Məhkəmə qərarları › İş №2(006)-5104/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5104/2025

26.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5104/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilin elektrik enerjisi sayğacına yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC Biləcəri Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilinə xx.xx.2025-ci il tarixdə 2.548,26 manat borc yazılmışdır. Qeyd etmək istəyir ki, o, hərbçidir, 2005-ci ilin sentyabr ayından 2016-cı ilin sentyabr ayınadək həmin mənzildə yaşamamışdır. "xxxx" ASC-yə müraciət etsə də, cavabdehin əməkdaşları ona heç bir sənəd təqdim etmədən məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona xəbərdarlıq vərəqəsindən başqa, heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bundan əlavə həmin aktın nüsxəsi də ona təqdim olunmamış, vətəndaş hüquqları pozulmuşdur. Hesab edir ki, xx.xx.2025-ci il tarixli BLX 233 saylı xəbərdarlıq vərəqəsi ləğv olunmalıdır. Sonradan İddiaçı məhkəməyə xx.xx.2025-ci il taridə ərizə ilə müraciət edərək, iddia ərizəsində göstərilən 2.552 manat borcun 2.540 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin iddiaçı izahatında qeyd etmişdir ki, o, həmin mənzildə yaşamadığı halda onun sayğacına müdaxilə olunmuş, başqa şəxslər onun mənzilinə gələn elektrik enerjisindən istifadə etmişdir. Onun sayğacına binada yaşayan başqa şəxslər tərəfindən müdaxilə edilmişdir. Ona görə həmin borc ona aid edilə bilməz. Bununla əlaqədar "xxxx" ASC-nin sədrinin qəbulunda olmuş və orada hüquq departamentinin rəisinə bu borcun məhkəmə qaydasında silinməsi bildirilmişdir. Yekunda müharibə veteranı olduğunun, aldığı xəsarətlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbləri əsassızdır. "xxxx" ASC tərəfindən iddiaçının hər hansı hüququ pozulmamış, iddiaçıya əsassız borc yazılmamış və iddiaçıya hesablanan borc sayğac göstəricilərinə əsasən hesablanaraq abonent saldosunda dəqiq şəkildə işlənmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Biləcəri Rayon Enerji Təchizatı və Satışı İdarəsinin Enerji Satış Şöbəsinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun 2.548,26 manat təşkil etdiyi bildirilmiş, qanunvericiliyin tələbləri izah olunaraq, borcun ödənilməsi tələb edilmişdir. Müdafiə Nazirliyi Bakı rayon MİH-nin 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 576 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə Binəqədi-1 hərbi şəhərciyində 37 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Arayışda onun xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək həmin ünvanda yaşamadığı, ailəsinin də həmin ünvanda yaşadığının müşahidə edilməməsi qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-2/07-K-11354-5/2025 saylı məktubundan görünür ki, İddiaçı **********70018 saylı abonent kodu üzrə 2005-2016-cı illərdə istehlak edilmiş elektrik enerjisi dəyərinə görə yaranmış qalıq borcun silinməsi barədə ünvanlanmış məktubuna "xxxx" ASC-də baxılmışdır. Bununla bağlı bildirilmişdir ki, mübahisələndirilən qalıq borc elektrik sayğacı ilə müəyyənləşən istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğundan həmin borcun abonent hesabından silinməsi enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC-nin səlahiyyətində deyil. "xxxx" ASC tərəfindən İddiaçı adına olan **********70018 nömrəli abunə kodu üzrə çıxarışdan görünür ki, İddiaçı adına qeydiyyata alınmış sayğacın oxunması üzrə 4.609,94 manat borc, aktlar üzrə 413,42 manat borc hesablanmaqla və 2.471 manat ödəmələr çıxılmaqla, ümumi borc məbləği 2.552,36 manat təşkil edir. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilməklə X2 və X1 tərəfindən tərtib edilmiş **********391 nömrəli ərizədən görünür ki, ərizəçilər İddiaçı və onun ailə üzvlərinin xx.xx.2005-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzildə yaşadıqlarını görmədiklərini bildirmişlər. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16- 20323/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanın 04 oktyabr 2003-cü il tarixdə İddiaçı adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 2006-2016-cı illərdə istehlak edilmiş elektrik enerjisinə görə 2.448,14 manat, 25 dekabr 2025-ci il tarixinə isə borc məbləği 2.564,76 manat təşkil edir. Abunə kodu üzrə akt tərtib edilmədiyini bildirməklə nəzərə çatdırır ki, abonentə mütəmadi olaraq xəbərdalıq edilməsinə baxmayaraq qeyd olunan borc məbləği istehlak edilmiş elektrik enerjisi dəyərinin ödənilməməsi səbəbilə yaranmışdır. «Azəriqaz» İB ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 07/9525 nömrəli müqavilənin surətindən görünür ki, «Azəriqaz» İB İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzilin keyfiyyətli qazla təmin edilməsini, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş müvafiq hesaba əsasən ödəməyi öz öhdələrinə götürmüşlər. Məhkəmə iclasında baxış keçirilmiş İddiaçı tərəfindən təqdim edilmiş “CD” diskdəki videogörüntülərdən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzillərə aid elektrik sayğacların binanın 1-ci mərtəbəsində İddiaçı mənzilinin qapısına bitişik divarda yerləşir. Bütün sayğacların yerləşdiyi qutunun üzərini örtən qapının kilidi yoxdur və daim açıqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3-cü maddəsinə əsasən bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının tələbi ona hesablanmış elektrik enejisindən istifadəyə görə hesablanmış borcun silinməsi və dəlili isə ondan ibarət olmuşdur ki, həmin borcun müəyyən edildiyi dövrdə o, mənzilində yaşamamış və borcun yaranmasına əsas onun elektrik enerjisindən istifadə etməsi olmamışdır. İddiaçı mübahisəli mənzildə yaşamamasını təqdim etdiyi Mənzil İstismar Sahəsinin arayışı və qonşuların notarial təsdiqli ərizəsi ilə sübut etməyə çalışmışdır. Məhkəmə təqdim edilən sübutların mötəbərliyinə şübhə etməsə belə qeyd edir ki, mənzil mülkiyyətçisinin mənzildə yaşamaması həmin mənzildə istifadə edilmiş elektrik enerjisinin istehlakından yaranan borcun silinməsinə əsas verən hal deyildir. Abonentin saldosundan görünür ki, iddiaçıya elektrik enerjisindən istifadə üzrə borclar sayğac göstəricilərinə uyğun hesablanmışdır, iddiaçı barəsində EEİQ-in pozulmasına dair hər hansı akt tərtib edilməmişdir. Digər sözlə ifadə etdikdə, yığılmış borc məbləği mənzildə elektrik enerjisinin sərfiyyatının birbaşa nəticəsi olaraq yığılmışdır, hər hansı akt üzrə hesablanmış borc məbləği deyil. İddiaçıya müvafiq bildirişlə göndərilmiş elektrik enerjisi borcu hər hansı akta, yaxud aktlara əsasən itirilmiş enerjinin bərpası şəklində yazılmamışdır. İddiaçının yaşadığı mənzildə olan sərfiyyat sayğac göstəricilərinə əsasən dövri olaraq hesablanmış, abonent saldosuna işlənmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə yaranmış borcla bağlı bildirişin hər hansı səbəbdən çatdırılmaması, yaxud göndərilməməsi onu sayğac göstəricilərinə uyğun borc məbləğini dövri olaraq (hər ay, yaxud müqavilədə təsbit olunmuş dövrilik üzrə) ödəmək vəzifəsindən azad etmir. Habelə iddiaçının onun mənzilində istehlak edilən elektrik enerjisinin sərfiyyatını hesablayan sayğaca kənar şəxslərin müdaxiləsinə görə borcun silinməsi dəlinini də əsaslı hesab etmək olmaz. Əgər həqiqətən də iddiaçının sayğacına müdaxilə edilməsi faktı öz təsdiqini taparsa, bu iddiaçıya mülki hüquq pozuntusuna görə iddia qaldırmaq hüququnu vermiş olar. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar