Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5119/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC ilə 5715F nömrəli kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsini bağlamaqda məqsədi 60-70 min manat arası pul götürmək olub. Müqaviləyə əsasən 36 ay müddətində pulu qaytarmaq şərti ilə bank ona pul verməyi öhdəsinə götürmüş və bunun müqabilində girov timsalında öhdəliyin təminatı kimi yaşadığı və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 107, mənzil 3 olan mənzili ipotekaya qoydular. Ona pulu dollarla sayıb veriblər, o manatla istəmişmiş. Ona bankın işçisi manatla qaytararsan dediyi üçün sənədlərə diqqət etməmişdir. O, banka pulu manatla aparırmış. Beləcə bir müdət davam etdi və devolivasiya nəticəsində vəziyyət pisləşdi, o bankın pulunu qaytara bilmədi. Ciddi problem yarandıqda ona bəlli oldu ki, krediti dollarla rəsmiləşdiriblər. Həmin vaxt dolların manata olan kursu 0.78 manat təşkil edirdi. Az sonra isə ondan 1 manat 70 qəpik hesabı ilə tələb etdilər, narazılığını bildirsə də, heç bir mənası olmadı. Beləliklə 89 000 ABŞ dolları kreditdən ödənilərək 81 000 ABŞ dollarına qədər azaldıldı. Ondan borcu tələb edirdilər ki, borcu var və o bu borcu qaytarmalıdır. Heç bir devolivasiya nəzərə almadan, heç bir fors major nəzərə almadan onu çətin bir durumda qoyublar. Bir daha deyir ki, o krediti manatla götürmək üçün müraciət etmiş və manatla istəmişdir. Bank isə artıq dollarla bağlı baş verəcəklərdən xəbərdar kimi ona manat əvəzinə dollar rəsmiləşdirib. Pulu isə o manatla almışdır. Məhz bu səbəbdən bu kredit müqaviləsi etibarsız hesab edilməlidir. Müqavilədə göstərilən fors major halı nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçı Cavabdeh ASC-ni əsl cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və Cavabdeh ASC ilə onun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında əsl cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab ediləsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 5715F nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 36 ay müddətinə illik 18% olmaqla 89 000 ABŞ dolları krdeit vermişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 107, mənzil 3 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1731/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh ASC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” nə dair iddiası təmin, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Hazırda iddiaçı, Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından göründüyü kimi, iddiaçı kredit müqaviləsini mübahisələndirərkən əqdin etibarsızlığına dair qanunvericilikdə müəyyən edilmiş və yuxarıda qeyd edilən əsaslara istinad etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olduğu kimi, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2020ci il tarixli qərarında qeyd olunmmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan kredit müqavilələsi iddiaçının qeyd etdiyi əsaslar səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, əqdin əhəmiyyətsiz əqd olduğuna, istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqaviləsi bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5119/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5119/2020
17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver