Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4862/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 nömrəli bağ evində elektrik enerjisindən istifadəyə görə xx.xx.2010-ci il tarixli bildirişə əsasən hesablanmış 3.748,56 manat borcun silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 nömrəli bağ evinin mülkiyyətçisidir. Həmin bağ evinin onun mülkiyyətində olmasını təsdiq edən DƏDRX-nin müvafiq Çıxarışının surətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin əməkdaşları tərəfindən onun mülkiyyətində olan bağ evində elektrik enerjisindən istifadəyə görə xx.xx.2010-ci il tarixli bildiriş təqdim edilmiş və həmin bildirişdə göstərilmişdir ki, ödəniləcək məbləğ 3.748,56 manatdır. Cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə yuxarıda göstərilən məbləğ qanunsuz və əsassız olaraq hesablanmışdır. O, heç bir zaman bağ evində bildirişdə qeyd edilən məbləğdə elektrik enerjisindən istifadə etməmişdir. Bunun üçün sayğacın əvvəlki göstəricilərinə nəzər yetirmək kifayətdir. Digər tərəfdən, cavabdeh öz bildirişini əsaslandırmaq üçün mənə heç bir sənəd və ya sübutlar təqdim etməmiş, heç bir araşdırma aparmadan qanunsuz olaraq ona yuxarıda göstərilən məbləği hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları, 510 saylı bağ evində xx.xx.2019-cu il tarixdə quraşdırılmış 76631917M1379575 nömrəli LUNA-LUN 21 tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "sayğacın alt qapaq möhürünün simi kəsilərək sayğac qutusuna qoyulmuşdur" qüsurunun aşkar olunması ilə bağlı müvafiq olaraq NDM № 019828 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Abonent yaşadığı evin qapısını açmadığından akt onun iştirakı olmadan tərtib olunmuş və buradə qeyd aktda öz əksini tapmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 32075 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (8.3 kvts. x 24 saat x 0.7x365 gün)-18821kvts = 32075 kvts x 0.11 man = 3528 AZN) 3528 manat məbləğində müəyyən edilməklə abonentin **********50000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmçinin, iddiaçının hal-hazırki tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda onun xx.xx.2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisinə görə ümümi borcu 3748 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 8627 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli bildiriş xəbərdarlığından görünür ki, İddiaçı “xxxx” ASC-yə **********50000 saylı abunə kodu üzrə 3.748,56 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, NDM 019828 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********50000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının alt qapaq möhürünün simi kəsilərək sayğac qutusuna qoyulmuşdur. Sayğacın yenisi ilə əvəz olunması və çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilməsi tələb olunmuşdur. İş materiallarında olan Abunə kodu **********50000 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı NDM 019828 nömrəli akta əsasən 3.528,25 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş xx.xx.2020ci il tarixli, NDM 019828 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş yuxarıda göstərilən akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış borc silinməli, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində 3.748,56 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya xx.xx.2020-ci il tarixli, NDM 019828 saylı akt ilə cəmi 3.528,25 manat borcun əsassız olaraq hesablandığı müəyyən edildiyindən, iddia qismən təmin edilməli, 3.528,25 (üç min beş yüz iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat borc Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 nömrəli bağ evi ünvanında yerləşən **********50000 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 3.528,25 (üç min beş yüz iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat borc Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 nömrəli bağ evi ünvanında yerləşən **********50000 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4862/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4862/2020
26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver