Məhkəmə qərarları › İş №2(006)-5081/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5081/2025

18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5081/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mənzilində istifadə olunan elektrik sayğacında əvvəlki məcburi köçkün ailəyə aid olan, onların dövlət tərəfindən ayrılmış elektrik enerjisi limitini keçməsi nəticəsində yaranmış 437,88 manat borcun iddiaçının adına şamil edilmədiyinin, sadəcə texniki olaraq sayğacda qaldığının təsdiq edilməsi və bu borcun silinməsi barədə qərara çıxarılması, borcun iddiaçının sayğac göstəricilərindən silinməsi və yalnız real istehlakı üzrə hesablamaların aparılması barədə cavabdehə göstəriş verilməsini xahiş etmişdir (iddia ərizəsinin cavabdeh hissəsinə sonradan texniki düzəliş edilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 82 ünvanında yerləşən mənzilin hüquqi sahibidir. Qeyd olunan mənzildə uzun müddət dövlət qərarı əsasında məcburi köçkün ailəsi məskunlaşdırılmışdır. Həmin ailə xx.xx.2024-cü ildə müvafiq dövlət orqanları tərəfindən başqa ünvana köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin mənzildə istifadə olunan elektrik sayğacında 437,88 (dörd yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc qeydə alınıb. Bu borc məskunlaşmış məcburi köçkün ailənin dövlət tərəfindən onlara ayrılmış elektrik enerjisi limitini keçməsi nəticəsində yaranmışdır. Yəni borc məhz həmin ailənin artıq sərfiyyatından irəli gəlmiş və onlara aid olmuşdur. İddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarı ilə sayğacın onun adına keçirilməsi barədə iddiası təmin edilmişdir. Lakin "xxxx" ASC tərəfindən sayğac dəyişdirilsə də, əvvəlki məcburi köçkün ailəyə aid olan borc texniki olaraq iddiaçının sayğac göstəricilərində qalmaqdadır. Bu isə sayğacda əks olunmaqla iddiaçının mülkiyyət hüquqlarını pozur və mənzildən sərbəst istifadəsini məhdudlaşdırır. Mənzilin hüquqi sahibi olaraq o, bu borcun yaranmasında iştirak etməmiş, elektrik enerjisini istifadə edən şəxs köçürülmüş məcburi köçkün ailə olmuş, borc onların dövlət tərəfindən ayrılmış limitdən artıq istifadəsinə görə yaranmışdır və iddiaçıya şamil edilə bilməz. Yasamal Rayon Məhkəməsinin qərarı ilə cavabdeh tərəfindən icra edilməli olduğu halda, borcun sayğac göstəricilərindən silinməsi təmin edilmir. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqlarına xələl gəlir.

3. İddiaçı tələbin dəqiqləşdirilməsinə (azaldılmasına) dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mənzilində istifadə olunan elektrik sayğacında əvvəllər yaşamış məcburi köçkün ailəsinə aid olan 437,88 manat borcun iddiaçının adına olan abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildən İddiaçı adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

8. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1095-1998 nömrəli, xx.xx.1998-ci il tarixli icra sənədinə əsasən X2 digər ailə üzvləri ilə birlikdə (başqa yaşayış sahəsi verilmədən) Bakı şəhəri, 2ci Yeni Yasamal, 10 nömrəli evin, sahəsi 42,62 kv.m. olan üç otaqlı 82 nömrəli mənzildən çıxarılmalıdır. “Böyük qayıdış” dövlət proqramının icrası ilə bağlı sözügedən mənzildə məskunlaşan məcburi köçkünlər Şuşa şəhərində mənzil ilə təmin olunmaları səbəbi ilə məskunlaşdığı mənzili boşaldaraq iş üzrə tələbkara təhvil vermişlər. Bu barədə xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. Eyni zamanda, iş üzrə tələbkar İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, sözügedən icra sənədinə xitam verilməsi qərara alınmışdır (sözügedən icra vərəqəsi, akt və ərizə iş materiallarına əlavə edilmişdir).

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, işin mübahisəsiz halıdır ki, cavabdehin etirazında qeyd etdiyi borc məbləği – 437,88 manat məcburi köçkünə aiddir. İddiaçıya aid olmayan borc məbləğinin mövcudluğu səbəbindən cavabdehin abonent kodunun iddiaçının adına keçirməməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, göründüyü kimi, iddiaçı mənzilin mülkiyyətçisidir və borc məbləği hesablanmış enerjidən iddiaçı istifadə etməmişdir. Bu səbəbdən iddianın təmin edilməsi, Raman Mahmudovun adına olan ünvan 2 ünvanı üzrə **********00082 saylı abonent kodunun İddiaçı adına düzəliş edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.

10. Abunə haqqında sənəddən görünür ki, **********00082 saylı abonent kodunda 437,88 manat məbləğində borc vardır.

11. İş materiallarına, həmçinin, abonentin hərəkət cədvəli də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır.

13. İş materiallarından müəyyən edilir ki, X1 digər ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli icra sənədi “Böyük qayıdış” dövlət proqramının icrası ilə bağlı məcburi köçkünlərin Şuşa şəhərində mənzil ilə təmin olunmaları səbəbi ilə məhz xx.xx.2024-cü il tarixdə icra olunmuş və həmin icra sənədinin icraatına xx.xx.2024-cü il tarixli qərarla xitam verilmişdir. Bu fakt ona dəlalət edir ki, təxminən 1998ci ildən (və ya daha əvvəlki tarixdən) xx.xx.2024-cü il tarixədək həmin mənzil faktiki olaraq adıçəkilən məcburi köçkünlərin istifadəsində olmuş, mənzillə bağlı kommunal xidmətlər də məhz onlar tərəfindən istehlak olunmuşdur. Elə bu səbəbdəndir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində iddiaçıya məxsus mənzildə işıqdan istifadəyə görə yaranmış 437,88 manat məbləğində borcun məcburi köçkünə aid olması, həmin borcla bağlı olan enerjinin iddiaçı tərəfindən istifadə edilməməsi mübahisəsiz olaraq müəyyən edilmişdir. Həmin qətnamə ilə mənzilə verilmiş **********00082 saylı abonent kodunun iddiaçının adına düzəliş edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Hazırkı işin materiallarında olan abonentin hərəkət cədvəli adlı sənəddən qətnamənin icra olunaraq, abonent kodunun iddiaçının adına keçirilməsi müəyyən edilmişdir.

14. Hazırda iddiaçı qeyd olunan hallara əsasən həmin borcun öz adına olan abunə kodundan silinməsini xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə tam haqlıdır.

16. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələbində göstərdiyi borc məbləğinin onun mülkiyyətində olan mənzildən özünün deyil, məcburi köçkünlərin istifadə etdiyi vaxtda yaranması iş materialları ilə tam və mübahisəsiz olaraq öz təsdiqini tapdığından, onun özünə aid olmayan borc məbləğinin öz adına olan abonent kodundan silinməsini tələb etməsi əsaslıdır. Çünki məhkəmənin qənaətinə görə, həmin borc məbləğinin iddiaçının adına olan abonent kodunda qalması onun hüquqlarının pozulmasına səbəb olur.

17. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən yazılmış 437,88 manat məbləğində borc **********00082 nömrəli abunə hesabından silinməlidir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24, İİ-İİİ hissə. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 33, l hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71, Vİİ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: - öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

24. Məhkəmə yuxarıda istinad edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən yazılmış 437,88 (dörd yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc **********00082 nömrəli abunə hesabından silinməlidir.

25. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasından asılı olmayaraq məhkəmə qətnamə çıxaran zaman xərclər məsələsinə də münasibət bildirir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

26. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. "xxxx" ASC tərəfindən yazılmış 437,88 (dörd yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc **********00082 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar