir. Sayğac sökülərək yenisi ilə əvəz edilmişdir. Sonra ona bildirilmişdir ki, sayğac labaratoriyada yoxlamadan keçirilmiş və rəy verilmişdir, müdaxilə olunması və bu səbəbdən də xarab olduğu vaxt yazdığı 236 manat məbləği tələb etmişlər. Xarab olana qədər müddətdə hər ay 17 manat civarında sərfiyyat yazmışdır və yeni sayğac da həmin məbləğ civarında sərfiyyat yazmışdır və bu da sübuta yetirir ki, hər hansı bir müdaxilə olmamışdır. O, hesab edir ki, əməkdaşlar tərəfindən müdaxilə edilmişdir. Lakin onun sayğacın dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və sayğaca heç bir kənar müdaxilə olmamışdır, yəni sayğaca tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq borc hesablanmışdır. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və elektrik qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir. Baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, elektrik paylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, sayğaca müdaxilə əlavə enerjidən istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəflərindən istifadə edilmiş enerji sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Sayğaca vaxtında baxış keçirilməməsi birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Onun ərizəsi əsasında cavabdeh tərəfindən yalnız 58 manat məbləğində dürüstləşmə aparılmışdır. Qalan 200 manat məbləği isə silinməmişdir. Qeyd edilənlərdən də görünür ki, borc məbləği qeyri-qanuni hesablanmışdır və borcun tutulmasına dair iddia qaldırmamışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Şərh olunanlara əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol, Y/Y Massivi ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı ilə bağlı əsassız hesablanmış 200 (iki yüz) manat miqdarında borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol, Y/Y Massivi ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı ilə bağlı əsassız hesablanmış 163,84 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Müştəri Xidmətləri idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, **********00034 saylı kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə mənzilə məxsus 16186497 saylı elektrik sayğacının xarab olması nəticəsində sayğac “13668” göstərici qeyd etmişdir. xx.xx.2020-ci il tarixdə qüsurlu sayğac laboratoriya şəraitində yoxlanılması üçün çıxarılmış və yeni sayğac quraşdırılmışdır. Müraciəti ilə əlaqədar olaraq, xx.xx.2020-ci il tarixdə yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, Sayğac quraşdırma və uçota nəzarət idarəsinin ******* saylı Protokoluna əsasən qeyd olunan göstəricinin hesabatına yenidən baxılaraq, hesabatlar aparılmış və Protokol tərtib edilərək, kompüter məlumat bazasına 528 kvts (58,08 manat) elektrik enerjisinin dəyərinə dürüstləşmə aparılmışdır. xx.xx.2020-ci il tarixli R 172930 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********00034) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, elektrik sayğacının öz-özünə yazdığı aşkar edilmişdir. Axan yük amper masa ilə ölçülmüşdür. “xxxx” ASC-nin Binəqədi RETS-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi X3 məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak etmiş və izahatında bildirmişdir ki, sayğac düzgün işləmədiyindən artıq göstərici yazmışdır. Sayğacın dəyişdirilməsi barədə tərəfimizdən akt tərtib edilmişdir. 163,84 manat artıq sərfiyyat göstəricisi sayğacda olan problemlərə görə hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********00034) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, elektrik sayğacının öz-özünə yazdığı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2020-ci il tarixli R 172930 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 163,33 manat əlavə ödəniş hesablanmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə baxışı zamanı mütəxəssis qisminə dindirilmiş “xxxx” ASC-nin Binəqədi RETS-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi X1 izahatından sayğac düzgün işləmədiyindən göstəricinin artıq yazıldığı, 163,84 manat artıq sərfiyyat göstəricisi sayğacda olan problemlərə görə yarandığı müəyyən edilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı məxsus **********00034 saylı abunə koduna 163,33 manat məbləğində hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “xxxx” ASC tərəfindən hesablanmış 163,33 manat məbləğində borc iddiaçıya məxsus **********00034 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********00034 abunə kodundan 163,84 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar