Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4886/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil, Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH tərəfindən 214 nömrəli, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanılmaqla kirayə verilmişdir. İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin iddiaçı faktiki həmin mənzildə yaşaya bilmir. Çünki mənzilə elektrik sayğacı quraşdırılmayıb. İddiaçı bununla əlaqədar olaraq aidiyyəti üzrə müraciət etmişdir. Ona bildirilib ki, həmin mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuş abunəçinin, istehlak etdiyi enerjiyə görə 421,90 borcu var və bununla əlaqədar olaraq onlar onunla abunə müqaviləsi bağlamaqdan, ona müvafiq xidmətləri təqdim etməkdən imtina etdilər. Məhkəməyə təqdim edilmiş “Abunə haqqında arayış”dan görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıdan əvvəl yaşamış və Cavabdeh ASC ilə həmin abonent arasında bağlanmış “**********9” nömrəli müqavilə üzrə abunə kodu 5065**********9 olan şəxs barəsində akt tərtib edilmişdir və ona 421,90 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının həmin borc ilə heç bir əlaqəsi yoxdur. Kirayəyə verən və kirayəyə götürən sonrakı subyektlər, əvvəlki kirayənişinin borcları üçün, enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli abunə müqaviləsinə əsasən, məsuliyyət daşımır. Bu məsuliyyəti məişət abonenti daşıyır. Qeyd edilən əsaslar onu bir daha göstərir ki, xx.xx.2015-ci il tarixli akt iddiaçının barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Borc məbləğinin ödənilməsi yükünü, öhdəliyini abunə kodu 5065**********9 olan şəxs daşıyır. “**********9” nömrəli müqavilə üzrə abunə kodu 5065**********9 olan məişət abonenti elektrik enerjisindən istifadədə pozuntuya yol verərək istehlak etdiyi enerjinin dəyərini ödəməmişdir və bu faktın yaratdığı məsuliyyəti istehlakçı daşıyır, “ünvan 1 ünvanında yerləşən mənzil” deyil, bu öhdəlik mənzilə bağlı olan yüklülük deyil, “**********9” nömrəli müqavilə tərəfləri abonent və enerjitəchizatı müəssisəsidir, mənzil deyil. Həmçinin “**********9” nömrəli müqavilə üzrə Abunə kodu 5065**********9 olan məişət abonentinin sağ və ya ölü olması barədə məlumatı cavabdeh özü müəyyən etməlidir. Buna görə iddiaçı məsuliyyət daşımır. Göstərilənlərə əsasən 421,90 manat borc məbləği barədə xx.xx.2015-ci il tarixli aktın və borcun İddiaçı və ünvan 1 ünvanında yerləşən mənzilə aid olmadığını, ləğv edilməsini, İddiaçı Cavabdeh ASC tərəfindən, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan, müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlərin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. «xxxxxxxx» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Z.Bləyevaya məxsus ünvan 2 ünvanına 421,90 manat ETAİS-dən gələn borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 1 Sumqayıt Qarnizonu rəisinin xx.xx.2019-cu il tarixli, 124 nörməli qərarı ilə İddiaçı Müdafiə Nazirliyində xidmət müddətinə sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 819 saylı, xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, H.Zeynalabdin rayon Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 12, mənzil 7 ünvanda yaşayan X1 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin ünvanda xx xxxxxx 2020-ci il tarixdən İddiaçı, həyat yoldaşı İbrahimova Sara, qızı İbrahimova Lidiya yaşayır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında yaşayır. Sözügedən ünvana hesablanmış 421,90 manat borc həmin ünvanda əvvəl yaşayan abonentə məxsusdur. Məhkəmə qeyd edir ki, 421,90 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 421,90 (dörd yüz iyirmi bir manat, doxsan qəpik)manat məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu 5065**********9) silinməli, ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 421,90 (dörd yüz iyirmi bir manat, doxsan qəpik) manat məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu 5065**********9) silinsin. ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlər yerinə yetirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4886/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4886/2020
04.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver