Məhkəmə qərarları › İş №2(006)-5164/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5164/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5164/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 1.910 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixli, AL-988 saylı «Daxili lizinq» müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1190765 ban, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh «Daxili lizinq» müqaviləsi və «Ödəniş cədvəli»nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC borclu Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(006)-2449/2020 saylı qətnaməsi ilə (hakim cənab R.Xəlilov) İddiaçı MMC-nin iddasını təmin edərək, 17 avqust 2017-ci il tarixli, AL-988 saylı «Daxili Lizinq» müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxlışlı, «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 5898,72 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil 28 may 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.910 manat ziyan dəymişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(006)-2449/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1190765 ban, qara rəngli avtomobilin İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 17 avqust 2017-ci il tarixli, AL-988 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 avqust 2020-ci il tarixə 5.073 manat əsas, 595,72 manat mükafat, 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.898,72 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 17 avqust 2017-ci il tarixli, AL-988 saylı daxili lizinq müqaviləsi bağlaması, lizinq obyektinin Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, sonradan cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində tərəflər arasında qeyd edilən müqavilənin ləğv edilməsi və avtomobilin (lizinq obyektinin) mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. "xxxx" MMC tərəfindən təqdim olunmuş qüsur aktına əsasən «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün tələb olunan işlərin görülməsinə və ehtiyat hissələrinin alınmasına müvafiq olaraq 1.470 manat və 440 manat olmaqla, cəmi 1.910 manat pul vəsaiti tələb olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli, 9/6554 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 02.06.2021-ci il tarixli ziyan aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, «Renault Tondar 90» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi tutumu 1.600 sm3 avtomobilin təmir-bərpa xərci təxminən 1.340 manat müəyyən edilir, o cümlədən: - dəyişilməli hissələrin qiyməti – 200 manat; - təmir-bərpa işlərinin qiyməti – 1.140 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin adı çəkilən maddəyə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan cavabdeh tərəfin onun istifadə və sahibliyinə verilmiş avtomobilə zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətləri avtomobilin mülkiyyətçisinə qaytarılması zamanı tərtib olunmuş qüsur aktı və ekspertiza rəyi ilə öz təsdiqini tapır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli, 9/6554 saylı ekspert rəyinə əsasən 1.340 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Ekspertiza xərci olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.340 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza xərci olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar