Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5018/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında «xxxx» ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli NDM № 018539 saylı aktın ləvğ edilməsi, həmin akta əsasən hesablanmış 526 manat 17 qəpik debitor borcun silinməsi və abunə kodu **********00038 olan elektrik enerjisi istehlakçısı kartından silinmiş pulun hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Təxminən aprel ayının sonu, may ayının əvvəllərində tanımadığı bir nəfər şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olaraq «xxxx» ASC-dən gəldiyini və sayğaca baxış keçirmək istədiyini bildirmişdir. O, heç bir etiraz etməmiş, həmin şəxs sayğaca baxmış və çıxıb getmişdir. Yaşadığı evdə elektrik enerjisindən kart vasitəsi ilə istifadə edir və ona **********00038 abunə kodu verilmişdir. Növbəti ay o, həmişə olduğu kimi elektrik enerjisindən istifadə üçün ona verilmiş elektrik enerjisi istehlakçısı kartına pul yükləmiş və həmin yüklənmiş kartı sayğaca yüklüyəndə məbləğ yüklənməmişdir. O, «xxxx» ASC-nin Lənkəran elektrik şəbəkəsinə zəng vurub nə baş verdiyini araşdırmışdır. Ona həmin idarədən bildirmişlər ki, barəsində akt tərtib edilib, ona cərimə yazılıb və həmin cərimə məbləği hər dəfə onun elektrik enerjisi istehlakçısı kartından çıxılaraq silinəcək. O, həmin aktdan xəbəri olmadığını, cərimənin əsassız olduğunu, onun həyətində sayğaca baxış keçirilərkən heç bir aktın tərtib edilmədiyini bildirmişdir. Daha sonra həmin aktın surətinin ona təqdim edilməsini xahiş etmişdir və ona sözügedən aktı verməmişlər. Daha sonra rəsmi ərizə ilə «xxxx» ASC-nin Cənub RETSİ-yə müraciət etmiş və həmin ərizəni Ruslan Babazadə qəbul etmişdir. Təxminən 1 ay sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə ona xx xxxxx 2020-ci il tarixli NDM 018539 nömrəli aktın surəti, xx xxxxxxxx 2020-ci il tarixdə isə abunə haqqında sənəd təqdim edilmişdir. O, aktla tanış olanda həmin aktda «yoxlama zamanı kənar xəttin olduğu və qeydiyyatsız evə çəkilmiş kabel xəttindən qidalanır» yazıldığını görmüşdür. Abunə haqqında məlumatda isə 526 manat 17 qəpik cərimənin yazıldığını görmüşdür. Halbuki, sayğaca heç bir müdaxilə olmamış, kənar xətt qoşulmamış və bu baxımdan xx xxxxx 2020-ci il tarixli NDM seriyalı 018539 saylı akt tamamilə əhəmiyyətsizdir. Qeyd etdiyi kimi, «xxxx» ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman heç bir akt tərtib edilməmiş, akta 3 nəfər şəxsin imza çəkdiyi qeyd edilsə də, yalnız bir nəfər onun həyətinə gəlmiş, eyni zamanda aktda onun imza etməkdən imtina etməsi qeyd edilsə də, ona ümumiyyətlə imza çəkməsi təklif olunmamışdır. Göründüyü kimi, sözügedən akt lazımi şəraitdə tərtib edilmədiyindən və qanunvericilikdə nəzərdə tutulmuş şəkildə həqiqi iştirakçılar tərəfindən imzalanmadığından ləğv edilməli və onun əsasında hesablanmış cərimə məbləği silinməlidir. Ona aid sayğaca müdaxilə olunduğunu sübut etmək cavabdehin üzərinə düşür. Cavabdeh isə ona aid sayğaca özü tərəfindən müdaxilə edildiyini təsdiq edəcək sübutlar təqdim etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərtib edilmiş aktdan da görünür ki, qanunsuz qoşulma olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018539 saylı aktda qeyd olunmuşdur ki, sayğac sxemindən kənar xətt var, qeydiyyatsız evə çəkilmiş kabel xəttindən qidalanır, axan yük ölçülmüşdür. İddiaçıya cəmi 526 manat 17 qəpik borc hesablanmışdır. Həmin məbləğ iddiaçının elektrik enerjisi istehlakçısı kartından silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Belə olduğu təqdirdə, «xxxx» ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli NDM № 018539 saylı akt ləvğ edilməli, İddiaçı adına olan **********00038 saylı abunə koduna yuxarıda qeyd olunan akt əsasında hesablanmış 526 manat 17 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməli, elektrik enerjisi istehlakçısı kartından silinmiş pul İddiaçı hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxx» ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli NDM № 018539 saylı akt ləvğ edilməli, İddiaçı adına olan **********00038 saylı abunə koduna yuxarıda qeyd olunan akt əsasında hesablanmış 526 manat 17 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməli, elektrik enerjisi istehlakçısı kartından silinmiş pul məbləği İddiaçı hesabına geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli NDM № 018539 saylı akt ləvğ edilsin. İddiaçı adına olan **********00038 saylı abunə koduna yuxarıda qeyd olunan akt əsasında hesablanmış 526 manat 17 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Elektrik enerjisi istehlakçısı kartından silinmiş pul məbləği İddiaçı hesabına geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5018/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5018/2020
05.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver