Məhkəmə qərarları › İş №2(006)-5224/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5224/2020

19.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5224/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU-0-304-9617 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə onunla «xxxx» BOKT MMC arasında BAKU-0-304-9617 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi ilə onun tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, cavabdeh «xxxx» BOKT MMC tərəfindən ona məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 600.000.00 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. Kredit müqaviləsində 600.000.00 ABŞ dolları məbləğində kreditin ona kredit tələblərinə cavab verilməsi halında, kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları və əməliyyatın sağlamlığı barədə cavabdeh «xxxx» BOKT MMC-nin birtərəfli rəyinə əsasən, həmçinin tərəflər arasında tələb edilən ipoteka və girov müqavilələrinin bağlanaraq bütün ipoteka müqavilələrinin müvafiq dövlət qeydiyyatına alınması halında, lazımi ipoteka və girov predmetlərinin, habelə tələb olunduğu halda müvafiq şəxslərin həyat və əmək qabiliyyətlərinin sığorta olunması təmin edildikdən sonra hissə-hissə verilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsi ilə cavabdeh «xxxx» BOKT MMC-nin 600.000.00 ABŞ dolları kredit məbləğinin hamısını tam məbləğdə vermək öhdəliyinin daşımadığı, cavabdeh «xxxx» BOKT MMC-nin kreditin hər hansı hissəsinin verilməsindən imtina edə biləcəyi və cavabdeh «xxxx» BOKT MMC tərəfdən kreditin ilkin və ya hər hansı hissəsinin verilməsindən imtina edildiyi təqdirdə onun kreditin alınması ilə bağlı çəkdiyi xərcləri tələb etməkdə haqlı olmadığı, o cümlədən onun bu şərtlərin ona aydın olduğunu və bu məbləğin tam götürməli olmaması barədə mövqeyini bildirməsi rəsmiləşdirilir. Kredit müqaviləsi ilə hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, illik 30%-dən artıq olmayan faizi, məqsədli təyinatı və qaytarılması ardıcıllığı və müddəti müqavilənin tərkib hissəsi olan Razışalmalar ilə müəyyən olunması rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat olaraq ünvan 1 ünvanında yerləşən 0.02584 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 112 m2 ümumi sahədən, 70.6 m2 yaşayış sahəsindən, 41.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan xx.xx.2014-cii il tarixli, BAKU0-304- 9617/1 saylı Razılaşmaya əsasən cavabdeh «xxxx» BOKT MMC tərəfindən ona illik 17%-lə 36 ay müddətinə 140.000.00 dolları məbləğində kreditin verilməsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli Razılaşmaya əsasən cavabdeh «xxxx» BOKT MMC tərəfindən ona illik 17%-lə 36 ay müddətinə 60.000.00 ABŞ dolları məbləğində kreditin verilməsi rəsmiləşdirilmişdir. Əvvəla, xx.xx.2014-cü il tarixli, BAKU0-304-9617/1 saylı Razılaşma ilə onun verilmiş kredit məbləğinin 1400,00 ABŞ dolları məbləğini Kredit müqaviləsinin 3.2.3-cü bəndinə əsasən cavabdeh «xxxx» BOKT MMC-yə verməsi rəsmiləşdirilir. Bu hal yolverilməzdir. İkinci bir tərəfdən, xx.xx.2014-cü il tarixli, BAKU0-304-9617/1 saylı Razılaşma ilə kreditin illik faizi 17% kimi qeyd olunur. Lakin ödəniş qrafiki üzrə kreditlərin cəmini hesabladıqda illik faizi 18,6 % təşkil edir. Bu hal da yol verilməzdir. Digər bir tərəfdən, bütün bunlar azmış kimi hələ üstəlik ödəniş qrafiki ilə ona ödənilmiş kreditdən cavabdeh «xxxx» BOKT MMC-nin xeyrinə 2.000.00 ABŞ dolları məbləğində komisyon haqqı tutulması nəzərdə tutulmuşdur. Cavabdeh təşkilata sual olunur ki, belə bir komisyon haqqını haradan hesablayıb çıxarıb? Bu yanlış rəqəmlər haradan alınır? Bu hal da öz növbəsində yolverilməzdir. Bütün bunlar onu göstərir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU0-304-9617 saylı kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişr. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «xxxx» BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, BAKU0-304-9617 saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqavilə, tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 600.00000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, Borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası ünvan 1 ünvanında yerləşən 112 m2 ümumi sahədən, 70.6 m2 yaşayış sahəsindən, 41.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli mənzilin ipotekasi ilə təmin olunmuşdur. İş materiallarında olan «xxxx» BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, BAKU0-304-9617/1 saylı razılaşmanın surətindən görünür ki, Bank tərəfindən borcalana 17 % ödəmək şərti ilə 36 ay müddətinə 140000 ABŞ dolları kredit verilmiş, əlavə edilmiş ödəniş qrafikinə əsasən kreditin əsas borc hissəsinin və onun faizlərinin ödənilməsi günləri müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə "TBC X6 Kredit Təşkilatı” MMC arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli BAKU0-304-9617 saylı kredit müqaviləsinə xitam verilməsi, 135 359,88 ABŞ dolları əsas borc, 43 014,36 ABŞ dolları faiz borcu və 800 ABŞ dolları dəbbə borcu, cəmi 179 174,24 ABŞ dolları (yüz yetmiş doqquz min yüz yetmiş dörd dollar iyirmi dörd sent) məbləğində kredit borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun), bildirişin DƏDRX-də qeyd alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət dövlət rüsumunun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq, iddiaçı "TBC X6 Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi, tutmanın X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112,0 kv.m ümumi, 70, kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 212 000 (iki yüz on iki min) manat qiymətləndirilməklə açıq hərracda satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "TBC X6 Kredit əşkilatı" MMC-yə olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddiaçı "TBC X6 Kredit Təşkilatı” MMC-nin iddiasının cərimənin qalan hissəsinə münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilkin iddianın əsas, faiz, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 128.071,88 (yüz iyirmi səkkiz min yetmiş bir dollar, səksən səkkiz sent) ABŞ dolları əsas, 7.585,54 (yeddi min beş yüz səksən beş dollar, əlli dörd sent) ABŞ dolları faiz, cəmi 135.657,42 (yüz otuz beş min altı yüz əlli yeddi dollar, 42 sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borcun tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilin ilkin satış qiymətinin 318.492 (üç yüz on səkkiz min dörd yüz doxsan iki) manat müəyyən ediməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-dən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üçün 100 (yüz) manat pulun alınaraq “xxxx" MMC-yə və məhkəmə-mühasibatlıq ekspertizası üçün 145 (yüz qırx beş) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə biləbilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İddiaçı əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh kredit təşkilatı arasında kredit və ipoteka müqavilələri imzalanmış, hazırda isə iddiaçı «xxxx» BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU-0-304-9617 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi əqdin aldatma yolu ilə bağlandığını bildirmiş, lakin buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu yalnız formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə iddia tam əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar