Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5046/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı (X5 maraqlı şəxs qismində qeyd edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 maraqlı şəxs qismində qeyd edərək, cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.448 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1935-ci il təvəllüdlüdür, təqaüdçüdür, 1984-cü ildən etibarən əmək veteranıdır. İlk əmək fəaliyyətini Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayaraq 1990-cı il tarixdə təqaüdə çıxmışdır. Əmək fəaliyyəti və təqaüddə olduğu zaman sağlamlığı cavabdeh olan "xxxx" ASC-də sığortalanmışdır. Bildiyi qədərilə "xxxx" ASC ilə X5 arasında müqavilə bağlanmışdır ki, sağlamlığı ilə bağlı problemi olduğu hallarda X4 müraciət edirdi. Cavabdehlə bağlanmış tibbi sığorta müqaviləsinə əsasən o, X1 müraciəti əsasında sığorta olunduğundan, müalicə xərci yarandığı zaman tərəfindən 10 % ödənilməklə müalicə olunmaq hüququ vardı. 2020ci ilin aprel ayında qəflətən baş vermiş kəskin ürək ağrıları ilə əlaqədar X4 şifahi olaraq müraciət etsə də, bildirilmişdir ki, xəstəxana Respublikada yayılmış COVİD-19 xəstəliyi ilə bağlı olaraq koronavirus xəstələrinə xidmət edir, ona görə də, onu qəbul edə bilməyəcəklər. Xüsusi karantin rejimi ilə əlaqədar Respublikada bir sıra məhdudiyyətlər tətbiq edilmişdir, onlardan biri də yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxmasının qadağan edilməsi idi. Bu kimi qadağa ona da şamil olunduğundan, onun faktiki olaraq X4 şəxsən müraciəti faktiki olaraq qeyri-mümkün idi. Ürəyində yaranmış problem isə anbaan ağırlaşırdı. Bu səbəbdən, o, məcbur olub 15.05.2020-ci il tarixdə Bakı şəhərində yerləşən «Mərkəzi Klinika»ya müraciət etmişdir. Mərkəzi Klinikaya müraciəti əsasında onu klinikaya yerləşdirmişlər və kardioloq müayinəsi zamanı onun infarkt keçirdiyini və ürəyində 98 % damar tutulması aşkar olunduğunu bildirmişlər. Təcili ürək əməliyyatı keçirməsi məsləhət olunmuşdur. Bu əməliyyatın keçirilməsi üçün müəyyən miqdarda vəsait tələb olunurdu, çətin olsa da nəticədə o, müalicə və müayinə üçün Mərkəzi Klinikaya 4.866 manat pul xərcləməli olmuşdur. Ürəyinə stend qoyulmuş və müalicə yazılmışdır. 18.05.2020-ci il tarixdə evə buraxılmışdır. Qeyd edilən məbləği isə dost-tanışdan borc almışdır, özü pensiya hesabına dolanan insandır. Cavabdehə etdiyi müraciətlər cavabsız qalmışdır, ancaq bir müddət sonra cavabdeh ona 1.418 manat pulu maddi yardım kimi ödəmişdir, bunu isə cavabdeh ASC elə qiymətləndirmişdir ki, onun müalicəsini və müayinəsini (bütün prosedurlar içində olmaqla) baha etmişlər, bütün göstərilən xidmətlərin dəyəri guya 1.418 manat təşkil edir ki, onlar da həmin vəsaiti maddi yardım olaraq ona ödəmişlər. Halbuki onun 4.866 manat xərci çıxmışdır ki, X5 onu qəbul etsə idi, onun bu xərci çıxmayacaqdı. Ürəyində yaranan problemlə bağlı olaraq o, karantin müddətinin bitməsini gözləyə bilmirdi. Çünki, həyati təhlükəsi vardı, həmçinin pandemiya ilə bağlı olaraq heç bir yerə müraciət edə bilmirdi. İddiaçı və maraqlı şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdehin nümayəndəsi X7 mülki işə iddiaçının və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını tələb etdi. Məhkəmə cavabdehin nümayəndəsinin tələbini nəzərə alaraq, mülki işə iddiaçının və Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı 15.05.2020-ci il tarixdə Sığorta şirkətinə məlumat vermədən, sığorta müqaviləsi üzrə nəzərdə tutulmayan tibb müəssisəsinə müraciət etmiş və müalicə almışdır. Daha sonra "xxxx" ASC-yə müraciət edərək, müalicəsi üçün çəkdiyi xərci geri tələb etmişdir. "xxxx" ASC tərəfindən siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti hesablanaraq iddiaçıya ödənilmişdir. Hal-hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, çəkdiyi xərcin tam olaraq ödənilməsini tələb edir. İddianı tamamilə əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisi və "xxxx" ASC arasında imzalanmış 01.10.2013-cü il tarixli MED-0067/13 saylı Könüllü Tibbi Sığorta Müqaviləsinin 9.3-cü bəndinə əsasən əgər sığorta olunan şəxs Bölmə-14-də göstərilməyən tibb müəssisələrinə müraciət etmək istəyərsə, o, mütləq özünün şəhadətnaməsində qeyd olunan telefonlar vasitəsi ilə sığortaçının nümayəndəsi ilə əlaqə saxlamalı və müvafiq razılıq almalıdır. Əks təqdirdə, sığortaçı bu müraciətlə bağlı sığorta ödənişinin yerinə yetirilməsindən imtina edir. Həmin bəndə əsasən iddiaçının qeyripodratçı tibb müəssisəsində müalicəsi sığortaçı ilə öncədən razılaşdırılmadığı üçün "xxxx" ASC-nin sözügedən müraciətlə bağlı öhdəliyi yarana bilməz. Buna baxmayaraq, "xxxx" ASC müştəri məmnuniyyətini nəzərə alaraq, sığorta olunan İddiaçı tibbi sığorta müqaviləsində göstərilməyən tibb müəssisəsinə müraciətini sığortaçı ilə əvvəlcədən razılaşdırılmış kimi qiymətləndirməklə, müvafiq sığorta ödənişinin edilməsinə qərar vermişdir. Sığorta ödənişinin məbləği, «Könüllü tibbi sığorta Qaydaları»nın 19.4-cü bəndinə əsasən sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin olunmuşdur. Həmçinin, bildirir ki, yaranmış pandemiya ilə əlaqədar X2 koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılması səbəbindən SOCAR-ın tərkibində olan İdarələrdən təqaüdə çıxmış əməkdaşlar pandemiya ərzində sığorta şirkətinə müraciət edərək, sığorta proqramı çərçivəsində tibbi xidmətlərdən yararlanmaqdadırlar. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – cavabdehin iddiaçı qarşısında sığorta müqaviləsi üzrə icra edilməli olan öhdəliyinin olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisi və "xxxx" ASC arasında imzalanmış 01.10.2013-cü il tarixli MED-0067/13 saylı Könüllü Tibbi Sığorta Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən əgər sığorta olunan şəxs Bölmə-14-də göstərilməyən tibb müəssisələrinə müraciət etmək istəyərsə, o, mütləq özünün şəhadətnaməsində qeyd olunan telefonlar vasitəsi ilə sığortaçının nümayəndəsi ilə əlaqə saxlamalı və müvafiq razılıq almalıdır. Əks təqdirdə, sığortaçı bu müraciətlə bağlı sığorta ödənişinin yerinə yetirilməsindən imtina edir. İddiaçı 15.05.2020-ci il tarixdə Sığorta şirkətinə məlumat vermədən, sığorta müqaviləsi üzrə nəzərdə tutulmayan tibb müəssisəsinə müraciət etmiş və müalicə almışdır. Sonradan, iddiaçı "xxxx" ASC-yə müraciət edərək, müalicəsi üçün çəkdiyi xərci geri tələb etmişdir. İddiaçının qeyri-podratçı tibb müəssisəsində müalicəsi sığortaçı ilə öncədən razılaşdırılmadığı üçün "xxxx" ASC-nin sözügedən müraciətlə bağlı heç bir öhdəliyinin yaranmamasına rəğmən, "xxxx" ASC müştəri məmnuniyyətini nəzərə alaraq, sığorta olunan İddiaçı tibbi sığorta müqaviləsində göstərilməyən tibb müəssisəsinə müraciətini sığortaçı ilə əvvəlcədən razılaşdırılmış kimi qiymətləndirməklə, müvafiq sığorta ödənişinin edilməsinə qərar vermişdir. Sığorta ödənişinin məbləği, «Könüllü tibbi sığorta Qaydaları»nın 19.4-cü bəndinə əsasən sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin olunmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında icra edilməmiş, yaxud icra edilməli olan hər hansı öhdəliyi yoxdur. Bundan başqa, işin faktiki hallarından görünür ki, yaranmış pandemiya ilə əlaqədar X2 koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılması səbəbindən SOCAR-ın tərkibində olan İdarələrdən təqaüdə çıxmış əməkdaşların vəziyyəti nəzərə alınaraq, pandemiya ərzində sığorta şirkətinə öncədən müraciət edərək, sığorta proqramı çərçivəsində tibbi xidmətlərdən yararlanırlar. İddiaçı vaxtında sığorta şirkətinə müraciət edərək, sığorta müqaviləsində qeyd olunan tibb müəssisəsində müalicə və müayinə oluna bilərdi. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı (X5 maraqlı şəxs qismində qeyd edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (X5 maraqlı şəxs qismində qeyd edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5046/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5046/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver