Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-523/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 5239 1517 8996 8156 nömrəli birbank alış-veriş debet kartı vasitəsi ilə onun adına rəsmiləşdirdiyi 1.370 manat məbləğində kreditin verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş 34 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atasına məxsus **-RM-*** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı şəxsi minik avtomobilinin satılması məqsədi ilə Turbo.az saytında elan yerləşdirmişdir. 07 iyul 2024-cü il tarixdə naməlum bir şəxs Rusiya Federasiyasına məxsus +7 917 *** ** ** və +7 905 *** ** ** saylı mobil nömrələrdən onunla əlaqə saxlayaraq sözügedən avtomobili almaq istədiyini, buna görə də avtomobilin saytdan çıxarılması üçün 300 manat məbləğində beh verəcəyini bildirərək ondan bank kartının hesab nömrəsini istəmişdir. Bu əsasla ona məxsus 5239 1517 8996 8156 nömrəli birbank alış-veriş debet kartının 16 rəqəmli hesab nömrəsini həmin şəxsə göndərmişdir. Bir müddət sonra həmin şəxs yenidən onunla əlaqə saxlayaraq 300 manat məbləğində pulun kart hesabına köçürülməsi üçün əməliyyat təsdiqləmə kodunu ondan tələb etmişdir. O, 4 rəqəmli kodu həmin şəxsə göndərmişdir. Daha sonra həmin şəxsdən heç bir məlumat gəlməmişdir. Lakin bir müddət sonra onun telefonuna Cavabdeh ASC-dən kredit müqaviləsi üzrə kreditin verilməsi məlumatı daxil olmuşdur. Belə başa düşmüşdür ki, həmin şəxs dələduzluq edərək onun xəbəri, razılığı, istəyi və imzası olmadan cavabdeh təşkilata kredit sifariş edərək 1.370 manat məbləğində pulu bankdan götürmüş, Cavabdeh ASC-nin əməkdaşları isə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq onunla telefon əlaqəsi saxlamadan, müvafiq sənədləri tələb etmədən, razılığını almadan, müqavilə bağlamadan pulu naməlum şəxsə vermiş, pulu verəndən sonra isə onun telefonuna kreditin verilməsi barədə məlumat göndərmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəllər o, dəfələrlə cavabdeh "xxxx" ASC-yə birbank alış-veriş debet kartı vasitəsilə kredit əldə etmək üçün müraciətlər etmişdir. Lakin bank əməkdaşları tərəfindən birbank kartı ilə kredit verilməsinin mümkün olmadığını bildirmiş, eləcə də rəsmi iş yeri və əlavə gəliri olmadığına görə ona kreditin verilməsinin mümkün olmadığı bildirilmişdir. Necə olur ki, o, dəfələrlə müraciət edir və bank əməkdaşları iş və gəlir yerinin olmadığını və digər bəhanələri əsas gətirərək kreditin verilməsinin qeyri-mümkün olduğunu bildirərək kredit verməkdən imtina edirlər, amma hansısa bir naməlum şəxsin müraciəti ilə, hətta həftənin bazar günü çox rahat bir şəkildə ona məxsus kart hesabından kredit məbləği verirlər?! Deməli bank əməkdaşları ilə həmin dələduzlar əlbirdirlər. Qeyd edir ki, kredit əldə edilən zaman Cavabdeh ASC tərəfindən onlarla heç bir müqavilə bağlanmadan, kredit müraciətinin təsdiqlənməsi üçün videozənglə təsdiqləmə tələb edilmədən, rəsmi məlumat verilmədən onlayn şəkildə kredit verilmişdir. Baş vermiş hadisə ilə bağlı Cavabdeh ASC-yə müraciət etsə də, bank əməkdaşları BRCB4632317B299 saylı saxta kredit müqaviləsi üzrə ödənişlərin aparılmasını tələb etmişlər. Bildirmişlər ki, istifadəsində olan kartla kredit xətti üzrə guya xx.xx.2023-cü il tarixdən kreditin əldə olunması imkanı yaranmışdır. Lakin bu barədə bank tərəfindən ona rəsmi olaraq heç bir məlumat, yaxud da bildiriş göndərilməmişdir. Halbuki 2023-cü ilin oktyabr ayında Cavabdeh ASC-yə müraciət edərkən bank əməkdaşları tərəfindən sözügedən kart vasitəsi ilə kreditin əldə olunmasının birmənalı olaraq mümkün olmadığı bildirilmişdir. Hal-hazırda qalıq borc 1.438,01 manat təşkil edir. Hesab edir ki, onun icazəsi, razılığı və xəbəri olmayan, bağlamadığı və imza etmədiyi kredit müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ilə Bank arasında onlayn qaydada videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmaqla hesab, kart və kredit üzrə BRCB4632317B299 nömrəli xx.xx.2023-cü il tarixli X9 Kart Müqaviləsi bağlanmışdır. Həmin müqavilə və ona əlavə edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir. Sözügedən məhsul üzrə bağlanılmış X9 Kart müqaviləsinə nəzər yetirdikdə müəyyən edilir ki, müqavilədə kredit şərtləri (illik faiz dərəcəsi, kredit xətti limitinin maksimal həddi, taksit və qeyri-taksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və kredit xəttini yeniləyə (kredit xəttinin limitini artıra) bilər. BRCB4632317B299 nömrəli xx.xx.2023-cü il tarixli X9 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15.000 manat artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, sms vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Bu səbəbdən həmin qərarla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin «sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır» müddəasının «müvafiq qaydada imzalanma» tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı Cavabdeh ASC-nin mobil bank tətbiqi olan «Birbank» tətbiqindən istifadə edir. İddiaçı özünün istifadəsində olan +**********07 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-A505FN cihazından istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Birbank qeydiyyatı başqa cihaza (Xiaomi Redmi 8) dəyişmişdir. Qeyd edilməlidir ki, «Birbank» mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********07 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. Təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir. Nəzərə alınmalıdır ki, «Birbank» mobil tətbiqindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. İddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB4632317B299 nömrəli xx.xx.2023-cü il tarixli X9 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti X9 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 1.350 manat müəyyən olunmuşdur. Bundan sonra yuxarıda qeyd olunan razılaşmaya əsasən ayrılmış 1.350 manat məbləğində olan kredit xəttindən istifadə edilərək digər şəxsin kart hesabına 1.300 manat məbləğində köçürmə əməliyyatı aparılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********07 mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində dələduzluq nəticəsində onun istifadəsində olan kart hesabından pul vəsaitlərinin çıxarılmasını bildirmişdir. Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB4632317B299 nömrəli xx.xx.2023-cü il tarixli X9 Kart Müqaviləsinin 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyatlar məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi, həmin kodların təsdiq edilməsi yolu ilə, yəni bank hesab sahibinin sərəncamına əsasən aparılmışdır. İddiaçı həmin əməliyyatın onun tərəfindən aparılmamasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və onun mobil nömrəsinə göndərilmiş təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, 05 noyabr 2023-cü il tarixdə tərəflər arasında BRCB4632317B299 saylı X9 kart müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 05 noyabr 2023-cü il tarixli, BRCB4632317B299 saylı X9 kart müqaviləsinə görə: * bank müştəriyə “X9” ödəniş kartı (bundan sonra – “X9 kart” və ya “kart”) verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə bankın və ya müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, kart, habelə bank tərəfindən müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları müştəri tərəfindən bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya müştərinin artıq bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlana bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. * müştəri bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra – texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzalı ilə eyni hüquqi qüvvəyə malikdir. * müştəri kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görür (kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). * müştəri anlayır və təsdiq edir ki, bu müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə bank məsuliyyət daşımır. 07 iyul 2024-cü il tarixli əlavə razılaşmadan görünür ki, BRCB4632317B299 saylı müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma bağlanmışdır. Əlavə razılaşmaya əsasən kredit xəttinin məbləği 1.350 manat müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4596/2024 saylı qərardadı ilə İddiaçı istifadəsində olmuş plastik kartdan pul vəsaitinin hansı bank hesabına köçürülməsi və həmin məbləğdə pul vəsaitinin köçürüldüyü bank hesabı sahibinin şəxsi məlumatlarının Cavabdeh ASC-dən götürülməsi qərara alınmışdır. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/28483 saylı məktubuna və hesabdan çıxarış məlumatlarına görə qərardadda adıçəkilmiş plastik kartdan xx.xx.2024cü il tarixdə 1300 manat və 19,50 manat pul vəsaitinin xx.xx.1999-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X1 hesabına köçürüldüyü müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbə keçid etməmişdən öncə qeyd edilməlidir ki, hazırki işin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında 05 noyabr 2023-cü il tarixli, BRCB4632317B299 saylı X9 kart müqaviləsinin bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir. Bağlanmış olan müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüş və öhdəliklərin icra edilməməsi halında baş verəcək nəticələrlə razılığını müqaviləni imzalamaqla qarşı tərəfə bəyan etmişdir. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bankın əsas vəzifələri sırasında müştəriyə “X9” ödəniş kartı vermək, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmaq, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmaq, müştərinin isə kartdan və (və ya) kredit xəttindən istifadə etmək, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəmək olmuşdur. Digər bir əsas məqam müştərinin bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilməsi, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra – texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilməsi imkanın təsbit edilməsi olmuşdur. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ASC-nin mobil bank tətbiqi olan «Birbank» tətbiqindən istifadə etmişdir. İddiaçı özünün istifadəsində olan +**********07 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-A505FN cihazında istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Birbank qeydiyyatı başqa cihaza (Xiaomi Redmi 8) dəyişmişdir. «Birbank» mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********07 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə müraciət etməklə, kreditin verilməsi ilə əlaqədar müraciət edilən zaman bankın əməkdaşlarının onunla əlaqə saxlamadığını, müvafiq sənədlər tələb etmədiyini, razılığını almadığını, müqavilə bağlamadan krediti naməlum şəxsə verdiyini, yalnız krediti verdikdən sonra onun telefonuna kreditin verilməsi barədə məlumat göndərdiklərini qeyd etmiş və əqdin etibarsızlığına dair tələb irəli sürmüşdür. Bu isə məhz işin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halıdır. Əqdin etibarsızlığı məsələsinə toxunmamışdan öncə əqdin anlayışına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əqd dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Öz təbiətinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İddia ərizəsində də mübahisələndirilən və qanunvericiliklə tənzimlənən əqdin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: Subyekt tərkibinə görə; Məzmununa görə; Formasına görə; İradə və iradə ifadəsinə görə. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə qeyd edir ki, hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən yuxarıda qeyd edildiyi kimi, əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının hesabına bank tərəfindən vəsait mədaxil edilmişdir. Bu hal nə iddiaçı, nə də ki, məhkəmə icraatının aparıldığı dövrdə məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi tərəfindən inkar edilir. Qeyd edilməlidir ki, vəsaitin mədaxil edilməsi üçün təşəbbüskar məhz iddiaçı olmuş, iddiaçının iradə ifadəsi əsasında onun istifadəsində olan mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş, həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmiş və tələb edilən məbləğdə vəsaitin ayrılması bank tərəfindən mümkün hesab edilmişdir. İddiaçının daha öncədən tanış olduğu və bağlamasına razılıq verdiyi müqavilə şərtlərinə əməl etməməsi, yəni təhlükəsizlik qaydaları baxımından paylaşmalı olmadığı halda kodu kənar şəxslərə bildirməsi vəsaitin başqa şəxsin kartına köçürülməsi ilə nəticələnmişdir. İddiaçı, bankın onunla hər hansı bir formada əlaqə yaratmadan vəsaitin ayrılmasına istinad edib, əqdin etibarsızlığını tələb etmiş olsa da, iddiaçının istinad etdiyi hallar əqdin etibarsızlığı üçün yetərli əsas hesab edilə bilməz. Bundan savayı iddiaçının istinad etdiyi halların tam əksi, yəni elektron qaydada müraciət əsasında bank tərəfindən vəsaitin ayrılmasının mümkünlüyü və sair məqamlar tərəflər arasında daha öncədən bağlanmış 05 noyabr 2023-cü il tarixli, BRCB4632317B299 saylı X9 kart müqaviləsində öz əksini tapmışdır. Belə ki, «Birbank» mobil tətbiqindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. İddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB4632317B299 nömrəli xx.xx.2023-cü il tarixli X9 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti X9 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 1.350 manat müəyyən olunmuşdur. Bundan sonra yuxarıda qeyd olunan razılaşmaya əsasən ayrılmış 1.350 manat məbləğində olan kredit xəttindən istifadə edilərək digər şəxsin kart hesabına 1.300 manat məbləğində köçürmə əməliyyatı aparılmışdır. Həmçinin, qeyd olunmalıdır ki, bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********07 mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış məhkəməyə təqdim olunmuşdur. İddiaçı həm məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində, həm də məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsi vasitəsilə onun mobil telefonuna kod gəldiyini və bu kodu ondan tələb edən şəxsə bildirdiyini qeyd etmişdir. Təqdim olunmuş sübutlardan göründüyü kimi, yuxarıda qeyd edilən əməliyyatlar iddiaçının özü tərəfindən aparılmış, bununla bağlı cavabdeh bütün təhlükəsizlik tədbirlərinə riayət edərək, iddiaçıya təsdiqedici kod göndərmiş və pul vəsaitinin iddiaçının hesabından digər hesaba köçürülməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Hazırki iş üzrə iddiaçının hesabına kənardan hər hansı kiberhücum və s. olmamış, bank tərəfindən müştərinin hesablarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılmış, iddiaçıya əməliyyatların təsdiq edilməsi üçün kodlar göndərilmişdir. Bununla da, yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da vurğulayır ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb edərkən bank tərəfindən ona ayrılmış olan vəsaitin başqa şəxs tərəfindən ələ keçirdiyini bildirmiş və ona ziyan dəydiyinə əsaslanmışdır. Məhkəmənin iddiaçının tələbi üzrə araşdırma aparması nəticəsində iddiaçıya məxsus kartdan istinad etdiyi məbləğdə vəsaitin başqa kart hesabına köçürüldüyü, bu kartın X6 məxsus olduğu müəyyən edilmişdir. Həmin şəxs iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş olsa belə, məhkəmənin çağırışı üzrə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi üçün əsas olmadığına görə iddia tələbi banka münasibətdə rədd edilmiş olsa belə, iddiaçının bildirdiyi kimi, ona məxsus hesabdan vəsaitin silinməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququndan (mülki qaydada və yaxud aidiyyəti hüquq mühafizə orqanına müraciət etməklə cinayət mühakimə icraatı qaydasında) istifadə edə bilər. Yəni nəticə etibarı ilə iddiaçının əqdin etibarsızlığına dair iddia tələbinin təmin edilməməsi, ona dəymiş olan ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququna mane ola biləcək hal kimi qiymətləndirilməməli və iddiaçıya maraqlarının, qanuni mənafeyinin təmin edilməsi üçün qanun çərçivəsində zəruri addımları ata biləcəyi izah olunmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-523/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-523/2025
07.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver