Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5075/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tələb edilən 999.48 (doqquz yüz doxsan doqquz manat qırx səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 61 saylı bağ evi İddiaçı 2011-ci ildən sahibliyində, 2014-cü ildən isə xüsusi mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışı ilə təsbit edilib. Qeyd edilən tarixdən öncə göstərilən ünvanda hər hansı fiziki şəxs olmamış və müvafiq kommunal xidmətlər ümumiyyətlə göstərilməyib. Lakin bir müddət öncə "xxxx" ASC tərəfindən İddiaçı adına elektrik enerjisindən istifadəyə dair 999.48 AZN dəyərində və 2001-2002-ci illərə aid borcun olması barədə qəbz təqdim edilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 61 saylı bağ evində elektrik enerjisindən istifadəyə görə 2011ci ildən hazırki vaxtadək sayğac üzrə ödənişlər vaxtlı-vaxtında iddiaçı tərəfindən ödənilmişdir. 2014-cü ildən qeyd edilən evə mülkiyyət hüququ əldə edəndən sonra elektrik enerji xətləri və dirəkləri çəkilmiş, bu tarixədək isə ünvan üzrə kommunal xidmətlər ümumiyyətlə göstərilməmişdir. İddiaçı tərəfindən məsələ ilə bağlı "xxxx" ASC-yə ünvanlanmış şikayətlərdən isə heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıdan 999.48 AZN pul tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus ünvanda 2011-ci ildən əvvəl yaşayış və kommunal xidmətlərdən istifadə olmamışdır. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, borcun ödənilməsinin iddiaçının öhdəliyi olduğunu, borcun 2005-2011-ci illər üzrə hesablandığını, iddiaçı evi adına keçirərkən dondurulmuş borcun ödənilməli olduğunu, lakin ödənilmədiyini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya: RX, № 0483660) Çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 61 saylı bağ evi (reyestr nömrəsi: **********77-11301) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2014cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Abunə haqqında sənəddən görünür ki, Xəzər, Dübəndi mövsümi bağları ünvanı üzrə **********10042 nömrəli abunə koduna 2005-2011-ci illər üzrə orta sərfiyyata əsasən borc hesablanmışdır. Abunə kodunun 999.48 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vahid elektron kadastr bazasına əsasən qeyd olunan torpaq sahəsi Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Dübəndi bağ massivində yerləşir. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-İVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-İVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-İVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Beləliklə, tərəflərin izahatları və mülki işin materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 61 saylı bağ evinin mülkiyyətçisidir. Ev üzrə abunə kodunun nömrəsi **********10042-dir. Tərəflər bu evin abunə haqqında sənəddə və abonentin hərəkət cədvəlində göstərilən ev olmasını, həmçinin, həmin sənədlərdə evin əvvəlki sahibi X1 adı qalmasına baxmayaraq, abunə kodunun məhz İddiaçı mülkiyyətində olan bağ evinə aid olmasını mübahisələndirmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dübəndi əvvəllər Xəzər rayonunun ərazisində olmuş, sonradan Pirallahı rayonunun ərazisinə aid edilmişdir. Cavabdeh tərəf bildirir ki, evə məxsus abunə koduna 2005-2011-ci illər üzrə sayğacsız istifadəyə görə - orta sərfiyyat əsasında aktlar üzrə 999.48 manat məbləğində borc hesablanmışdır. İddiaçının 2011-ci ildə evi alması və 2014-cü ildən evlə bağlı mülkiyyət hüququna dair çıxarış əldə etməsi həmin borcun iddiaçının istifadəsi dövründə yaranmadığını, borcun iddiaçıya aid olmadığını deməyə əsas verir. Belə ki, ev iddiaçı tərəfindən alındıqdan sonra sayğac quraşdırılmış və sayğac üzrə hesablanmış hər bir borc onun tərəfindən vaxtaşırı ödənilmişdir. Hazırda iddiaçı həmin borcun silinməsini, cavabdeh tərəf isə ünvanda 2005-2011-ci illər üzrə işıqdan sayğacsız istifadə olunduğundan yazılmış borcun əsaslı olduğunu bildirərək, borcun silinməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 61 saylı bağ evinə 2011-ci ildən sahiblik etməsini, 2014-cü ildən isə evin iddiaçının xüsusi mülkiyyətində olmasını və hesablanan 999.48 manat borcun 2005-2011-ci illər üzrə təşkil etməsini nəzərə alıb hesab edir ki, həmin borc əsassız hesab olunaraq silinməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, 2005-ci ildən 2011-cu ilədək iddiaçıya məxsus ünvanda sayğac olmadığından cavabdeh tərəfindən hazırda təqdim edilə bilməyən aktlar əsasında iddiaçının evdə yaşamadığı dövr ərzində ona borc yazılmışdır. İddiaçı borcun ona məxsus olmadığını, əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına və dair sübutlarını məhkəməyə təqdim etmir, eyni zamanda bildirir ki, borcun iddiaçıya məxsus olub-olmamasına əmin deyillər. Bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, cavabdehin borcun əsaslı yazılmasına və həqiqətən də, iddiaçıya məxsus olmasına dair sübutları yoxdur və borcun iddiaçıya məxsus olmasından əmin deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus abunə koduna yazılmış 999.48 manat borcun əsassız olduğunu mübahisələndirmiş, məhkəmə tərəfindən toplanmış sübutlar əsasında iddiaçıya məxsus abunə kodu üzrə onun cavabdehə borcunun olduğu müəyyən edilmiş, cavabdeh qeyd olunan borc məbləğinin 2005-2011-ci illər üzrə sayğac quraşdırılmazdan əvvəl ünvanda edilmiş sərfiyyata görə aktlar üzrə yazıldığını bildirsə də, onun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus **********10042 nömrəli abunə koduna "xxxx" ASC tərəfindən əsassız yazılmış 999.48 (doqquz yüz doxsan doqquz manat qırx səkkiz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış sübutlara tərəflərin izahatları ilə birgə məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən əsassız yazılmış 999.48 (doqquz yüz doxsan doqquz manat qırx səkkiz) manat məbləğində borc **********10042 nömrəli abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 999.48 (doqquz yüz doxsan doqquz manat qırx səkkiz) manat məbləğində borc **********10042 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5075/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5075/2023
28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver