Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-502/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh LPO "xxxx" KB QSC-nin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" QSC tərəfindən 06.06.2010-cu il tarixli kreditə görə ümumilikdə 28.534.70 ABŞ dolları məbləğində borc öhdəliyinə xitam verilməsi, bununla bağlı "xxxx"nda olan məlumatın silinməsi öhdəliyinin cavabdeh LPO Bank Standard QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və məhkəməyə iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilən 235.50 manat dövlət rüsümunun və 200 manat məbləğində hüquqi yardımın göstərilməsinə dair xərcin cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx"ndan kredit tarixçəsinə dair arayış əldə etmək üçün müraciət etdiyi zaman, onun adına 06.06.2010-cu ildə 2.000 ABŞ dolları məbləğində guya "xxxx" QSC tərəfindən kreditin verilməsi və cəmi bir gün sonra, 07.06.2010-cu ildə də müqavilə müddətinin bitməsi, həmin kreditə görə isə 28.534.70 ABŞ dolları faiz borcunun olmasına dair qeydin olması ona məlum olmuşdur. İddiaçı belə bir kredit müqaviləsini imzalamadığını və belə bir kreditdən xəbəri olmadığını, bu məlumatın sadəcə texniki xəta olduğunu və məsələnin araşdırılaraq texniki səhvin aradan qaldırılmasına dair cavabdehə 30.03.2021-ci il tarixində yazılı müraciət ünvanlamışdır. Cavabdehin 13 aprel 2021-ci il tarixində 2m200801014 saylı cavab məktubunda onun guya 100/00/2378/10 saylı kredit müqaviləsinə əsasən 2.000 ABŞ dolları məbləğində kredit götürdüyü və bu səbəbdən də hal-hazırda 28.534.78 ABŞ dolları məbləğində borcunun olduğu bildirilmişdir. Bundan sonra, 17 may 2021-ci il tarixində iddiaçı təkrar müraciət edərək belə bir müqavilədən və borcdan xəbəri olmadığını, borc məbləğinə və müqavilənin müddətinə dair çıxarışdakı məlumatlardan da bunun sadəcə texniki xəta olduğunun açıq-aşkar göründüyünü bildirərək, əgər belə bir müqavilə varsa həmin müqavilənin bir nüsxəsinin ona təqdim edilməsini, əks halda yanlışlığın aradan qaldırılmasını və heç bir borcun olmamasına dair Azərbaycan Kredit Bürosuna və iddiaçıya müvafiq məlumatın təqdim edilməsinə dair yeni müraciət ünvanlanmış, lakin cavabdeh tərəfindən yenə eyni məzmunlu cavab məktubu verilmişdir. O, ümumiyyətlə "xxxx" QSC-dən 2 000 ABŞ dolları məbləğində kredit götürməmiş və belə bir müqaviləyə imza atmamışdır. AKB-də olan məlumatın sadəcə texniki səhvdən qaynaqlandığını bilmək üçün müqavilənin müddətinə baxmaq kifayət edir. Belə ki, guya müqavilə 06.06.2010-cu ildə imzalanmış və cəmi bir gün müddətində qüvvədə qalmış və 07.06.2010-cu il tarixində müddəti bitmişdir. Sadəcə 1 gün müddətində qüvvədə olmuş müqavilə və cəmi 2.000 ABŞ dolları məbləğində olan borc daha sonra 28.534.70 ABŞ dolları olaraq AKB-yə işlənmişdir. Nəzərə alınsa ki, müqavlənin 06.06.2010-cı il tarixində imzalandığı iddia olunur, belə olan halda necə olur ki, 11 il ərzində bir dəfə də olsun, o, borcunun olmasına dair məlumatlandırılmamış, ona borcun ödənilmədiyinə dair bildiriş təqdim olunmamış, bununla bağlı məhkəmədə iddia qaldırılmamışdır. Həmçinin iddiaçı, onun adına belə bir müqavilənin olmasını bildikdən sonra, əgər belə bir müqavilə varsa bir nüsxəsinin ona təqdim edilməsini cavabdehdən xahiş etsə də, cavabdeh həmin müqaviləni ona təqdim edə bilməmişdir. Hal-hazırda onun kredit tarixçəsi cavabdehin məsuliyyətsizliyi və qanunsuz hərəkətsizliyi nəticəsində korlanmışdır, o, öz maliyyə vəziyyətinin idarə ediməsi, maliyyə investisiyaları üçün heç bir bankın kredit xidmətlərindən istifadə edə bilməməkdədir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO QSC "xxxx" KB ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun LPO "xxxx" KB QSC-yə 06.06.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" KB QSC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" KB QSC-nin nümayəndəsi X1 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. "xxxx" MMC-dən 10.09.2021-ci il tarixli Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.2ci bəndindən görünür ki, İddiaçı "xxxx" KB QSC-yə 06.06.2010-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış faiz borcu 28.534,78 ABŞ dolları təşkil edir. Kreditin verilmə tarixi - 06.06.2010-cu il, kreditin bitmə tarixi – 07.06.2010-cu ildir. LPO QSC "xxxx" KB-nin İddiaçı ünvanlanmış 04.06.2021-ci il tarixli məktubdan görünür ki, QSC "xxxx" KB ilə onun arasında bağlanmış 06.06.2010-cu il tarixli 10/002378/10 saylı kredit müqaviləsinə əsasən ona bankdan 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirilmişdir ki, 31.05.2021-ci il tarixinə 06.06.2010-cu il tarixli 10/002378/10 saylı kredit müqaviləsi üzrə LPO QSC "xxxx" KB qarşısında 28.534,78 ABŞ dolları məbləğində faiz borc öhdəliyi mövcuddur. LPO QSC "xxxx" KB-nin İddiaçı ünvanlanmış 16.06.2021-ci il tarixli məktubdan görünür ki, QSC "xxxx" KB ilə onun arasında bağlanmış 06.06.2010-cu il tarixli 10/002378/10 saylı kredit müqaviləsinə əsasən ona bankdan 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 19.01.2022-ci il tarixli məhkəmə soruğusuna cavab məktubundan görünür ki, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanılmış 18.04.2002-ci tarixli kredit müqaviləsinə əsasən İddiaçı bankdan 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müştəriyə aid nüsxələri sənədləşdirmə zamanı İddiaçı təqdim edilmişdir Beləliklə, iş materiallarında olan "xxxx" MMC tərəfindən iddiaçının adına tərtib edilmiş 10.09.2021-ci il tarixli çıxarışa əsasən onun 6 iyun 2010-cu il tarixdə "xxxx" KB QSC-dən götürdüyü kredit borcunu bu günə kimi qaytarmaması, müqavilə üzrə kreditin faiz məbləğinin 28.534,78 manat məbləğində olması, bir gün müddətinə bağlanmış müqavilə üzrə 3.855 gün gecikmənin mövcud olması müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan tarixdə kredit verilməsi ilə bağlı nəinki "xxxx" KB QSC-yə, ümumiyyətlə heç bir banka müraciət etmədiyini və kredit götürmədiyini bildirərək, onun "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş 28.534,78 manat borcunun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılmasının LPO "xxxx" KB QSC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu maddənin məzmunundan göründüyü kimi borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi, təşkil edir. İş materiallarından müəyyən edildiyi kimi cavabdeh tərəfindən 06.06.2010-cu il tarixdə "xxxx" KB QSC ilə iddiaçı arasında kredit müqaviləsinin bağlandığını, həmin kredit müqaviləsi üzrə pulun verildiyini təsdiq edən hər hansı sübut (kreditin götürülməsi ilə bağlı müraciət, kredit müqaviləsi, kassa məxaric orderi və sair) məhkəmənin təklif etməsinə baxmayaraq təqdim edilməmişir. Beləliklə 06.06.2010-cu il tarixli kredit müqaviləsinin mövcud olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı və bununla da iddiaçının mübahisəli müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydin əsassız olduğu nəticəsinə gəlməklə hesab edir ki, həmin məlumat silinməlidir. Belə ki, LPO "xxxx" KB QSC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə onun hüquqlarını pozmuşdur. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, LPO "xxxx" KB QSC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı 06.06.2010-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı "xxxx" MMC-yə verməli, bununla da həqiqətə uyğun olmayan məlumatlarının silinməsini təmin etməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" KB QSC-yə 06.06.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" KB QSC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-502/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-502/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver