Məhkəmə qərarları › İş №2(006)-4886/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4886/2025

27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4886/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan müvafiq sənədlərin və həmçinin, 21 may 2003-cü il tarixli 28 saylı əmrin (sahəsi 0.06 ha olan) ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 28 nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə sahəsi 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ərizəçi və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinə dair 28 nömrəli əmr və Abşeron RİN xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı vardır. Hazırda torpaq sahəsinə dair sənədlərin arxiv nüsxəsini istədikdə, maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, arxiv məlumatlarında ərizəçinin adı “X3r” ona görə də arxiv arayışının verilməsindən imtina edilmiş və bildirilmişdir ki, sözügedən şəxsin adı ərizəçi ilə eyniliyini təsdiq edən sənəd təqdim edildikdən sonra ərizəyə baxıla bilər. Məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hesab edilir ki, bu texniki səhv maraqlı şəxs tərəfindən edilmişdir. Belə ki, bütün sənədlərində Ərizəçi kimi qeydlər vardır. Maraqlı şəxsin arxivində olan məlumata görə torpaq sahəsinin ölçüsü 0.06 ha-dır və ərizəçidə olan 28 nömrəli əmrdə də 0.06 ha-dır. Maraqlı şəxsin arxivində olan ona məxsus olan əmrin nömrəsi və tarixi yəni 28 nömrəli əmr 21 may 2003-cü ildir. Ərizəçidə də olan sənədlərdə eynilik təşkil edir. Bu kimi tekniki səhvə görə torpaq sahəsinə dair sənədlərin arxiv nüsxəsini əldə edə bilmir. Həmin sənədləri başqa formada ala bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Əlavə olaraq, ərizəçiyə ayrılmış torpaq sahəsinə dair sənədlər maraqlı şəxsin arxivində vardır, bütün məlumatlar, yəni torpaq sahəsinin ölçüsü (0.06 ha) əmrin tarixi və nömrəsi (28 nömrəli 21 may 2003-cü il tarixli), ərizəçidə olan sənədlərlə eynilik təşkil edir, sadəcə olaraq adı maraqlı şəxsdə arxivdə “Sərməst”, ərizəçidə olan sənədlərdə isə “Sərmas” kimi gedir. Sənədlərin arxivi vardır, adı hissəsində olan hərfi səhvə görə əldə edə bilmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən ərizəçinin etibarnamə üzrə nümayəndəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərə çatdırılır ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin 28 sentyabr 2020-ci il tarixli 2/477 nömrəli məktubu ilə təqdim olunmuş siyahının 234-cü sırasında X1 adına 0.06 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə Ərizəçi, arxivdə isə X7 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışına əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq X4 0,06 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Abşeron rayon İcra hakimiyyəti üzrə sərəncamından 15 aprel 1999-cu il tarixli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən vətəndaş X4 0,06 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmaqla vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,06 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli cavab məktublarına qoşma şəklində əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən siyahıda adları göstərilən X6 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmalıdır. Əsas: X6 HİK-in 17 may 2003-cü il tarixli, 02 nömrəli protokolundan çıxarışa əsasən. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna qoşma şəklində əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən siyahıda adları göstərilən X6 işçilərinə və vətəndaşlarına 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin protokola əlavə edilmiş siyahının 234-cü sıra nömrəsində X7 göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarını 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, iş materialları ilə təsdiq olundu ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 arxivində saxlanılan xx.xx.2003-cü il tarixli, 28 say əmrdə “Ərizəçi” əvəzinə “X7” qeyd edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən əmrdə məlum olmayan səbəblərdən texniki səhvə yol verilmiş, hüquq sahibinin adı qeyri-düzgün yazılmışdır. Hüquqmüəyyənedici sənəd üzrə hüquqların həyata keçirilməsi istiqamətində ərizəçi tərəfindən müvafiq səlahiyyətli orqana müraciət edilsə də, qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktın digər qaydada həlli mümkün olmadığından, ərizəçi həmin faktın məhkəmə qaydasında həllini xahiş edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (keçmiş Tərəvəzçilik Südçülük sovxozu) arxivində saxlanılan xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Məhkəmə ərizənin təmin edilməyən, yəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (keçmiş Tərəvəzçilik Südçülük sovxozu) arxivində saxlanılan müvafiq sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb qeyri-müəyyən olduğundan, yəni müvafiq sənəd dedikdə hansı sənədlərin nəzərdə tutulması məhkəmə üçün aşkar olmadığından, təmin edilməsi məqsədəmüvafiq hesab edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (keçmiş Tərəvəzçilik Südçülük sovxozu) arxivində saxlanılan xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar