Məhkəmə qərarları › İş №2(006)-5038/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5038/2021

12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5038/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASCnin Sənaye filialı arasında bağlanmış 21.01.2014-cü il tarixli 01402 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı ilə onun arasında 21.01.2014-cü il tarixdə 01402 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 12.950 ABŞ dolları məbləğində kredit verilmişdir. 2014-cü ilin noyabr ayına qədər kredit öhdəliklərini yerinə yetirsə də, 2014-cü ilin noyabr ayından başlayaraq kredit öhdəliklərini yerinə yetirə bilməmişdir. Bununla bağlı, 2019-cu ilin noyabr ayında cavabdeh təşkilat Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ondan 11.171 ABŞ dolları əsas borc, 11.223 ABŞ dolları 64 sent faiz olmaqla, ümumilikdə 22.394 ABŞ dolları 64 sent kredit borcunun tutulmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 23.01.2020-ci il tarixli 2(060)-452/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verdikdən sonra işdə olan materiallarla tanış olarkən məlum olmuşdur ki, kredit müqaviləsini cavabdeh təşkilat imzalamamış və onu möhürlə təsdiq etməmişdir. Bu baxımdan kredit müqaviləsinin etibarsızlığı ilə bağlı cavabdehin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kredit müqaviləsinin əsli cavabdeh təşkilatda olduğundan apellyasiya şikayətində olan kredit müqaviləsinin surətini iddia ərizəsinə əlavə etmişdir. Hesab edir ki, məhkəmə qaydasında kredit müqaviləsi cavabdeh təşkilatdan alınmalı və iş materiallarına əlavə olunmalıdır. Öncəki, 05 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olan iddiaçı, həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdehin nümayəndəsi X1 qızı mülki işə iddiaçının və sonuncunun nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə cavabdehin nümayəndəsinin tələbini nəzərə alaraq, mülki işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X1 qızı məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı 21.01.2014-cü il tarixdə 36 aylıq müddətə kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən 12.950 ABŞ dolları məbləğində vəsaiti kassadan şəxsən məxaric etmişdir. Qeyd edilən məxaric orderinin əsli 2(060)-452/2020 saylı iş üzrə sübut qismində əlavə edilmişdir. Yəni, cavabdeh 21.01.2014-cü il tarixli müqavilədən ən azı 7 il öncə xəbərdar olmuşdur. Hazırkı işdə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi 29.06.2021-ci il tarixdə imzalanmışdır. Beləliklə, iddiaçı kredit müqaviləsinin etibarsızlığı barədə müqavilə imzalandığı tarixdən (və yaxud məbləğ məxaric edildiyi tarixdən) 21.01.2014-cü il tarixdən 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş və bununla da, 1 illik iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçı 2(060)- 452/2020 saylı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətində də bildirmişdir ki, o, faktiki olaraq, 2014-cü ilin yanvar ayından 5 ay müddətinə öz öhdəliyini icra etsə də, bu tarixdən sonra öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu hal bir daha sübut edir ki, tərəf müqavilənin etibarsızlığı ilə bağlı tələb hüququnu itirmişdir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(060)-452/2020 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 11.171 ABŞ dolları əsas borc və 11.223 ABŞ dolları 64 sent faiz olmaqla, cəmi 22.394 ABŞ dolları 64 sent kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilmiş, cavabdeh İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə 5263,92 (beş min iki yüz altmış üç ABŞ dolları 92 sent) ABŞ dolları faiz (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübasiə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsız hesab edilməsi üçün hallar nəzərdə tutulmuşdur: hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq və s. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı mübahisələndirdiyi kredit müqaviləsini şərtləri ilə tanış olaraq imzalamışdır, kassa məxaric orderinə əsasən kredit müqaviləsi üzrə ayrılmış kredit məbləğini şəxsən məxaric etmiş (götürmüş), həmin məbləğdən təyinatı üzrə istifadə etmiş, borcu vaxtında və tam şəkildə ödəməmiş, qeyd olunan kredit müqaviləsi üzrə mübahisəyə məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. İşin yuxarıda qeyd edilən halları aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən, aidiyyəti qanun normalarına ciddi şəkildə riayət olunmuş, iddiaçının hər hansı hüququ pozulmamışdır. Cavabdeh tərəf qeyd olunan kredit müqaviləsini, həmin müqavilənin şərtlərini bəyənməklə, üzərinə düşən öhdəliyi yerinə yetirərək, iddiaçıya kredit məbləği vermiş, iddiaçı isə həmin kredit məbləğini heç bir etiraz bildirmədən götürmüşdür. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil. Cavabdeh tərəf müqaviləni imzalamamaqla iddiaçının hər hansı hüququnu pozmamışdır, iddiaçı qarşısında müqavilə öhdəliklərini icra etmişdir. Bu səbəbdən, iddia əsassızdır və rədd edilməlidir. Bundan əlavə, mübahisələndirilən borc müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar