Məhkəmə qərarları › İş №2(006)-5092/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5092/2021

21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5092/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla «hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla 05 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş şöbəsi tərəfindən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-4363A saylı 90301004 kod nömrəli şəhadətnamədəki X2 eyni şəxs olmasının müəyyən edilməsi və şədadətnamədə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə Ağdaş rayonunda doğulmuşdur. Ağdaş rayonu «Araz» kolxozunun 30 dekabr 1993-cü il tarixli 06 nömrəli qərarı ilə ona Soyuqbulaq yolunun sol sahilində yerləşən qəbristanlığın yaxınlığında 1000 m2 torpaq sahəsi ayrılmışdır. 05 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağdaş Şöbəsi tərəfindən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-4363A saylı 90301004 kod nömrəli şəhadətnamə verilmişdir. Lakin verilmiş şəhadətnamədə adı Ərizəçi yox, X3 deyə qeyd olunmuşdur. Halbuki, Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-167912, 6 nömrəli doğum haqqında şəhadətnamədə və həmin şəhadətnamə əsasında verilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsində və digər bütün sənədlərdə adı Ərizəçi kimi qeyd olunur. Dəfələrlə, illərdir mülkiyyətində olan torpaq sahəsinə dair sənədləşmə aparmaq istəsə də, şəhadətnamədə yol verilmiş texniki səhvə görə apara bilmir. Bütün bunlarla bağlı, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, onlardan yol verilmiş səhvin düzəldilməsini xahiş etdikdə isə, ona bu düzəliş etməyin həmin İdarənin səlahiyyətlərinin xaricində olduğu cavabını almışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli **********75 saylı məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası DT və XK-nın Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-4363A saylı 90301004 kod nömrəli «torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə qeyd olunan subyektlər siyahısında ada düzəliş edilməsi ilə bağlı müraciətinə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-4363A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, DT və XK-nın Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-4363A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan İlham adının Mehman adı kimi düzəliş edilməsi İdarənin imkanı xaricindədir. Belə ki, mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi, şəhadətnamədə hər hansı bir düzəliş və dəyişikliklər edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Ağdaş rayon X1 19 oktyabr 1998-ci il tarixli 58 saylı arayışından görünür ki, Ağdaş rayonu Aran kolxozunun 30 dekabr 1993-cü il tarixli 06 saylı qərarı ilə Ərizəçi Soyuqbulaq yolunun sol hissəsində yerləşən qəbristanlığın yanında 1000 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmə qeyd edir ki, ərizəçi tələbinin əsası kimi istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim etməmişdir. O cümlədən, JN-4363A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan Ağdaş şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi ilə Ağdaş rayonu Aran kolxozunun 30 dekabr 1993-cü il tarixli 06 saylı qərarı ilə Ərizəçi ayrılmış, Soyuqbulaq yolunun sol hissəsində yerləşən qəbristanlığın yanında 1000 m2 həyətyanı torpaq sahəsinin eynilik təşkil etdiyinə dair sübut - JN-4363A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritəsi, yerləşmə planı, qonşu torpaq sahələri, dönmə nöqtələri olan sənəd (şəhadətnamənin digər səhifələri) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması» tələbinə dair ərizəsi rədd edilməli və ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar