Məhkəmə qərarları › İş №2(006)-4918/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4918/2021

14.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4918/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (indiki Yelo Bank ASC) 4 Saylı Filialı ilə X4 arasında bağlanmış, 15 sentyabr 2015-ci il tarixli "İpoteka müqaviləsi" nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun doğma bacısı X4 15 sentyabr 2015-ci il tarixdə Nikoyl İKB ASC-nin 4 X9 26%-lə 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq bacısı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanda yerləşən, 2 otaqlı, 45,81 kv.m ümumi, 29,11 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 2/7 nömrəli evin 38 nömrəli mənzili 2015-ci il 15 sentyabr tarixli ipoteka müqaviləsi İlə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bacısı kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəlikləri təxminən 6 ay müddətində gecikdirmədən icra etmişdir. Lakin məşğul olduğu ticarət sahəsində yaranmış durğunluq səbəbindən qazancı azalmış, götürmüş olduğu kreditin aylıq ödənişini apara bilməmişdir. Bundan sonra isə dünyada baş vermiş qlobal iqtisadi böhran Azərbaycana da ciddi təsirini göstərmiş, milli valyuta olan manat ABŞ dolları qarşısında çökmüş, güclü infilyasiya baş vermişdir. Bu səbəbdən hər kəs kimi bacım da yalnız ailəsinin zəruri ehtiyaclarını ödəmək məcburiyyətində qalmışdır. Bacısının dediyinə görə bank uzun müddət borclu şəxsdən borcu tələb etməmiş, borclu tərəfindən ödənilmək İstənilən lakin ödəmə qrafikindən xeyli aşağı məbləğdə ödənişlərin qəbulundan İmtina etmişdir. O, bacısının, mənzili girov qoyaraq kredit götürməsindən xəbərsiz olmuşam. Əgər xəbəri olsaydı, heç vaxt buna icazə verməzdi. O, faktiki olaraq bacısından ayrı başqa bir mənzildə kirayədə yaşayır. Bank uzun müddət ödəniş aparmadığına görə borclunu məhkəməyə vermiş və borcun ödənilməsi üçün məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin 11 fevral 2019-cu İl tarixli, 2(008)-556/2019 saylı qətnaməsi ilə borcludan ümumilikdə 32.464,91 ABŞ dolları tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən də görünür ki, bacısı məhkəmə prosesinin keçirilməsindən xəbərsiz olmuş, bu səbəblə məhkəmə iclaslarında iştirak etməmişdir. Daha sonra da məhkəmə qətnaməsində apellyasiya şikayəti verməmişdir. Hazırda məhkəmə qətnaməsi məcburi icraya yönəldilmiş, girov predmetİ satılması üçün hərraca çıxarılmışdır. Mənzilə dair sənədlərdən göründüyü kimi girov mənzil 01.11.2012-ci il tarixdə bacısı X2 adına əldə edilmişdir. (ÇİXARİŞ; Seriya RX; nömrə: 0508392, qeydiyyat nömrəsi: **********). Girov mənzil əslində onun və nənəsi X1 vəsaiti hesabına alınmışdır. Mənzilin dəyərində Günelin çox cüzi payı vardır. Belə ki, həmin illərdə o, "KATEL" BMdə kadrlar üzrə mütəxəssis işləyir aytıq vəzifə maaşı 1000 (bir min) manat və əlavə mükafatları da olurdu. Bu minvalla xeyli müddət ərzində xeyli vəsait toplayıb ABŞ dollarına dəyişmişdi. Həmin ərəfələrdə də nənəsi özünə məxsus şəhər mərkəzində plana düşən evinə görə xeyli miqdarda kompensasiya almışdı. Onlar qərara gəldilər ki, Günel ailədə böyük qız olduğu və körpə uşaqları olduğu üçün ona ilk növbədə mənzil alsınlar. Beləliklə onlar mənzili Günelin adına aldılar və onunla bərabər həmin evə qeydiyyata düşərək istifadə hüququ əldə etdilər. Lakin indi öyrənmişlər ki, həmin mənzil onların razılığı olmadan girov qoyulub„ Hesab edir ki, onların vəsaiti hesabına əldə olunmuş mənzil onların razılığımız olmadan banka girov qovula bilməzdi, əgər girov qovulacaqdısa onların notarial razılığı alınmalı idi. Mənzil girov qoyularkən banka təqdim olunan ARAYİŞ-dan (Forma 2) görünür ki, mənzildə qeydiyyatda olan nənəsi və onun adı qeyd olunmayıb. Göründüyü kimi məqsədli şəkildə nənəsinin və onun adı mənzildə qeydiyyatı olduğu üçün arayışda göstərilməyib. Necə olub ki, bank girov predmeti olan mənzildə qeydiyyatda olan şəxslərin razılığını almayıb? Əlbəttə görünür bank məlumatlı olub ki, əgər qeydiyyatda olan şəxslər mənzilin ipoteka ilə yüklü olmasından xəbər tutsalar buna heç cür razı olmayacaqlar. Bu məqsədlə Forma 2 sənədi bilərəkdən yanlış məlumatlarla doldurulub. Ona görə də hesab edir ki, mənzildə qeydiyyatı və istifadə hüququ olan nənəsi və onun razılığı olmadan 15 sentyabr 2015-ci il tarixdə bağlanmış "İpoteka Müqaviləsi" etibarsız sayılmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi X11 məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1756 nömrəli reyestr kitabının 161452 nömrəli vərəqində ********** nömrə ilə 01.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 15.09.2015-ci il tarixli 11-G1-1-0-506-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə 20.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 15.09.2015-ci il tarixli İpoteka Müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.81 kv/m, yaşayış sahəsi 29.11 kv/m, yardımçı sahəsi 16,7 kv/m olan 2 otaqlı mənzil 15.09.2015-ci il taixli 11-G1-1-0-506-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün bankın qarşısında ipoteka ilə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.81 kv/m, yaşayış sahəsi 29.11 kv/m, yardımçı sahəsi 16,7 kv/m olan mənzil "xxxx" İKB 4 saylı filialının xeyrinə 16.09.2015-ci il tarixdə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı "xxxx" İKB-nin cavabdeh X3 qarşı “kredit müqavilsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması” tələbinə dair iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.81 kv/m, yaşayış sahəsi 29.11 kv/m, yardımçı sahəsi 16,7 kv/m olan mənzilə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 16.06.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-c məhəllədə yerləşən 2/7 saylı evin 38 saylı mənzilinə tutmanın yönəldilməsi barədə X4, Cavabdeh ASC və Sabunçu rayon İcra Şöbəsinə məlumat ünvanlanmışdır. Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 03.11.2020-ci il tarixdə verilmiş 13 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-c məhəllədə yerləşən 2/7 saylı evin 38 saylı mənzildə qeydiyyatda olanlarla sırasına İddiaçı da daxildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 25.06.2014-cü il tarixində Cavabdeh ASC ilə (ipoteka qoyan - borc alan) X4 arasında ipoteka müqaviləsi bağlanılmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.81 kv/m, yaşayış sahəsi 29.11 kv/m, yardımçı sahəsi 16,7 kv/m olan mənzil kredit öhdəliklərinin təminatı kimi Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə istifadə hüququnun olmasına, mənzilin ipoteka hüququ ilə bankın xeyrinə yüklü edilərkən onun razılığının alınmamasına istinadən 15 sentyabr 2015-ci il tarixli "İpoteka müqaviləsi"nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Bundan başqa əqdin etibarsız hesab edilməsi üçün qeyd edilən xüsusatlar o halda əhəmiyyətli ola bilər ki, barəsində ipoteka müqaviləsi bağlanmış daşınmaz əmlak müqaviləni mübahisələndirən şəxsin ümumi mülkiyyətində olsun, halbuki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi qeyd edilən hallar mövcud deyildir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunun hüquqi mövqeyə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Bu mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158-ci və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında öz əksini tapmışdır. Belə ki, həmin Qərardan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar