Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-501/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1 küçəsində yerləşən fərdi yaşayış əsassız olaraq hesablanmış 3000 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Sözügedən ünvanda yerləşən mənzil əvvəl anası Əminə Ağaverdi qızına məxsus idi. Lakin, anası rəhmətə getdikdən sonra, mənzil onun adına keçmişdir, öldükdən sonra anasının adına 3000 manat işıq cəriməsi olmuş, "xxxx" ASC tərəfindən silinəcəyi deyilsə də, silinməmiş, cərimə olaraq qalmışdır. Onun adına keçdikdən sonra vaxtı-vaxtında ödəniş olunmasına baxmayaraq 3000 manat cərimə hələ də onun adında qalmışdır. İstifadə edilmiş təbii işığın dəyəri daim vaxtında tərəfindən ödənilmişdir. İşıq olmaması onlar üçün böyük problemdir. Cərimənin hesablama qaydasına baxdıqda cavabdeh təşkilatın nə dərəcədə istehlakçılara zülm verdiyinin şahidi olmuşdur. Cavabdeh təşkilat istifadəsində olan və hər ay ödənişini etdiyi işığa əsassız şəkildə 3000 manat borcun silinməsini etməmişdir. Cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək istehlakçılara qarşı istədikləri cür hərəkət edirlər. Bu cür saxtakarlığa yol vermiş cavabdehdən istənilən qanunsuz hərəkətləri gözləmək olar. Cavabdehin yazdığı borcdan elə çıxır ki, guya ki, o, işıq sayğacı qoşulandan ödəniş etməmişdir. Lakin mütəmadi şəkildə işığa ödəniş etmiş və ödəniş çıxarışlarını məhkəməyə təhvil verəcəkdir. Cavabdehin etirazı: "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, idda tələbini qəbul etmir. İddiaçı tərəfindən 2015-ci ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə 3314,12 manat borc hesablanmışdır. İddiaçı bununla bağlı hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlələ tanış olmuşdur. Həmin qəbzlərdə 2015-ci ildən 2024-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisi hesablanaraq ümumi borc qeyd olunmuşdur. Lakin, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2024-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir. Odur ki, məhkəmədən 2(006)-4497/2024 saylı mülki iş üzrə İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi iddia müddəti keçdiyindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2930/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Əliağa oğlunun (abonent kodu **********40009) istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1934.33 (bir min doqquz yüz otuz dörd manat, otuz üç qəpik) manat borc və ödənilmiş 39.75 (otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" ASC İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma protokolundan görünür ki, Bir tərəfdən "Azərişıq” ASC-nin Hüquq İdarəsinin rəisi X3, digər tərəfdən İddiaçı (AZE 0*******) nümayəndəsi (etibarnamə məhkəmədə təqdim edilmişdir) qismində Nümayəndə (AZE ********) ilə **********40009 saylı abonent koduna dair razılaşma protokolunu Azərbaycan Respublikasının Mülkü Məcəlləsinə və qüvvədə olan digər hüquqi aktlara əsasən aşağıdakı şərtlərlə bağladılar:
1. İstehlakçının ıstehlak etdiyi aylıq elektrik enerjisinə görə dəyəri cəmi 1934 33 manat debütor borcu vardır. İstehlakçı İddiaçı "xxxx" ASC-nin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə borcunu aşağıdakı cədvələ uyğun olaraq xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək ödəməyi və bu məsələ ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə hər hansı iddia qaldırırmamağı öz öhdəsinə götürür.
2. İstehlakçı İddiaçı qeyd olunan borcu 20.11 2023-cü il tarixinə qədər 12 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq ödəməyi öz öhdəsinə götürür. 3 İstehlakçının bu razılaşma protokolu ilə müəyyən edilmiş şərtləri pozması, öhdəliyini icra etməməsi kimi qıymətlədiriləcək və onun elektrik enerjisi təchizatı "xxxx" ASC tərəfindən dayandırılacaqdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4706,48 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun. Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında İddiaçı yaşadığı yaşayış sahəsi üzrə **********40009 nömrəli abonent koduna 2015-ci ilə qədər istifadə olunmuş elektrik enerjisinə və xx.xx.2007-ci il tarixdə tərtib olunmuş akta görə ümumilikdə 3314,12 manat borc hesablanmışdır. "xxxx" ASC 2015-ci ildən sonrakı dövr üçün hesablanmış elektrik enerjisinin sərfiyyatına görə 1934.33 manat borc məbləğinin ödənilməsi tələbinə dair 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. İddiaçı, barəsində tərtib olunmuş akta və abonent saldosuna əsasən məhkəmə qətnaməsi üzrə borc tutulan dövrdən əvvəlki müddət üçün hesablanmış 3000 manat borcun əsassız olduğunu bildirərək silinməsini, cavabdeh tərəf isə iddiaçının müvafiq Qaydaların tələblərini pozduğunu bildirərək, borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. Abonent saldosunda öz əksini tapmış xx.xx.2007-ci il tarixli R053069 saylı akta görə 259,4 manat borca münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəf 2007-ci ildə tərtib olunmuş akta görə iddiaçıya 259,4 manat borc hesablanmasını bildirsə də, həmin borcun göstərilən akta görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, həmin müvafiq videogörüntünün və aktın tərtib olunmasına iştirak edən şahidlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Beləliklə, həmin sözügedən akt əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, akt əsasında İddiaçı məxsus abunə koduna 259,4 manat borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilir. Cavabdeh tərəfindən təqdim olunmuş borcun hesabat cədvəlində 2015-2016-cı illər üzrə (müvafiq olaraq 392.46 və 647.58 manat) 1040.04 manat borcun olduğu qeyd olunaraq ümumilikdə 3823.12 manat borcun olduğu qeyd olunur. Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində ödənilməsi qət edilən borc həmin müddəti də əhatə etdiyindən, həmin məbləğlər çıxılmaqla 2783.08 manat borcun qaldığı (2007-ci il tarixli akt üzrə hesablanmış borc məbləği də daxil olmaqla) müəyyən edilir. Məhkəmə həmin borca münasibətdə qeyd edir ki, 2023-cü ildə məhkəmədə iddia qaldırılan zaman 2015-ci ilədək hesablanmış borcun ödənilməsi "xxxx" ASC tərəfindən tələb edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi, cavabdehin nümayəndəsi 2002-ci ildən 2015-ci ilə qədər iddiaçıya 3314,12 manat borc hesablanmasını bildirərək, iddiaçının həmin hərəkəti ilə "xxxx" ASCnin zərərə məruz qaldığını qəbul etsə də, cavabdeh təşkilatın 2023-cü ildə məhkəmədə iddia qaldırılan zaman həmin borc məbləğini iddiaçıdan tələb etməməsinə ağlabatan cavab verməmişdir Ona görə də məhkəmə iddiaçıya məxsus **********40009 nömrəli abunə koduna cavabdeh tərəfindən akt əsasında hesablanmış 259.4 manat borc daxil olmaqla, 2015-ci ilədək istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış qalan 2783.08 manat borcun silinməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "Azərişıq” ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-3503/2024 nömrəli qərarı). Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********40009 abunə kodu üzrə hesablanmış 2783.08 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir.
Məhkəmə xərcləri «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 50 manat dövlət rüsumunun 46 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə kücəsindəki 84 saylı evə dair (**********40009 Abunə kodu) hesablanmış 2783,08 (iki min yeddi yüz səksən üç manat, səkkiz qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 46 manat (qırx altı manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva