Məhkəmə qərarları › İş №2(006)-5144/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5144/2023

28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5144/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları ünvan 2 (abonent kodu: **********00450) ünvanına gələrək mənzilin qaz sayğacının yenisi ilə əvəz olunacağını bildirmişlər və işlərinə başlamışlar. Əməkdaşlar yeni qaz sayğacını quraşdırmaq məqsədi ilə köhnə qaz sayğacını söküb yerindən çıxardarkən o, onları kənardan müşahidə edirmiş, bu vaxt onların köhnə sayğacı yerindən çıxardarkən həmin sayğacla çox səriştəsiz, ehtiyatsız davranaraq qeyri-peşəkar şəkildə işlədiklərini gördüyü üçün dözməmiş və onlardan həmin sayğacla bir qədər ehtiyatlı davranmalarını xahiş etmişdir. Onlar isə ona narahat olmamağını, öz işlərinin peşəkarları olduqlarını bildirmişlər və işlərinə davam etmişlər. Köhnə qaz sayğacının yeni sayğacla əvəz olunması prosesi yekunlaşdıqdan sonra qaz idarəsinin əməkdaşları tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li akt tərtib edilmiş, onun və əməkdaşlar tərəfindən imzalarla təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə oğlu X5 "smart kart nfc" vasitəsi ilə yeni qaz sayğacına 10 (on) AZN ödəniş etdiyi zaman mədaxil etdiyi məbləğin yalnız yarısının, yəni 5 (beş) AZN məbləğin yüklənməsinin şahidi olmuş və bu barədə ona bildirmişdir. Bundan sonra oğlu Tofiq Sadıxov Cavabdeh İB-nin qaynar xətt (104) nömrəsinə yığaraq bu barədə bildirmiş və oradan oğluna hazırda abonentin adında 86.40 AZN cərimə borcunun olduğunu və yüklənməyən həmin 5 AZN məbləğin həmin borcdan silindiyini bildirmişlər və müvafiq aktla tanış olmaq üçün Cavabdeh İB-nin Nəsimi rayon şöbəsinə yaxınlaşmaqlarını təklif etmişlər. xx.xx.2023-cü il tarixdə o, oğlu Tofiq Sadıxovla birlikdə Cavabdeh İB-nin Nəsimi rayon şöbəsinə getmişlər, həmin 86.40 AZN cərimə borcunun səhvən və qanunsuz olaraq **********00450 kodlu abonentin adına qeyd anduğunu bildirmişlər. Orada ona “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktı və ona əlavə edilmiş digər sənədləri təqdim edərək həmin aktda qeyd edilən xüsusatlara görə **********00450 kodlu abonentin adına cərimə yazıldığını bildirmişlər. Həmin akta nəzər saldıqda vaxtı ilə yeni sayğacla əvəz olunan həmin köhnə sayğaca baxış keçirildiyi, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrində korroziya izinin mövcud olduğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağının alt hissədən çatladığı, sayğacın istismara yararsız olduğu və s. xüsusatların həmin aktda qeyd edildiyi məlum olmuşdur. Həmçinin həmin aktda “istehlakçının nümayəndəsi İddiaçı” qrafasnın qarşısındakı “İmza” qrafasında “imtina” sözü qeyd edilmişdir ki, bu da onu göstərir ki, guya onun (abonent kodu: **********00450) bu aktdan xəbəri olmuş, tanış olmuş, lakin imza etməkdən imtina etmişdir. O, qaz idarəsinin əməkdaşlarına həmin sayğacın onların ucbatından yararsız vəziyyətə düşmədiyini, onlar heç bir məsuliyyət daşımadığını, həmin cərimə məbləğinin əsassız və qanunsuz yazılması ilə bağlı öz etirazını bildirmiş, cərimənin silinməsini tələb etmişdir. Həmin idarədə ona cərimənin silinməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. O bildirmişdir ki, “Təbii X3nın pozulması haqqında” xx.xx.2023- cü il tarixli, ******* №-li həmin aktdan nə onun, nə də ki, oğlu Tofiq Sadıxovun heç bir xəbəri olmamış, bu barədə heç kim onları xəbərdar etməmişdir. Köhnə qaz sayğacı yenisi ilə əvəz olunarkən tam saz və yararlı vəziyyətdə olmuşdur. Həmin sayğacın sonradan aktda qeyd edildiyi kimi yararsız vəziyyətə düşməsinə səbəb çox guman ki, həmin sayğacın yenisi ilə əvəzlənməsi prosesi zamanı qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğacla çox səriştəsiz, ehtiyatsız davranaraq qeyri-peşəkar şəkildə işləmələri olmuşdur. Beləliklə, **********00450 kodlu abonentin adına yazılmış cərimə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən İddiaçı ünvan 2 ünvanına aid qaz sayğacına (abonent kodu: **********00450) dair “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li və “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3657-1 №-li aktlara əsasən əsassız yazılmış 86.40 AZN məbləğində cərimə borcunun silinməsi, həmçinin həmin əsassız cərimə məbləğinə silinmiş 5 AZN məbləğində pul vəsaitinin onun qaz hesabına yüklənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Cavabdeh nümayəndəsi X4 etiraz ünvanlayaraq bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçıya məxsus **********000450 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1002AQ**********8 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh X1 Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-3657-1 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çartlayıb, sayğacın yaddaş arxivi oxundu, sayğacda xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunub, xətalar təyin edilə bilmədi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qaın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Hesablanmış 86,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh qurumun əməkdaşları yaşadığı ünvan 2 ünvanına gələrək qaz sayğacının yenisi ilə əvəz ediləcəyini bildirmişlər. Onların köhnə sayğacı sökürkən sayğacla qeyri-peşəkar, səriştəsiz, ehtiyatsız davrandıqlarını gördükdə bununla bağlı onlara öz iradını bildirmişdir. Onlar isə narahat olmağa əsas olmadığını qeyd edərək işlərinə davam etmişlər. Sayğacı yenisi ilə əvəz etdikdən sonra isə bununla bağlı akt tərtib edilmiş və o, onu imzalamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə oğlu sayğaca 10 manat yükləmiş və 5 manatın avtomatik silindiyinə şahid olmuşdur. Onlar bununla bağlı cavabdeh qurumun qaynar xətti ilə əlaqə saxlamışlar. Oradan bildirmişlər ki, abonentin adında 86.40 manat cərimə borcu vardır və silinmiş 5 manat pul da cərimə borcundan çıxılmışdır. Onlar cavabdeh quruma getmişlər və cəriməyə əsas olmuş aktla tanış olmuşlar. Onlara məlum olmuş ki, köhnə sayğacın yenisi ilə əvəz olunması zamanı güya həmin sayğaca baxış keçirilmiş və ona müdaxilə olunması aşkar olunmuşdur. Həmçinin aktda güya onun tanış olduğu və aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Halbuki, həmin aktdan ümumiyyətlə onun xəbəri olmamışdır. Köhnə sayğac yenisi ilə əvəz olunarkən tam saz və yararlı vəziyyətdə olmuş və onun yararsız vəziyyətə düşməsinə səbəb qurumun əməkdaşlarının öz işlərini qeyri-peşəkar, səriştəsiz görmələri olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X2 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə etiraz və etirazlarının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutları yoxdur. Məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları iddiaçının yaşadığı yaşayış sahəsində istifadə olunan sayğaca baxış keçirərkən sayğacın istismara yararsız olduğunu müəyyən edərək xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Qeyd edilən akta əsasən dəymiş ziyanın məbləği 86.40 AZN təşkil etmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış cərimə borcunun silinməsini, həmçinin həmin əsassız cərimə məbləğinə görə silinmiş pul vəsaitinin geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

b) Mülki işin materialları:

9. Mülki iş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir: “Abonentə məxsus qaz sayğacına baxış keçirən zaman qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çartlayıb, sayğacın yaddaş arxivi oxundu, sayğacda xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunub, xətalar təyin edilə bilmədi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə”. Dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış **********00450 saylı abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ildə qalıq və aktlar üzrə 86,40 AZN borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəinsə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.

12. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini,onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir.

14. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi Cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla İddiaçı abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.

15. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

16. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var.

17. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abonə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olmasını anlamına gəlmir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi cavabdeh müvafiq akt tərtib etdikdən sonra bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və bunun nəticəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehlakçının təqsirli olması barədə qərar qəbul edilməli idi. Lakin cavabdeh tərəf bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir (müvafiq icra hakimiyyəti orqanına bununla bağlı müraciəti). Odur ki, məhkəmə qeyd edilənləri əsas götürərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi həmin hissədə tam əsaslıdır.

22. Məhkəmə iddiaçının “əsassız cərimə məbləğinə görə silinmiş 5 AZN məbləğində pul vəsaitinin onun qaz hesabına yüklənməsi”nə dair hissədə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta görə hesablanmış cərimə silindikdə, bu məbləğ (əvvəl ödənilmiş 5 manat) balansa qaytarılacaqdır. Belə olan halda, iddia tələbi bu hissədə təmin edilə bilməz.

23. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 86,4 AZN (səksən altı manat, qırx qəpik) borc **********00450 saylı abonent hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

24. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

26. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindnən, Cavabdehndən 30 AZN dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 86,4 AZN (səksən altı manat, qırx qəpik) borc **********00450 saylı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ ndən 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar