Məhkəmə qərarları › İş №2(006)-509/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-509/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-509/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MTK-ya qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə xx.xx.2014-cü il tarixli müqavilə bağlayaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, mənzil 200, otaqların sayı 3, mənzilin ümumi sahəsi 134 kv.m olan, 1 m2 dəyəri 1000 (bir min) manatdan olmaqla ümumilikdə 134000 (bir yüz otuz dörd min) manat dəyərində almışdır. Müvafiq mənzilə xx.xx.2021-ci il tarixdə çıxarış alarkən həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan formada olmadığı müəyyən edilmişdir. Belə ki, alınan çıxarışda qeyd edilən mənzilin ümumi sahəsi 121,40 kv.m -dir. Bundan əlavə, müvafiq mənzil üçün 2014cü il tarixdən bu günkü tarixədək Cavabdeh MTK-ya ödənilmiş kommunal xərclərə dair qəbzlərdə hər ay hər kv.m-i 0,22-qəpikdən olmaqla 134 kv.m üçün 29,50 manat ödəniş olunmuşdur. Belə vəziyyətdə məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən onlara müqavilə şərtlərindən daha aşağı ölçüdə mənzil verməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Cavabdeh təşkilat müqavilədə göstərilən ölçüdən daha aşağı ölçüdə mənzil satmışdır. Cavabdeh MTK Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3cü bəndlərini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Belə olan halda iddiaçıya verilən mənzilin ümumi sahəsi İddiaçı Cavabdeh MTK ilə bağladığı müqavilə üzrə müqavilədən 12,6 m2 az olmuş, bu da nəticədə 12,6 x 1000=12600 (on iki min altı yüz) manat artıq ödənişə səbəb olmuşdur. Bununla bağlı cavabdeh təşkilata dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, həmin ödənişi geri qaytarmamış, nəticədə məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, eləcə də vəkilə görə ödənilmiş 500 manat, habelə ödənilmiş 128 manat dövlət rüsumunun və kommunal xərclərə dair hər kv.m üçün artıq ödənilmiş 200 manat, ümumilikdə 13428 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, MTK, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, 200 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 134 kv.m təşkil edir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 121,40 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200 (yeni qaydalarla AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 20,M10, m2) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, 200 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərdə mənzilin ümumi sahəsi 134 kv.m göstərilmişdir. Mənzilə dair tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında mənzilin faktiki sahəsi 121,4 kv.m kimi göstərilmişdir. Bu səbəbdən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda mənzilin ümumi sahəsi 121,4 kv.m kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3103 saylı, 26 avqust 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun, 10-cu mərtəbəsində yerləşən 200 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda 121,4 kv.metr olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 128 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3cü blokunun, 10-cu mərtəbəsində yerləşən 200 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 134 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 134.000 manat payçı tərəfindən MTK-ya tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 121,4 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olubolmamasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərtib olunmuş texniki pasporta və inventarlaşdırma qaydalarına əsasən, mənzilin ümumi sahəsi hesablanarkən otaqlar arasında yerləşən arakəsmələrin, şaxtaların və sütunların çıxıntılarının tikintialtı sahələri ümumi sahədən çıxılır. Bundan başqa mənzilin balkon sahəsi şəhərsalma qaydalarına əsasən 0.3 əmsalına vurularaq ümumi sahəyə daxil edilir. Qeyd olunan mənzildə də yuxarıda göstərilən qaydalara əsasən mənzilin ümumi sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun, 10cu mərtəbəsində yerləşən 200 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda 121,4 kv.metr olduğu müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə hesab edir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilədən 12,6 kv.m az olmuş, bu da nəticədə 12,6 x 1000 = 12600 manat artıq ödənişə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “tərəflər arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 manat pulun tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “kommunal xərclərə dair hər kv.m üçün artıq ödənilmiş 200 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin “vəkilə görə ödənilmiş 500 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbininin həmin hissəsini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, habelə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun və kommunal xərclərə dair artıq ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, habelə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun və kommunal xərclərə dair artıq ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar