Məhkəmə qərarları › İş №2(006)-5191/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5191/2025

14.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5191/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun aid olmaması və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin əvvəlki sahibinin elektrik enerjisindən istifadəsinə görə yaranmış borcun silinməsi öhdəliyinin "xxxx" ASC üzərinə həvalə edilməsi və elektrik işiq abonent kodunun onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **********70076 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun ona aid olmamasının müəyyən edilməsi, onunla ünvan 1 ünvanı üzrə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 2025-ci il fevral ayında ünvan 2 ünvanda mənzili alqı-satqı yolu ilə alaraq mülkiyyətinə keçirmişdir. xx.xx.2025-ci il tarixdə Asan kommunal mərkəzində fəaliyyət göstərən "xxxx" ASC xidmət pencərəsinə müraciət edərək, mənzilimin işiq abonent kodunu (**********70076) adına rəsmiləşdirmək istəmişdir. Mənzili yeni aldığını və zəruri sənədləri təqdim etməyinə baxmayaraq, 2002-ci ilədək qalmış 175,92 manat borcun ödənilməsini, tələb etmişdir. 23 il bundan əvvəl yaranan borcu verməkdən imtina etmişdir. Belə ki, mənzili alan gündən o, vaxtaşırı işıq pulunu ödəyir. O, bununla bağlı xx.xx.2025-ci il tarixdə Azərişıqa müraciət etsə də, bu günədək rəsmi cavab təqdim edilməmişdir. Lakin ona cavab verməmələrinə baxmayaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-45-21/2-Ə- 5-1122/2025 nömrəli sorğusuna Azərişiq müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayevin xx.xx.2025-ci il tarixli 13-13/2-1/18-8255/2025 №-li cavab məktubunda göstərilmişdir ki, qeyd edilən ünvana aid **********70076 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, yaşayış sahəsində istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 2002-ci ilədək 175,92 manat borcun olması müəyyən edilmişdir. Üstündən 23 il keçmişdir. Yaranmış borcla bağlı "xxxx" ASC heç vaxt əvvəlki mülkiyyətçiyə qarşı iddia qaldırmamışdır və iddia tələb hüququnu da itirmişdir. Guya Azərişiq bu borc ödənişlərini tələb olunmayan borclar qrafasma daxil etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı bu tələb üzrə subyekt ola bilməz. "xxxx" ASC-nin İddiaçı ilə müqaviləsi yoxdur. Bu, dondurulmuş borcdur. Tələb olunmur, lakin mülkiyyətçi dəyişiləndə bu borc ödənilməlidir. "xxxx" ASC ilə müqaviləsi olmayan İddiaçı başqasının borcunu silməyi "xxxx" ASC-dən tələb edə bilməz. İddia edirlər ki, həmin borc ödənilməlidir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri 51 saylı Notariat Kontorunun AN-İ № ******* nömrəli xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prspektindəki 127 saylı evin 76 saylı mənzilini İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prspektindəki 127 saylı evin 76 saylı mənzilin (Yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prspekti giriş 63, M2, m8) ünvanının mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən 76 nömrəli mənzilin elektrik enerjisinə görə abonent kodunun adının dəyişdirilməsi zamanı dondurulmuş borcun tələb edilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciət X1 Agentliyinin Bakı filialında araşdırılmışdır. Abunə haqqında cədvəlin təhlili zamanı sözügedən mənzilin “Azərişıq" ASC-nin (ASC) informasiya məlumat bazasında **********70076 abonent kodu ilə Məmmədtağı Məmmədovun adına qeydiyyata alındığı və 175,92 manat borcun ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən, tərəfinizdən elektrik enerjisinə görə abonent kodunun öz adınıza keçirilməsi məqsədilə 1 saylı “ASAN Kommunal" mərkəzi vasitəsilə ASC-yə xx.xx.2025-ci il tarixində 3-45-21-1/1- Ə-93-5/2025 nömrəli müraciət edildiyi və xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan, Sizin sözügedən mənzildə tam hüquqlu mülkiyyət sahibi olduğunuz məlum olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Məcəllə) 551.2.1 -ci maddəsinin tələbinə əsasən krayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘'Elektrik enerjisindən istifadə Qaydalarının (bundan sonra - Qaydalar) 8.21 -ci bəndinin tələbinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Qeyd edilənləri nəzərə alaraq, ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmiş 175,92 manat borc məbləğinin Məcəllənin müvafiq maddəsinə uyğun olaraq tələb olunmadan Qaydaların 8.21-ci bəndinin tələbinə uyğun mülkiyyət sənədinə əsasən elektrik enerjisinə görə abonent kodunun adınıza keçirilməsi məqsədilə ASC-yə məktublar ünvanlanmışdır. ASC-nin cavab məktublarında sözügedən dondurulmuş borc Qaydaların 8.22-ci bəndinin tələblərinə əsasən tərəfinizdən ödənildikdən sonra müraciətə təkrar baxılacağı bildirilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, **********70076 nömrəli kod üzrə elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 2002-ci ilədək 175.92 manat borcun olduğu müəyyən edilmişdir. Bu borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********70076 saylı abonent İddiaçı 175.92 manat borc yazılmışdır. Tətbiq edilən hüquq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən edən istehlakçı məişət abonenti (əhali) hesab olunur. 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 4.1-ci bəndinə əsasən əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.2-1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanına dair **********70076 abunə koduna 175.92 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında sənəddən, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmiş, yəni dondurulmuşdur. Bu borcun ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur. Göründüyü kimi həmin borc iddiaçıya aid olmamaqla, bundan əvvəl onun mənzilində yaşamış şəxsin elektrik enerjisini istehlak etməsi nəticəsində yaranmışdır. İddiaçı mənzilinə elektrik enerjisi verilişi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etsə də, həmin sayğacda olan, iddiaçıya aidiyyəti olmayan borc məbləğinin ödənilməsi iddiaçıdan tələb olunduğundan, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda daha əvvəlki illərə aid olan borca görə mülkiyyətçiyə (hazırkı istehlakçıya) münasibətdə hüquqların rəsmiləşdirilməsindən imtina edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçı olmalıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamaq və abonent kodunu real istehlakçının adına dəyişdirmək vəzifəsi daşıyır. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, **********70076 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun İddiaçı aid olmaması müəyyən edilməli, İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, qiymətləndirilməyən iddialar üzrə dövlət rüsumu olaraq ödənilməli olan 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********70076 nömrəli abunə kodu üzrə yaranmış 175.92 manat borcun İddiaçı aid olmaması müəyyən edilsin. İddiaçı ilə ünvan 1 ünvanı üzrə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Cavabdeh "xxxx" ASC-dən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar