Məhkəmə qərarları › İş №2(006)-5238/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5238/2021

21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5238/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı barədə 18.11.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqısı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh1 ilə 21 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 mart 2016-ci il tarixdə Cavad adlı övladları doğulmuşdur. 29 may 2019-cu il tarixdə aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Birgə nikah dövründə “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il 2(006)-5792/2020 saylı iş üzrə qərardadı ilə “Lexus LX 570” markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(006)-5792/2020 saylı iş üzrə qərardadı ilə “Lexus LX 570” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil 18.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında avtomobil sonuncunun adından yatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satıqısı barədə 18.11.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi əqdi bağlamağa olmayan ər (arvad) onların ümumi əmlakı üzərində bağlanmış sərəncam əqdini o mübahisələndirə bilər ki, əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdi və ya bilməli idi. Bununla yanaşı, avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşmar əşya olduğundan onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edilir. Həmin qaydalara görə isə ər-arvaddan birinin daşınmaz əmlak də sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. O, əqdin bağlanmasına nə şifahi nə də ki yazılı razılıq verməmişdir. Həmin avtomobilin üzərində onun1/2 hissədə payının tanınması tələbinə münasibətdə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 37-ci maddəsinə müvafiq olaraq, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Eyni zamanda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(006)- 5792/2020 saylı iş üzrə qərardadı ilə “Lexus LX 570” markalı, 90 HP -999 dövlət yyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil başqa bir şəxsə satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(103)-5344/2021 saylı qətnaməsi mübahisəli avtomobil özgəninkiləşdiyindən və həmin alqı-satqı müqaviləsi mübahisələndirilmədiyindən və nəqliyyat vasitəsinin yeni sahibi işə cəlb edilmədiyindən apellyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etmədi və məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı əqdin etibarsız hesab edilməsi, əmlak üzərində payın tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı ilə Cavabdeh1 21.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(006)- 321/2017 saylı qətnaməsi ilə pozulmuşdur. 19.01.2017-ci il tarixdə **-HP-*** dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Lakin həmin avtomobil Cavabdeh1 tərəfindən deyil, atası X6 tərəfindən əldə edilmişdir. Heç təsadüfi deyildir ki, həmin avtomobilin idarə edilməsinə dair X3 etibarnamə verilmiş və avtomobil daim onun tərəfindən idarə edilmişdir. Hətta İXM-nin tələblərinin pozulması ilə bağlı yazılmış bütün protokollar Eldəniz Məmmədovun adına tərtib edilmiş və müvafiq cərimələr də onun tərəfindən ödənilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, 19.01.2017-ci il tarixdə **-HP-*** dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil əldə olunarkən, hazırki iş üzrə iddiaçı nikahın pozulmasına dair iddia ərizəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və tərəflərə barışıq üçün 3 ay vaxt verilmişdir. Başqa sözlə, iddiaçı və cavabdeh arasında birgə təsərrüfatın idarə edilməsi olmamışdır, ailə münasibətlərinin gərgin olduğu bir məqamda birgə gəlir hesabına nəyinsə əldə edilməsi inandırıcı deyildir. Göründüyü kimi ailə (mülki) qanunvericilik imperativ olaraq qeyd edir ki, ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən əşyalar daxildir. Hazırki halda iş materiallarından görünür ki, baxmayaraq ki, avtomobil formal olaraq cavabdehin adına qeydə alınmışdır, əslində o birgə gəlir hesabına əldə edilməmiş, avtomobil cavabdehin atası tərəfindən alınmışdır. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Beləliklə, əvvəla, mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz, ikincisi, Cavabdeh1 onun adma qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirməkdə tam haqlı olmuşdur, alqı-satqı zamanı əqdin etibarsızlığına dəlalət edən heç bir mülki pozuntusu olmamışdır. Eləcə də hazırki iddia tələbi üzrə ümumi əmlakda payların müəyyən edilməsi üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, nikah pozulduqdan sonra Cavabdeh1 hər ay sabit məbləğdə aliment ödəmişdir. Beləliklə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu ən pis halda 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 21 oktyabr 2014-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikah bağlanması haqqında akt qeydləri kitabında 969 № ilə qeydə alınmış nikah pozulması, 17 mart 2016-cı il təvəllüdlü X4 anası X2 yanında saxlanılması, azyaşlı uşağın yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay 136,60 manat sabit məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “əmlak bölgüsü tələbi”nə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 18.11.2020-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı” Müqaviləsindən görünür ki, Cavabdeh1 “Lexus LX 570” markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 28000 manata satmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli, LP-180/2021 saylı mütəxəssis rəyindən görünür ki, “Lexus LX 570” markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki tarixə bazar qiyməti 67000 ABŞ dolları, likvid qiyməti 65000 ABŞ dolları təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 19.01.2017-ci il tarixdə **-HP-*** dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak kimi hesab edilə bilməz. Bundan başqa, Cavabdeh1 onun adına qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirmiş və alqı-satqı zamanı heç bir mülki pozuntusu olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, nikah pozulduqdan sonra Cavabdeh1 hər ay sabit pul məbləğdə aliment ödəmişdir. Beləliklə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadm nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4 və 373.5-ci maddələrinin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəsildə müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti haqqında müəyyən edilmişdir ki: Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; Üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəyi orqanında pozulduqda pozulmanın dəvlət qeydiyyatına alindıği gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar