Məhkəmə qərarları › İş №2(006)-5019/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5019/2020

23.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5019/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx ASC-nin tərtib etdiyi aktın ləğv edilməsi və həmin akt əsasında onun üzərinə qoyulmuş 413 manat pul borcunun silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yaşayır. Həmin yaşadığı kənddə ona məxsus olan obyektin sayğacında problemler olduğu üçün yəni plombun olmadığı üçün dəfələrlə “xxxx” ASC Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişdir. Təxminən bir ilə yaxındır. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar sınıq sayğacı dəyişmək üçün, hətta onların ərazisinin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. Nəzarətçiyə hər ay sayğacda olan borcu ödəmişdir. Evində olan avadanlıqlar aya iyirmi manatdan artıq yaza bilməz. Bunu “xxxx” ASC Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri də bilir. Bu günə qədər onun nə borcu varsa hamısını nə deyiblər ödəmişdir. Qəbzləri də var. Sonradan 2012-ci il tarixdə onun obyekti olan ünvana, yəni Xaçmaz rayonu, Qaracik zeyid kəndində yerləşən obyektinə cavabdehin nümayəndələri gələrək ona demişlər ki, onun şikayətini nəzərə alaraq sayğacı dəyişməyə gəlmişlər. Hətta akt da yazılmış, elektron tipli sayğacla əvəz edilməsi barədə akt tərtib etmişlər və bunun əsasənda guya onun “xxxx” ASC-yə 413 manat borcu var. Halbuki onun borcu yoxdur, onun obyektinə baxış keçirilsə, evində olan məişət avadanlıqlarını hamısını bir dəfədə dayanmadan yandıranda göstərilən məbləği iyirmi il müddətinə istifadə etmək olar. Həmçinin yeni sayğacın qoyulması ilə bağlı akt tərtib olunsa da hələ də onun obyektində yeni sayğacı yoxdur. O. bu borcla bağlı Xaçmaz elektrik şəbəkəsinə və Sumqayıt regional elektrik şəbəkəsinə müraciət etsə də, hələ də heç bir məlumat verilməmişdir. Bununla əlaqədar gəlib sayğacına blomb qoymuşlar, lakin yazılmış borcun silinəcəyini desələr də, silinməmişdir. Elə yoldan baxaraq araşdırma olmadan obyektim üzərində olan elektrik məftillərini görüb onlara demədən sayğacdan kənar elektrik xətlərinin onun evinə girməsi barədə akt tərtib etmişlər. Lakin həmin elektrik şunurları göydən asılı vəziyyətdə görünən yarasız şunurlar olmuşdur. O, hər ay nəzarətçinin dediyi borcu vaxtlı-vaxtında ödəmişdir. Onun qanunsuz olaraq elektrik cərəyanından istifadə etməyi barədə heç bir əsas əldə olunmamışdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi iki, iddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə akt tərtib olunmuşdur. Qüsur aşkar olunmuşdur. Akta əsasən borc hesablanmışdır. Tələb əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 000997 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacda qüsur aşkar edilmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli bildiriş xəbərdarlığından görünür ki, X3 “xxxx” ASC-yə **********0 saylı abunə kodu üzrə 419,56 manat borcu vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya ona məxsus ünvanda quraşdırılmış sayğacda qüsur aşkar edilməsi səbəbilə 419,56 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh sayğacdakı qüsurun yaranma əsasları və bunun iddiaçının təqsiri üzündən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qismən təmin edilməli, 413 manat borc İddiaçı **********20 nömrəli abunə hesabından silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 413 (dörd yüz on üç) manat borc İddiaçı **********20 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar