Məhkəmə qərarları › İş №2(006)-4972/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4972/2020

23.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4972/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, iddiaçının vəkili İskəndərli Könül Teyyub qızının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı İddiaçı adına olan **********50055 saylı abonent kodlu, 20321872M137 saylı işıq sayğacında qeyd edilmiş 4817.10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında quraşdırılmış **********50055 abonent kodlu, 20321872 NM137 saylı işıq sayğacına onun xəbəri olmadan baxış keçirilmiş və guya sayğacdan kənar xətt aşkarlanmışdır. Bunun əsasında ona ümumilikdə 4817.10 pul məbləğində borc yazılmışdır. Bu barədə ona rəsmi bildiriş aldığı vaxt məlum olmuşdur. Məsələni aydınlaşdırmaq üçün “xxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu üzrə ərazi dairəsinə yaxınlaşdıqda həmin idarənin müdiri tərəfindən ona guya kənar xəttdən istifadə etdiyi üçün yuxarıda qeyd olunan borc hesablandığı bildirirdi. Bildirmək istəyir ki, onun iştirakı olmadan keçirilmiş baxışla və onun nəticələri ilə razı deyildir. Ona məxsus sayğacdan heç vaxt kənar xətdən istifadə edilməmişdir. Sayğac çöldə quraşdırıldığı üçün “xxxx” ASC-nin əməkdaşları ondan xəbərsiz şəkildə sayğaca baxış keçirmişlər. Lakin bu baxışın necə aparılması, onun nəticələri və akt tərtib olunubolunmaması ilə bağlı onun xəbəri olmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, təxminən bir həftə on gün əvvəl Bakı şəhəri, Nizami rayon üzrə nəzarətçi işıq sayğacına baxış keçirmişdir. İşıq sayğacına əvəzlənmə aparıldığından bu sayğacı çıxardaraq yerinə yenisini qoyacağına dair ona məlumat vermişdir. Beləliklə, işıq sayğacı onun iştirakı olmadan çıxarılmışdır və onun sayğacının yerləşdirilməməsi barədə isə məlumatı olmamışdır. Həmin sayğacın qutusu da açarla bağlanılaraq nəzarətçi tərəfindən götürülmüşdür. Təxminən bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu üzə həmin nəzarətçi ona zəng etdi və köhnə sayğacdan qalıq borcunun 200 manat təşkil etdiyini bildirdi. Həmin gün ərzində ödənişi nəzarətçiyə ödəmişdir. Bundan əvvəldə hər zaman ödənişi onun vasitəsilə həyata keçirirdi. Qeyd etdiyi çekləri isə məhkəmə iclası zamanı təqdim edəcəkdir. Ödəniş olunmuş məbləğə görə çeki tələb etmək üçün Bakı şəhəri, Nizami rayonu üzrə işıq idarəsinin müdirinə yaxınlaşdıqda ona bildirdi ki, sözügedən işıq sayğacı üzrə nəzarətçi ondan köhnə sayğacın qalıq borcu olaraq aldığı 200 manat pulu ödəməyib və şəxsi istehlakına sərf etmişdir. Nəticədə o yenidən həmin köhnə işıq sayğacı üzrə qalıq borcu olan 200 manat məbləğində pul vəsaitini ödəməli olmuşdur. Bakı şəhəri Nizami rayon işıq idarəsinin müdiri ilə söhbətimiz zamanı məlum oldu ki, köhnə işıq sayğacı çıxarıldıqdan sonra həmin nəzarətçi tərəfindən yenisi ilə əvəz edilməmişdir. Lakin işıq enerjisindən bu müddət ərzində əvvəlki qaydada istifadə etdiyi və heç bir problem olmadığı üçün sayğacın yenisi ilə əvəz olunduğunu hesab etmişdir. Onun işıq sayğacı yalnız bu zaman sayğacının bərpa olunması tələb etdikdən sonra yerinə quraşdırılmışdır. Qeyd etdi ki, artıq uzun illərdir ki, işıq enerjisindən istifadə edir və bunun qarşılığında istehlak dəyərini vaxtlı-vaxtında ödəyir. Bu qədər borcun birdən-birə yaranması tamamilə absurddur. Hal-hazırda da sayğaca baxdıqda onun yaxşı vəziyyətdə, tam qaydasında olduğu və heç bir sayğaca qoşulmuş kənar xətt mövcud olmadığı açıq-aşkar görünür. Heç bir zaman qanunsuz xətdən istifadə etməmişdir. Bu səbəddən də hesab edir ki, “xxxx” ASC-nin ona qarşı bu tələbi tamamilə qanunsuz və əsassızdır. Qeyd etmək istəyir ki, “xxxx” ASC-nin binasına yaxınlaşaraq, bu borcların hüquqi əsasını, yəni müvafiq aktları tələb etsə də, bir vətəndaş olaraq onun müraciətinə lazımi cavab verilməmiş və aktlar təqdim edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o məhkəməyə borcun mövcudluğu və mənbəyi barədə heç bir akt təqdim edə bilmir. Aktları qəbul edən səlahiyyətli dövlət orqanı cavabdeh “xxxx” ASC olduğundan və həmin aktlar iddiaçının tələblərinə baxmayaraq, qanuni şəkildə və rəsmi qaydada iddiaçıya təqdim olunmadığından sübut etmə yükü artıq cavabdehin üzərinə düşür. Göstərilən müddəanın tələblərinə uyğun olaraq aktlar məhkəmə tərəfindən cavabdehdən tələb edilməsini, aktların varlığının əksi cavabdeh tərəfindən sübut olunmadıqda isə məhkəmə buna əsasən iddia tələbinin əsasını sübut edilmiş hesab etməklə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili İskəndərli Könül Teyyub qızı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu müddəaya əsasən aktları qəbul edən səlahiyyətli dövlət orqanı cavabdeh “xxxx” ASC olduğundan və həmin aktlar iddiaçının tələblərinə baxmayaraq, qanuni şəkildə və rəsmi qaydada iddiaçıya təqdim olunmadığından sübut etmə yükü artıq cavabdehin üzərinə düşür. Ona görə də aktlar cavabdehdən tələb edilməli, aktların varlığının əksi cavabdeh tərəfindən sübut olunmadıqda isə iddia tələbinin əsasını sübut edilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********50055 saylı abonent kodlu, 20321872M137 saylı işıq sayğacında qeyd edilmiş 3963,96 (üç min doqquz yüz altmış üç manat doxsan altı qəpik) manat borcu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********50055 saylı abonent kodlu, 20321872M137 saylı işıq sayğacında qeyd edilmiş 3963,96 (üç min doqquz yüz altmış üç manat doxsan altı qəpik) manat borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar