Məhkəmə qərarları › İş №2(006)-4898/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4898/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4898/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsini cavabdeh 13 saylı Dövlət Notariat Kontorunun üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vərəsəliklə bağlı notariat orqanlarına rəsmi surətdə hər hansı müraciət edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisənin pretenziya qaydasında həll edilməsi imkanı mövcud olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, işin baxılması zamanı kifayət qədər tamlığı ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll olunması imkanı tükənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar