Məhkəmə qərarları › İş №2(006)-4960/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4960/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4960/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMCnin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydinin ləğv edilməsi; həmin icra qeydi üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 09 iyun 2021-ci il tarixli qərarı ilə başladığı icraata xitam verilməsi; "xxxx" MMCnin hazırkı iddia ərizəsində bəhs olunan tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar etibarsız hesab olunması; ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Bakı şəhəri 14 saylı Notariat Ofisinin 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydini qanunsuz hesab edir. Belə ki, İddiaçı MMC "xxxx" MMC arasında 01 noyabr 2014-cü ildə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair AZF-SUBS-0111 nömrəli xidmət müqaviləsi bağlanmışdır. 2018-ci ilin ortalarından iddiaçı və tələbkar arasında müqavilə üzrə münasibətlər baş verməmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydi ilə iddiaçının tələbkara müqavilə üzrə vaxtında ödənilməmiş 775 manat 85 qəpik borcun, tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ilə birlikdə (cəmi 795 manat 85 qəpik olmaqla) tələbkarın xeyrinə iddiaçıdan tutulmalı olduğunu təklif etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi 09 iyun 2021-ci il tarixli qərarı ilə icra qeydi üzrə icraata başlamış və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən etmişdir. Könüllü icra haqqında 09 iyun 2021-ci il tarixli e141129/2021-5-15 nömrəli bildiriş 17 iyun 2021-ci ildə iddiaçıya çatmışdır. İddiaçı aşağıda göstərilən əsaslarla icra qeydinin ləğv edilməli olduğunu irəli sürür. 1). Mübahisənin həllinə dair öhdəliklərin pozulması. a). Razılaşma öhdəliyinin pozulması. İddiaçı və tələbkar arasındakı razılığa əsasən onlar arasında yaranmış mübahisələr razılaşma yolu ilə həll edilir (müqavilənin 7.1-ci bəndi). Həmçinin kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər (MPM-nin 4.3-cü maddəsi). Buna baxmayaraq, tələbkar iddia etdiyi borcun ödənilməsi üçün iddiaçıya müraciət etməmişdir. Tələbkarın nümayəndəsi ilə apardıqları telefon danışığında o, etiraf etmişdir ki, iddiaçıya göndərilməsi üçün pretenziya məktubu hazırlansa da, sonradan bu məktubun göndərilməsi və ya iddiaçıya çatdırılması təmin edilməmişdir. b). Məhkəməyə müraciət etmə öhdəliyinin pozulması. İddiaçı və tələbkar arasındakı razılığa əsasən, onlar aralarındakı razılığa əsasən, onlar aralarındakı mübahisə üzrə razılığa əsasən, onlar aralarındakı mübahisə üzrə razılığa gəlmədikdə həmin mübahisə məhkəmədə həll olunur (müqavilənin 7.3-cü bəndi). Tələbkar müqavilənin bu şərtini də pozaraq mübahisənin həlli üçün məhkəməyə deyil, notariat ofisinə müraciət etmişdir. Bu isə iddiaçının müqaviləni bağlayarkən bəyan etdiyi iradə ifadəsinə ziddir. Beləliklə, tələbkar mübahisənin həlli üçün razılaşma yoluna və məhkəməyə müraciət etməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. 2). Bildirişin göndərilməsinə dair tələbin pozulması. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya bildiriş göndərilməlidir (Notariat haqqında Qanunun 76.6-cı maddəsi). İddiaçı tələbkardan belə bir bildiriş almamışdır. Tələbkar da bu bildirişin iddiaçıya çatdırılmasına dair sübuta malik deyil. Buna baxmayaraq, cavabdeh bildirişin göndərilməməsinə rəğmən icra qeydini aparmışdır. Beləliklə, tələbkar sözügedən bildirişi göndərməməklə, cavabdeh isə onun iddiaçıya çatdırıldığını təsdiq edən sənədin mövcud olmamasını nəzərə almadan icra qeydini aparmaqla qanunun bildirişə dair tələblərini pozmuşlar. 3). İddia müddətinə dair tələblərin pozulması. Barəsində icra qeydi aparılmış tələb tələbkar və cavabdeh tərəfindən yazılı şəkildə iddiaçı tərəfə təqdim edilmədiyindən iddia edilən borcun haradan qaynaqlandığını öyrənmək üçün tələbkardan müvafiq sənədlərin göndərilməsini xahiş etmişlər. Təqdim edilmiş sənədlərdən, xüsusən də 05 noyabr 2017-ci il tarixli HQ 391061 seriyalı və nömrəli elektron vergi hesab-fakturasından aydın olur ki, tələbkarın borcun yarandığını iddia etdiyi dövr 2014-cü ilin noyabr və dekabr aylarından ibarətdir. a). Tələbkarın iddia müddətini ötürməsi. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir (Mülki Məcəllənin 373.2-ci maddəsi). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə müddətin axımı icra müddəti bitdikdə başlanır (Mülki Məcəllənin 377.2-ci maddəsi). Müqavilədə aylıq hesab-fakturanın ödənilməsi üçün icra müddəti nəzərdə tutulmasa da, tələbkar tərəfindən müqavilənin icrası dövründə təqdim olunan aylıq hesab-fakturalarda ödənişin edilməsi üçün nəzərdə tutulan müddət kimi 1 ay göstərilmişdir. Belə olan halda, iddia müddətinin başlanğıcını hətta borcun yarandığının iddia edildiyi dövr (2014-cü ilin noyabr və dekabr ayları) üçün sonuncu elektron vergi hesab-fakturasının tarixindən (05 noyabr 2017-ci il) 1 ay sonrakı tarix (05 dekabr 2017-ci il) kimi götürdükdə belə, iddia müddəti tələbkar tərəfindən ötürülmüşdür (05 dekabr 2020-ci ildən). b). Notariat ofisinin iddia müddəti tələbinə riayət etməməsi. İcra qeydi, bir qayda olaraq, tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçənədək aparılır (Notariat haqqında Qanunun 76.2, 76.3-cü maddələri). Göründüyü kimi, cavabdeh icra qeydini iddia müddəti keçdikdən sonra, beləliklə də, qanunun tələbini pozmaqla aparıb. Beləliklə, tələbkar tələbi irəli sürmək üçün müəyyənləşdirilmiş iddia müddətini ötürmüş, cavabdeh isə icra qeydini sözügedən tələb üçün iddia müddəti keçdikdən sonra aparmaqla müddətə dair tələbi pozmuşdur. 4. Mübahisəsizliyə dair tələbin pozulması. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır (Notariat haqqında Qanunun 76.1-ci maddəsi). İddiaçının mövqeyinə əsasən, iddia edilən borc əslində mövcud deyil və buna görə də, o, bu borcu ödəməli deyil. Borcun müəyyən olunduğu yuxarıda qeyd edilmiş elektron vergi hesab-fakturası iddia edilən borcun yarandığı tarixdən 3 il sonra təqdim edildiyindən, bu, iddiaçıda borcun həqiqiliyinə dair əsaslı şübhələr yaratmışdır. Göründüyü kimi, borcun həqiqətən də mövcud olması mübahisəlidir və tələbkarın təqdim etdiyi sənədlər onun mübahisəsizliyini təsdiq etmir. Beləliklə, cavabdeh təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmədiyi halda icra qeydini aparmaqla borcun mübahisəsizliyinə dair tələbi pozmuşdur. Beləliklə, sadalanan əsaslara görə icra qeydi ləğv olunmalıdır. Həmçinin, icra qeydinin ləğv olunması ilə birlikdə icra şöbəsində onun əsasında başlanılmış icraata da xitam verilməlidir (İcra haqqında Qanunun 20.1.4-cü maddəsi). İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, 3-cü şəxsin izahatına dair yazılı mülahizələr təqdim edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətanmə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun tələbindən göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Lakin, işin faktiki hallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydində göstərilən 775 manat 85 qəpik borc mübahisəlidir. Göründüyü kimi, icra qeydi mübahisəli borc üzrə verilməklə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə riayət olunmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər müqaviləyə əsasən aralarında yaranacaq mübahisələri öz aralarında danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisənin həll edilməsi üçün müvafiq instansiya məhkəməsinə müraciət edəcəklərini razılaşdırmışlar. Bu razılaşma tərəflər arasında bağlanmış 01 noyabr 2014-cü il tarixli AZF-SUBS-0111 saylı müqavilənin (telekommunikasiya xidmətlərinin göstərilməsinə dair) 7.3-cü bəndində təsbit olunmuşdur. Üçüncü şəxs pretenziya qaydasında həllə bağlı qanun normasına riayət etməklə, iddiaçıya pretenziya ünvanlasa da (pretenziyanın iddiaçıya rəsmi şəkildə təqdim edilibedilməməsi məsələsinə hazırda hüquqi qiymət verilmir), iddia ərizəsi ilə müvafiq instansiya məhkəməsinə deyil, icra qeydinin verilməsi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, icra qeydini mübahisələndirmişdir və göründüyü kimi, iddia tələbi icra qeydinin ləğv edilməsinə dair hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 09 iyun 2021-ci il tarixli qərarı ilə başlanmış icraatla bağlı «İcra haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aidiyyatı hərəkətlər yerinə yetiriləcək və bununla bağlı qətnamədə əlavə göstərişin verilməsinə hüquqi zərurət mövcud deyil. Bundan başqa "xxxx" MMC tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi təqdim edilmədiyindən və pul tələbi hazırkı mülki işin predmeti olmadığından, iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair tələbi təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydi ləğv edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən tutularaq İddiaçı MMC-yə ödənilməli və iddia tələbi qalan hissələr rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 8İ-9663 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar