Məhkəmə qərarları › İş №2(006)-514/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-514/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-514/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı imtinanın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş 7 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh2 xeyrinə miras payından imtina etməsi barədə notarial qaydada verdiyi ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun atası X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Daha sonra anası X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ailədə iki bacı və bir qardaş olaraq böyümüşlər. Mərhum anasının mülkiyyətində onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil olmuşdur. O, qanun üzrə vərəsə kimi anasından miras qalmış əmlak üzrə miras payından qardaşı Cavabdeh2 xeyrinə imtina etmək qərarına gəlmişdir. Bununla bağlı 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə yaxınlaşaraq xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən qardaşının xeyrinə xx.xx.2024-cü il tarixli notarial qaydada imtina ərizəsi vermişdir. Daha sonra cavabdeh qardaşı Cavabdeh2 notariusa sənədlərə təqdim edəndə aşkar olmuşdur ki, qardaşını vaxtilə bibisi X3 tərəfindən övladlığa götürülmüş, doğum haqqında sənədində ana qrafasında anasının adı deyil, bibisinin adı qeyd olunmuşdur. Bu səbəbdən onun mərhum anası X8 qanun üzrə vərəsəsi ola bilməməsi bildirilmişdir. Qardaşının övladlığa götürülməsi zamanı onlar uşaq olduqları üçün yadında qalmamış, bibisi onlarla birgə yaşamış, hansısa sənədləşmə üçün vaxtilə belə bir addım atılmışdır. Yuxarıda qeyd etdiyi kimi onun atası anasından əvvəl xx.xx.2023-cü il tarixdə vəfat etmiş, mərhum anasının adında olan miras əmlak onun, bacısı və anasının imtina ərizələri əsasında qardaşı Cavabdeh2 keçmişdir. Bu məsələ də onlarda əminlik yaratmış, anasının ölümündən sonra da eyni proseslə analarından qalmış miras əmlakın qardaşına keçəcəyini zənn etmişlər. Miras paydan imtina ilə bağlı ərizənin ləğvi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli məktubda Mülki Məcəllənin 1268-cin maddəsinə əsasən imtina ərizəsini geri götürə bilmədiyi qeyd olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 da miras paydan imtina ərizəsi olsa da, hal-hazırda o imtinanın onun xeyrinə hesab edilərək onun qanun üzrə yeganə vərəsə kimi tanınmağına razıdır. Hal-hazırda hesab etmişdir ki, qardaşı övladlığa götürlməsi məsələsi ilə əlaqədar sənədlərdə yaranmış problemə görə onun artıq qanun üzrə vərəsə ola bilməyəcəyi nəzərə alınaraq onun xeyrinə verdiyi mirasdan imtina ərizəsinin etibarsız hesab edilməli, qanun üzrə ananın yeganə vərəsəsi kimi tanınmalıdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyi 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi əlavə cavabdeh qismində cəlb edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtina etməsi barədə 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat tarixli 21553 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər Cavabdeh2 məhkəmənin əvvəlki iclasında iştirak etməklə, iddianı etiraf etmiş və onun təmin olunmasına etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 382471 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Salyan rayonunda ölmüşdür. İş materiallarında olan DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60 X8 mülkiyyətindədir. İş materiallarında olan İddiaçı 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü ildə vəfat etmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İş materiallarında olan X6 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü ildə vəfat etmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İş materiallarında olan 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən “Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz”. Qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.1987-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. Onun atası X4, anası X2r. İş materiallarında olan övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə Salyan şəhərində doğulmuş Cavabdeh2 X4 və X7 tərəfindən övladlığa götürülmüşdür. İş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 və X11 xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 352811 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Salyan rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Salyan şəhərində doğulmuşdur. Onun atası X4, anası X10r. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı anasından miras qalmış əmlakdan öz qardaşının xeyrinə imtina etmişdir. Lakin, sonradan müəyyən edilmişdir ki, qardaşı onun bibisi tərəfindən övladlığa götürülmüş, imtina edilmiş əmlak isə sahibsiz qalmışdır. Hazırda iddiaçı miras əmlakdan imtinasının bu faktları bilməməsi səbəbindən etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtina edərkən, imtinanın hüquqi nəticələri ona izah olunsa da, işin faktiki halları izah edilməmişdir. O, öz iradə ifadəsini bildirərkən əldə etmək istədiyi həqiqi nəticəyə gələ bilməməklə yanılmışdır. Bu hal iddiaçıya onun qardaşı şəhadətnamə almaq üçün müraciət etdikdə və ona xx.xx.2024-cü il tarixdə imtina edildikdə məlum olmuş, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2.2-ci maddəsinə əsasən şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi vacib əhəmiyyətli yanılma hallarına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə, iddiaçının 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində rəsmiləşdirilmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtinası barədə xx.xx.2024-cü il tarixli qeydiyyat tarixli 21553 reyestr nömrəli ərizəsi etibarsız hesab edilməsi barədə iddiası tam əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, digər Cavabdeh2 qarşı hər hansı tələb olmadığından ona dair hissədə iddia təmin edilməməli, bu əsasla iddia ümumilikdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində rəsmiləşdirilmiş anası X5 irs qalmış mirasın ona çatası hissəsindən imtinası barədə xx.xx.2024-cü il tarixli qeydiyyat tarixli 21553 reyestr nömrəli ərizəsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xəcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar