Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4927/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **********40008 saylı kod üzrə yaranmış 1251 manat məbləğində borc öhdəliyinə müddətin keçməsi ilə xitam verilməsi və silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **********40008 saylı kod ona məxsusdur. Ağdam rayonundan məcburi köçkün olduqları üçün əvvəllər işıqla bağlı kommunal ödənişlər dövlət tərəfindən ödənilirdi. Hazırda da buna görə müvafiq kompensasiya verilir və yenə də vaxtlı-vaxtında ödəmişdir. Lakin ona bildiriş təqdim edilərkən 1251 manat məbləğində borcu olduğu bildirilir. Həmin borcun yaranma tarixini 2006-cı il kimi göstərirlər, demək olar ki, borc 17 ilin borcudur. Bununla bağlı "xxxx" ASCyə rəsmi qaydada müraciət etmişdir. Həmin müraciətdə qeyd olunur ki, 1252 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Qeyd edilən borc xx.xx.2016-cı il tarixdə ödənişləri tələb edilməyən borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb olunur. Hər bir halda əsassız və vaxtı keçmiş borc məbləği ondan əsassız olaraq tələb olunacaqdır. Hesab edir ki, həmin borc vaxtı keçmiş borcdur. Məcburi köçkün limitini keçməyini bildirsələr də, belə bir limit ötürülməmişdir. Həmin borcun yaranma tarixi 2006-cı ilə aiddir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdeh olaraq yanlışlıqla "xxxx" ASC göstərilmişdir. Bu səbəbdən, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin – ona məxsus **********40008 saylı kod üzrə yaranmış 1251 manat məbləğində borc öhdəliyinə müddətin keçməsi ilə xitam verilməsi və silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi – kimi başa düşülməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında iddia üzrə göstərilən borcun sistemdən silinməsinin mümkün olmamasını bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları: İş materiallarında olan 346037 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli Abonentin hərəkət cədvəlinin surətindən görünür ki, **********40008 abunə kodu üzrə 2015-ci il tarixində 1011,82 AZN borcunun olması görünür, lakin 2016-cı il üçün borc məbləği 0,01 manat təşkil edir. Binəqədi, Binəqədi kəndi, Qarayev ev (bina):0004, 0008 mənzili üzrə **********40008 Abunə haqqında vərəqədən görünür ki, xx.xx.2016-cı il tarixdə 1252,04 manat məbləğ “qaçqın borcunun silinməsi”nə aid edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, **********40008 saylı kod üzrə yaşayış sahəsinin enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 1252 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Qeyd edilən borc xx.xx.2016-cı il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Tətbiq edilən qanunvericilik: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydaları»nın 3-cü və 4-cü bəndlərinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il 11 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ləğv edilmişdir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndi ilə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İşin faktiki hallarından göründüyü kimi, hazırda iddiaçının adına rəsmiləşdirilmiş abunə hesabında ona 31 dekabr 2016-cı il tarixədək hesablanmış 1252,04 manat elektrik enerjisi borcunun mövcudluğu müəyyən edilsə də, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda da həmin borcun öz növbəsində ödənilməsi tələb edilməyən borclar kateqoriyasında olması qeyd edilmişdir. Hazırda həmin borcun mövcudluğu üçün qanunla qorunan əsas yoxdur, belə ki, qeyd edilən tarixədək hesablanmış borcların Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli müvafiq fərmanına əsasən dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmuşdur. Odur ki, mübahisələndirilən borc məbləği yalnız texniki məsələ olaraq hesabda görünür və həmin borcun hüquqi əsası olmadığından qeyd edilən məbləğdə borc istehlakçıdan tələb edilə bilməz. Bu səbəbdən, İddiaçı adına olan **********40008 saylı abonə koduna hesablanmış 1252 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia tələbində iddiaçı tərəfindən borcun 1251 manat təşkil etməsi qeyd edilsə də, müvafiq sənədlərə əsasən borcun 1252 manat olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi borcun məbləğini təsdiq edən sənədlərə uyğun məbləğdə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yaşayan İddiaçı adına olan **********40008 saylı abunə koduna hesablanmış 1252 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yaşayan İddiaçı adına olan **********40008 saylı abunə koduna hesablanmış 1252 (min iki yüz əlli iki) manat elektrik enerjisi borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4927/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4927/2023
11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver