Məhkəmə qərarları › İş №2(006)-4933/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4933/2022

21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4933/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən kənar müdaxilə edildiyini əsas götürüb qanunsuz olaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 271111 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış ümumi 952,56 manat cərimənin silinməsi və cərimənin bir hissəsi olaraq ödədiyi 250 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evində 1997-ci ildən ailəsi ilə birlikdə yaşayır. Məcburi köçkündür. 11 avqust 2022-ci il tarixdə özlərini "xxxx" ASC-nin işçisi kimi təqdim edən şəxslər o, evdə olmadığı vaxt gəlmiş və sayğaca kənar müdaxilə olduğunu bildirmişlər. Buna görə onun iştirakı olmadan akt tərtib edilmiş və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Daha sonra o, "xxxx" ASC-yə müraciət etdikdə, ona bildirmişlər ki, onlarda kənar müdaxilə olmuş və cərimə yazılmışdır. Onun tərəfindən heç bir kənar müdaxilə olmamışdır. Sayğaç çöldə yerləşir və sayğacı qorumaq onun vəzifəsini deyildir. O, orada aktla tanış olmuşdur. Aktda göstərilmişdir ki, o, aktı imzalamaqdan imtina etmişdir. Halbuki, akt tərtib edilərkən orada olmamışdır. Ona "xxxx" ASC-dən bildirmişlər ki, 250 manat məbləğində cəriməni ödəsə məsələ bağlanacaqdır. O, da məcburiyyət qarşısında 250 manat məbləğində pul vəsaitini ödəmişdir. Aradan 1-2 gün keçdikdən sonra "xxxx" ASC-nin işçisi evə gəlib onun 702,56 manat məbləğində borcunun qaldığını bildirmişdir (ümumilikdə 952,56 manat akt üzrə borc yazılmış, 250 manat ödənilmiş, 702.56 manat borc qalmışdır). İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmədən işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı, Tərtər rayonunda yerləşən evinə verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********03918 saylı abonent kodu verilmişdir. 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacının giriş xəttinin izolyasiyası pozularaq əlavə kənar xətt daxil edilmişdir. Enerjidən birbaşa istifadə olunur. Kənar xəttin ləğv edilməsi, giriş xəttinin yenilənməsi barədə tələb qoyulmuşdur. Abunə haqqında çıxarışdan görünür ki, akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün 402,87 manat + 109,35 manat + 194,48 manat olmaqla, cəmi 706,70 manat borc hesablanmışdır. Aktda onun tərtib olunarkən abonentin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 11 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin balansına 250 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Məhkəmə işin faktiki hallarını, iddiaçının istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməli, 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı akt etibarsız hesab edilməli, ünvan 2 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********03918 saylı abunə koduna hesablanmış cəmi 706,70 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməli, iddia qalan hissədə rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, tərtib olunmuş aktda məişət abonentinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilsə də, bu hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Əksinə, iddiaçının bildirdiyinə görə o, akt tərtib olunarkən evdə olmamış və aktın tərtib olunmasından sonradan xəbərdar olmuşdur. Belə olan halda isə "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunun tələblərinin pozulmasına yol verilməklə, məişət abonentinin iştirakı təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Digər tərəfdən sayğac İddiaçı cavabdehliyi sərhəddində (evin içində) deyil, yaşayış evinin çölündə quraşdırılmışdır. İddiaçının barəsində tərtib olunmuş aktda elektrik sayğacının giriş xəttinin izolyasiyası pozularaq əlavə kənar xəttin daxil edildiyi, enerjidən birbaşa istifadə edildiyi qeyd edilərək, kənar xəttin ləğv edilməsi, giriş xəttinin yenilənməsi barədə tələb qoyulsa da, cavabdeh həmin hallara dair sübutları (bu halları açıq-aşkar əks etdirən foto, video, audiovizual materialları) məhkəməyə təqdim etməmişdir. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Belə olan halda isə məhkəmə hesab edir ki, 1 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı akt qanunsuz olduğundan, etibarsız hesab edilməlidir. Həmçinin, İddiaçı adına olan **********03918 saylı abonent koduna hesablanmış 402,87 manat + 109,35 manat + 194,48 manat olmaqla, cəmi 706,70 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Məhkəmə iddianın təmin olunmayan hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməklə, onun adına hesablanmış 952,56 manat borcun silinməsini tələb etmişdir. Lakin 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı aktdan da göründüyü kimi, iddiaçının adına 952,56 manat deyil, cəmi 706,70 manat borc hesablanmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının adından akt üzrə hesablanmış vəsait, yəni 706,70 manat borc məbləği silinməlidir. Digər tərəfdən iddiaçı ödəmiş olduğu 250 manat pul vəsaitinin ona geri ödənilməsini xahiş etmiş və bu hissədə iddia tələbini həmin məbləği məcburiyyət qarşısında qalaraq ödədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, həmin vəsaitin iddiaçıya qaytarılması mümkün olmasa da, qeyd edilən pul vəsaiti iddiaçının adına olan **********03918 saylı abonent kodu üzrə balansa köçürülmüş və onun istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı akt etibarsız hesab edilməli, ünvan 2 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********03918 saylı abunə koduna hesablanmış cəmi 706,70 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı 271111 saylı akt etibarsız hesab edilsin. ünvan 2 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********03918 saylı abunə koduna hesablanmış cəmi 706,70 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar