Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5245/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «01 mart 2018-ci il tarixli 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «01 mart 2018-ci il tarixli 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2018-ci il tarixli 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış dəbbə pulu üzrə 3.800 manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və lizinq obyekti sayılan, iddiaçıya məxsus 1 ədəd 2011-ci il buraxılışlı, «BMW 750» markalı minik avtomobilinin, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 mart 2018-ci il tarixdə 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2011-ci il buraxılışlı, «BMW 750» markalı minik avtomobilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 24.06.2021-ci il tarixədək lizinq ödənişləri üzrə 37.659,74 manat, dəbbə pulu üzrə 3.800 manat, cəmi 41.459,74 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Lizinqin müddəti 01.03.2021-ci il tarixdə bitmişdir. Lizinq müqaviləsinin 18.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib, habelə lizinq müqaviləsinin 18.1.7-ci bəndinə əsasən lizinq müqaviləsinin 16-cı bəndində şərh edilmiş tələblərini pozulduğu hallarda bu, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. Lizinq müqaviləsinin 18.2-ci bəndinə əsasən lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Hazırda lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Lizinq müqaviləsinin 14.1-ci bəndinə əsasən lizinq alan müəyyən edilmiş müddətlərdə lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5 % məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Lizinq alan isə həmin dəbbə pulunu lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 14.3-cü bəndinə əsasən lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və / və ya penya) ödənilməsi, lizinq alan ödənilməmiş lizinq ödənişlərinin və digər ödənişlərinin ödənilməsindən, lizinq müqaviləsinin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. Müqavilənin 14.4-cü bəndinə əsasən lizinq müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi lizinq verənin yazılı tələbnaməsinə əsasən həyata keçirilir. Lizinq alan dəbbə pulunu lizinq verənin müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 iş günü ərzində ödəməlidir. Lizinq verən, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdən başqa, lizinq müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra lizinq alana dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır. Lizinq müqaviləsinin 19.1-ci bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən sonra 15 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan, maliyyə lizinqinin müddətinin bitməsinə 1 ay qalmış lizinq alana bunu yazılı formada təsdiq etməklə lizinq obyektini öz mülkiyyətinə qəbul etməyə borcludur. Yuxarıda göstərilənlərin yerinə yetirilməsi şərtilə lizinq verən əlavə ödəniş tələb etmədən müqavilənin icra olunması haqqında aktı imzaladıqda lizinq alana lizinq obyektinə mülkiyyət hüququnu verməyi öhdəsinə götürür, lizinq obyektinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün dövlət qeydiyyatı tələb olunduqda, lizinq alan, müqavilənin icra olunması haqqında aktın imzalanmasından sonra 10 təqvim günündən gec olmayaraq lizinq obyektinə mülkiyyət hüququnu öz adına dövlət qeydiyyatına aldırmalıdır. Müqavilənin 19.2-ci bəndinə əsasən müqavilənin 19.1-ci bəndində müəyyən edilmiş şərtləri yerinə yetirmədikdə, lizinq alan, lizinq müddətinin bitməsindən sonra 15 təqvim günü ərzində lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizinq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Lizinq alan lizinq obyektini lizinq verənə qaytarmadıqda və / və ya icarə müqaviləsini bağlamadıqda, lizinq verən, lizinq obyektinin qaytarılmasının hər gecikdirildiyi gün üçün lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləğinin 1 faizi miqdarında penya tələb edə bilər. Lizinq obyektinin qaytarılmasının gecikdirilməsi müddəti lizinqin müddətinin bitməsindən sonra gələn gündən hesablanır. Lizinq alan müqavilənin 19.1-ci bəndində müəyyən edilmiş müddətlərdə lizinq obyektini öz adına rəsmiləşdirmədikdə, lizinq verən lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləği miqdarında dəbbə pulu hesablaya bilər, lizinq alan isə lizinq verən tərəfindən müvafiq hesabın göndərildiyi gündən 10 təqvim günündən gec olmayaraq bunu ödəməyi öhdəsinə götürür. Dəbbə pulunun ödənilməsi lizinq obyektinə mülkiyyət hüququnun öz adına rəsmiləşdirilməsindən lizinq alanı azad etmir. Bu bəndin məqsədləri üçün lizinqin müddəti müəyyən edilərkən lizinq ödənişlərinin ödənilməsi üzrə lizinq alana verilmiş hər hansı möhlətin dövrü nəzərə alınmır. İddiaçı aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında 01 mart 2018-ci il tarixdə bağlanmış 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsindən və həmin lizinq müqaviləsinin bağlanmasına dair digər sənədlərdən görünür ki, iddiaçı mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2011-ci il buraxılışlı, «BMW 750» markalı minik avtomobilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə İddiaçı MMC-dən lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 mart 2018-ci il tarixli 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış 300 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli; lizinq obyekti sayılan, iddiaçıya məxsus 1 ədəd 2011ci il buraxılışlı, «BMW 750» markalı minik avtomobili, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, lizinq obyektinin qaytarılması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 mart 2018-ci il tarixli 06/18/0124 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış 300 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Lizinq obyekti sayılan, iddiaçıya məxsus 1 ədəd 2011-ci il buraxılışlı, «BMW 750» markalı minik avtomobili, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı MMC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5245/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5245/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver