Məhkəmə qərarları › İş №2(006)-5109/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5109/2020

02.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5109/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-yə qarşı «əsas kredit müqaviləsinin, əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-yə qarşı «əsas kredit müqaviləsinin, əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxx» KB ASC ilə onun arasında xx.xx.2014-cü il tarixli 42/14 SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 42-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə xx.xx.2020-ci il tarixədək, illik 20% ödəmək şərtilə 63.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 42Sİ/14SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin 45 nömrəli mənzil «xxxxxxx» Kommersiya Bankına ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İpoteka predmetinin qiyməti ipoteka müqaviləsinə 95.000 manat dəyərində qiymətləndirilmişdir. O, banka müraciət edərkən bankdan manatla kredit götürmək istədiyini bildirmişdir. Bank ona manatla kredit verəcəyini bildirmişdir. Sonradan bankdan pulu alarkən müqavilənin dollarla bağlandığı ona məlum olmuşdur. Onunla cavabdeh «xxxxxxx» KB ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmış, lakin ipoteka müqaviləsində mənzilin qiyməti manatla ifadə olunmuşdur. Bu hal özü qanunvericiliyə ziddir. Göstərilənləri nəzərə alaraq iddiaçı ilə cavabdeh «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 42/14 SU saylı kredit müqaviləsinin, həmin müqavilənin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 42/1/14SU saylı əlavə kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 42Sİ/14SU saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən İddiaçı məhkəmənin vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «Borcverən» qismində «xxxxxxx» Kommersiya Bankı ASC ilə «Borcalan» qismində İddiaçı arasında xx.xx.2014-cü il tarixli 42/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 42-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay, illik 20% olmaqla, 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «İpoteka saxlayan» qismində «xxxxxx» Kommersiya Bankı ASC ilə «İpoteka qoyan» qismində İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 42Sİ/14SU saylı ipoteka müqaviləsinin surətinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 95.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-07/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı «xxxxxxx» KB ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı kreditin, kredit faizlərinin vç cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiaçı qismən təmin edilmiş, cavabdeh İddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 42/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 42-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən 50.508,32 ABŞ dolları əsas kredit borcu, 19.016,12 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70.024,44 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2014-cü il tarixli,32mspSUM/14 saylı əlavə kreditxətti müqaviləsinə görə 3.552,31 manat əsas kredit borcu, 1.117,10 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 4.769,41 manat məbləğində kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinin ilkin satış qiymətinin 105.000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən cavabdehlər İddiaçı və X3 çıxarılmaları, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq dövlət xəzinadarlığı agentliyinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2302/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməməli,Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-07/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1811/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməli,Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2302/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 42/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 42-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay, illik 20% olmaqla, 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Bankla İddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı əsas kredit müqaviləsinin, həmin kredit müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab olunmasını, cavabdehin nümayəndəsi isə iddia müddətinin ötməsi səbəbindən iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü iradə ifadəsi şəkildə Bank ilə kredit müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş hər üç (kredit, əlavə kredit, ipoteka) müqavilələr üzrə iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd olunan Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmçinin, Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354-cü maddəsində göstərilən iddia müddətini ötürməklə ( 6 ilə yaxın müddət )məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-yə qarşı «əsas kredit müqaviləsinin, əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən ( 6 ilə yaxın) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» Kommersiya Bankı ASC-yə qarşı «əsas kredit müqaviləsinin, əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar