Məhkəmə qərarları › İş №2(006)-5008/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5008/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5008/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.185 manat 41 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin «Səbail» filialı ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə MasterCard Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 5354******7275 saylı bank kartı verilmiş və **********6944-184831 saylı kart hesabı açılmışdır. Müştəri 2019-cu ilin iyul ayının 30-da hesaba E-Manat vasitəsi ilə 1.250 manat mədaxil etmiş, lakin texniki səhv nəticəsində vəsait iki dəfə hesaba mədaxil olunmuş və müştəri həmin vəsaiti öz ehtiyaclarına sərf etmişdir. Bu səbəbdən, müştəriyə məxsus hesab 1.185 manat 41 qəpik məbləğində overdrafta çıxmışdır. Bankın «Səbail» filialı tərəfindən cavabdehə bu barədə 10.03.2021-ci il tarixli 13-02/516 saylı və 14.04.2021-ci il tarixli 13-02/582 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 1.185 manat 41 qəpik pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Aidiyyatı maddi hüquq normalarından göründüyü kimi, cavabdeh hazırkı vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə həmin vəsaiti kartdan çıxarmış və çıxarmasından da əlavə, onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 7.2.23cü bəndinə əsasən bank müştəri hesablarında pul vəsaiti kifayət qədər olmazsa, bank, müştərinin adına ssuda hesabı açaraq, yaranmış borcu (overdraft) illik 2 faiz dərəcəsi ilə hesablayaraq ona kredit borcu yaratmaq və həmin borcun ödənilməsini dərhal tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mülki iş üzrə Cavabdeh iddia ərizəsinə 12.07.2021-ci il tarixli etiraz vermişdir. Etiraza münasibət olaraq bildirirlər ki, cavabdehin qeyd etdiyi sözügedən 04.06.2018-ci il tarixli kartmane xidməti üzrə müqavilənin 20.05.2019-cu il tarixli kartmane xidməti üzrə müqaviləyə əsasən verilmiş kartla tək əlaqəsi eyni hesab nömrəsinə malik olmasıdır. Müştərinin adına bu xidmət üzrə açılmış 1 hesab nömrəsi vardır. Bu səbəbdən, yeni müqavilə imzalanaraq kart verilərkən həmin hesabın vaxtı uzadılır. 20.05.2019-cu il tarixli müqavilə 2 il müddətinə imzalanmışdır və xidmətin vaxtı 20.05.2021-ci il tarixdə bitmişdir. Lakin hesaba yüklənmiş artıq məbləğin cavabdeh tərəfindən çıxarılması müddət bitməmişdən əvvəl, kartın aktiv olduğu zaman çərçivəsində 26.07.2019-cu il tarixdə olmuşdur. Həmçinin cavabdeh 20.05.2021-ci il tarixli müqavilənin hər səhifəsində imzasının olmadığını bildirərək müqavilənin vərəqlərinin dəyişdirilmə ehtimalını vurğulayır. Buna münasibət olaraq bildirirlər ki, məhkəməyə həmin müqavilənin əsli təqdim olunmuşdur. Müqavilənin əslində səhifələr 1 vərəqin 2 üzündə çap edilmişdir. Belə olan halda, sənədin əslində hər hansı bir səhifənin dəyişdirilməsi mümkün deyildir. Cavabdeh öz etirazında İddiaçı ASC tərəfindən ona göndərilmiş 14.04.2021-ci il tarixli bildirişdə ona sadəcə banka borcu olduğunun bildirildiyini və hansı müqaviləyə aid olduğunu bilmədiyini qeyd etmişdir. Lakin məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş 14.04.2021-ci il tarixli 13-02/582 saylı bildirişdən də göründüyü kimi, cavabdehə 20.05.2019-cu il tarixli debet kart müqaviləsi üzrə overdraft borcunun yarandığını, həmin pul vəsaitinin İddiaçı ASC-nin mülkiyyəti olduğu və onu qanunsuz olaraq saxladığı bildirilmişdir. Qeyd edirlər ki, 26.07.2019-cu il tarixdə hesaba mədaxil edilmiş 1.250 manat məbləğin texniki səhv nəticəsində hesaba 2 dəfə yüklənməsini sübut edən faktlardan biri budur ki, məhkəməyə təqdim olunmuş kart üzrə hesab əməliyyatlarının tarix və saatı göstərilən hesabdan çıxarışdan da göründüyü kimi, hesaba həmin məbləğlər 2 saniyə (10:07:48 və 10:07:50) fərqlə yüklənmişdir. Belə ki, eManat terminalından hesaba mədaxil əməliyyatının 2 saniyə müddətində edilməsi fiziki olaraq mümkün deyildir. Hesabda əvvəlcədən 1.467 manat 31 qəpik məbləğində pul vəsaiti olduğundan bu yükləmə nəticəsində balans artaraq 3.967 manat 31 qəpik olmuşdur. 26.07.2019-cu il tarixdə həmin pul vəsaiti saat 11-12 radələrində hesabdan 3 dəfə 1.000 manat, 1 dəfə 500 manat və 467 manat olmaqla nağdlaşdırılmışdır. Bu əməliyyat qeyri-iş saatlarında edildiyi və növbəti gün qeyri-iş günü (həftəsonu) olduğundan 30.07.2021-ci il tarixdə hesaba texniki səhv nəticəsində yüklənmiş 1.250 manat məbləğ geri alınmış və hesabda overdraft borcu yaranmışdır. Cavabdeh etirazında həm də müqavilə üzrə ona verilmiş kartını qohum, dost-tanış üçün istifadə etdiyini və karta mədaxil və məxaric olunan pul vəsaitlərinin ona aid olmadığını bildirmişdir. 20.05.2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kartmane xidməti üzrə müqaviləyə əsasən cavabdehə verilmiş kartın pin kodu şəxsi məlumatdır və sadəcə Cavabdeh təqdim olunmuşdur. Müqavilə üzrə açılmış kart hesabı Cavabdeh adınadır. Bildirirlər ki, hesab və kart üzrə edilmiş əməliyyatlara görə Cavabdeh məsuliyyət daşıyır. Cavabdeh verilmiş kartın və kart məlumatlarının onun tərəfindən başqa şəxsə etibar edilərək ötürülməsi nəticəsində edilmiş kart və hesab əməliyyatlarına görə Cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının əsassız olduğunu bildirir və iddianı müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək, həmin etirazda qeyd etmişdir ki, İddiaçı ASC-nin Səbail filialı ilə aralarında iddiaçının iddia ərizəsində və iddia ərizəsinə əlavə etdiyi arayışda qeyd edildiyi kimi ilkin kart sifarişi 20.05.2019-cu il tarixdə deyil, 04.06.2018-ci il tarixdə MasterCard kar müqaviləsi bağlanmış və **********6944-184831 saylı kart hesabı açılmışdır. Ancaq iddiaçı ilkin 04.06.2018-ci il tarixdə **********6944- 184831 saylı kart hesabı üzrə müqaviləni və ərizəsini məhkəməyə təqdim etməmişdir. 04.06.2018-ci il tarixdə **********6944-184831 saylı kart hesabı üzrə ilkin müqavilənin bağlanmasının tarixinin sübutu iddiaçının iddia ərizəsinə əlavə etdiyi sözügedən hesabdan çıxarışda pul əməliyyatlarının ilkin tarixləridir. İddiaçı ilə arasında bağlanan kart müqaviləsindən 3 ildən artıq müddət ötmüşdür və 2021-ci il may ayından sözügedən kart etibarsızdır. Yuxarıda qeyd olunan ilkin 04.06.2018-ci il tarixli müqavilə üzrə MasterCard kart itirildiyindən eyni hesab üzrə 20 may 2019-cu il tarixdə **********637275 saylı təkrar kartın alınması üçün müqavilə bağlanmışdır. İddiaçının işin materialına əlavə etdiyi sənədlərdə qeyd olunan 20 may 2019-cu il tarixə aid olan müqavilənin bəzi vərəqlərində onun imzası yoxdur. Müqavilənin vərəqləri dəyişdirilərək əsli ilə düzdür möhürü vurula bilər. İddiaçı tərəfindən 14 aprel 2021-ci il tarixdə ona özlərinin texniki səhv səbəbindən hesabına 1.250 manat mədaxil etdiklərini deyil, sadəcə banka borcunun olduğuna dair yazılı müraciət olunduğu zaman bankdan kredit götürmək üçün müraciət etmədiyini və bu səbəbdən də, banka borcunun ola bilməyəcəyini söyləmişdir. Ancaq İddiaçı ASC-nin iddia ərizəsi ilə tanış olarkən bankın texniki səhv səbəbindən hesabına 30.07.2019-cu il tarixdə 1.250 manat iki dəfə mədaxil edildiyinə dair iddiasını bilmişdir. Ancaq hesabdan çıxarışdan məlum olur ki, iddiaçının iddiası kimi 1.250 manat hesabına qeyd edilən həmin gündə iki dəfə deyil, 26.07.2019-cu il və 30.07.2019-cu il tarixdə 1.250 manat mədaxil edilmişdir. Eyni məbləğin başqa-başqa tarixlərdə hesabına mədaxil edilməsi bankın səhvən hesabına eyni məbləğin mədaxil edilməsinə əsas vermir və iddiaçı buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. İddiaçının iddiasına görə o, başqasının hesabına varlanma niyyəti ilə kart hesabına bankın dediyinə görə texniki səhv səbəbindən mədaxil etdiyi 1.250 manatı mənimsəməmişdir. O, 2018-ci ildə yaxın qohum adamın xaricdə əməliyyatı və müalicəsi ilə əlaqədar onun kartından qohum, dost-tanışdan pul toplamaq üçün istifadə olunmuşdur. Hesabında 04.06.2018-ci il tarixdən 16.10.2019-cu il tarixə kimi olan dövr ərzində 31.747 manat pul dövriyyəsi olmuşdur. Kartında xeyli miqdarda pul vəsaitlərinin mədaxil-məxaricinin ona aidiyyatı olmamışdır. Çünki kart hesabına mədaxil olunan xeyli miqdarda pul vəsaitləri xəstə insanın xaricdə əməliyyat və müalicəsinə görə olduğundan kartından məxaric olunan pul vəsaitləri xəstə insana aid olmuşdur. İddiaçının da iddia ərizəsində qeyd etdiyi 2019-cu ilin iyun ayında iki dəfə ayrı-ayrı tarixlərdə 1.250 manatın texniki səhv səbəbindən hesabına iki dəfə mədaxil olunmasından xəbəri olmamışdır. Halhazırda o, iki ali təhsilli olsa da, İİ qrup əlil olduğundan daimi işdə işləyə bilmir. İddiaçının özünün texniki səhv səbəbindən hesabına mədaxil etdiyi, ondan tələb etdiyi və guya mənimsədiyi 1.250 manatı ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin iddiaya etirazında qeyd etdiklərinə uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 20.05.2019-cu il tarixdə MasterCard Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 5354******7275 saylı bank kartı verilmiş və **********6944-184831 saylı kart hesabı açılmışdır. Müqavilənin əslində bütün vərəqlər (səhifələr) yerində olmaqla, müqavilənin hər hansı səhifəsi dəyişdirilməmişdir, müqavilə tam şəkildə cavabdehə təqdim edilmiş, cavabdeh müqavilənin bütün şərtləri ilə tanış olaraq, müqaviləni imzalamışdır. Tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin şərtlərinə görə, cavabdehə verilmiş kartın pin kodu şəxsi məlumatdır və sadəcə Cavabdeh təqdim olunmuşdur. Müqavilə üzrə açılmış kart hesabı Cavabdeh adınadır, hesab və kart üzrə edilmiş əməliyyatlara görə 3-cü şəxslər deyil, Cavabdeh məsuliyyət daşıyır. Cavabdeh verilmiş kartın və kart məlumatlarının onun tərəfindən başqa şəxsə etibar edilərək ötürülməsi nəticəsində edilmiş kart və hesab əməliyyatlarına görə Cavabdehdir. 26.07.2019-cu il tarixdə hesaba mədaxil edilmiş 1.250 manat məbləğ texniki səhv nəticəsində hesaba 2 dəfə yüklənmiş, cavabdeh həmin vəsaitdən öz vəsaiti olmadığını bildiyi halda şəxsi ehtiyacları üçün sərf etmiş, nəticədə cavabdeh 1.250 manat həddində əsassız varlanmışdır. 26.07.2019-cu il tarixdə hesaba mədaxil edilmiş 1.250 manat məbləğin texniki səhv nəticəsində hesaba 2 dəfə yüklənməsi aşkar faktdır. Çünki, məhkəməyə təqdim olunmuş kart üzrə hesab əməliyyatlarının tarix və saatı göstərilən hesabdan çıxarışdan göründüyü kimi, hesaba həmin məbləğlər 2 saniyə (10:07:48 və 10:07:50) fərqlə yüklənmişdir. eManat terminalından hesaba mədaxil əməliyyatının 2 saniyə müddətində edilməsi fiziki cəhətdən mümkün deyil. Təqdim olunmuş məlumatlara əsasən cavabdehin adına olan hesabda əvvəlcədən 1.467 manat 31 qəpik məbləğində pul vəsaiti olmuşdur. Yuxarıda qeyd olunan yükləmə nəticəsində balans artaraq 3.967 manat 31 qəpik olmuşdur. 26.07.2019-cu il tarixdə həmin pul vəsaiti saat 11-12 radələrində hesabdan 3 dəfə 1.000 manat, 1 dəfə 500 manat və 467 manat olmaqla nağdlaşdırılmışdır. Bu əməliyyat qeyri-iş saatlarında edildiyi və növbəti gün qeyri-iş günü (həftəsonu) olduğundan 30.07.2021-ci il tarixdə hesaba texniki səhv nəticəsində yüklənmiş 1.250 manat məbləğ geri alınmış və hesabda overdraft borcu yaranmışdır. 14 aprel 2021-ci il tarixli və 10 mart 2021-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehdən texniki səhv nəticəsində debet kartına yüklənmiş məbləğin geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.185 manat 41 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.185 manat 41 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar