Məhkəmə qərarları › İş №2(006)-5246/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5246/2024

28.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5246/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024-0289/02 saylı Mediasiya Sazişinin bir hissəsi yəni, 4-cü bəndinə əsasən Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 700 (yeddi yüz) manat alimentin ərizəçinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs nikahı xx.xx.2013-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin nikahı hazırda formal xarakter daşıyır və ərizə “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uşaqlar hazırda ərizəçinin yanındadır. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024-0289/02 saylı Mediasiya Sazişinin bir hissəsi icra olunsa da, “aliment”lə bağlı hissədə barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Belə ki, qeyd edilən Sazişin 4-cü bəndinə əsasən Maraqlı şəxs ilə xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 700 (yeddi yüz) manat aliment Ərizəçi bank hesabına ödənilməlidir. Lakin Məmmədov X2 üzrə öhdəliyini könüllü şəkildə icra etmədiyindən Ərizəçi bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, Ərizəçi iddia ərizəsinin “qeyd” hissəsində məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməcəyinin nəzərə alınıb, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini xahiş etmiş, Maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

5. Məhkəməyə təqdim edilən Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024-0289/02 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “Nikah münasibətləri:

1. Tərəflər nikahın davam etdirilməsinə razılıq vermədilər və nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirdilər. Uşaqların himayəsi:

2. Birinci tərəf Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi “Birinci tərəf” ana Ərizəçi yanında saxlanılır. Ünsiyyət hüququ:

3. “Birinci tərəf” ana Ərizəçi öz üzərinə öhdəlik götürür ki, “Tərəflər” arasında razılaşdırılmış vaxtlarda, uşağın “İkinci tərəf” Maraqlı şəxs övladları X7 və X8 ilə ünsiyyətinə və görüşməsinə heç bir maneə yaratmayacaq. Aliment və digər xərclərlə əlaqədar öhdəliklər:

4. “İkinci tərəf” Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 700 (yeddi yüz) manat məbləğində alimenti ödəyəcəkdir. Aliment hər növbəti ayın 1-dən 10-dək Birinci tərəf Ərizəçi kartına köçürələcəkdir. Mediasiya xərcləri İlkin mediasiya xərci (50 manat) və tam mediasiya sessiyası haqqı (100 manat) Birinci tərəf ana Ərizəçi tərəfindən ödənilir”.

6. Doğum haqqında AZ-İİİ seriyalı 797431 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2016cı il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır.

7. Doğum haqqında AZ-İV seriyalı 371959 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2020ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır.

8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi ilə tərəflər nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərini, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması, atanın hər ay 700 manat sabit pul məbləğində aliment ödəməsi, uşaqlarla atasının ünsiyyətdə olması barədə razılığa gəlmişlər.

10. Ərizəçi tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, uşaqlar ananın yanında qalmışdır. Lakin ərizəçi ata tərəfindən hər ay barışıq sazişində göstərilən sabit pul məbləğində alimentin ödənilmədiyini bildirərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

c) Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən hazırkı icraat çərçivəsində tərəflər arasında bağlanmış barışıq sazişinin ərizəçi tərəfindən təsdiq edilməsi tələb edilən bəndinin qanunauyğun olub-olmaması, yəni təsdiq edilməli olub-olmaması məsələsi araşdırılır.

12. Barışıq sazişinin təsdiq edilməsi tələb edilən bəndi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, sazişin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilməsi, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmaması, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmaması, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq bir tərəfə zərər vurmaması məhkəmə tərəfindən müəyyən edilmişdir.

13. Həmin bənddə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay ərizəçiyə ödənilməli olan məbləğin qanunla müəyyən edilmiş uşaqların yaşayış minimumu məbləğindən artıq olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, sazişin bu bəndi yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə də uyğundur.

14. Sözügedən bəndin sazişin digər bəndlərindən ayrılması mümkün olduğundan, məhkəmə həmin hissədə barışıq sazişin təsdiq edilməsini mümkün hesab edir.

15. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin alimentlə bağlı olan 4-cü bəndinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li qərardadı: 24-30-cu bəndlər. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. 33-36, 39-cu bəndlər. Bununla belə, məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır. İddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılayır. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. İkinci halda isə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). 45-51-ci bəndlər. MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda isə belə çıxır ki, məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Məlum olduğu kimi, kassasiya instansiyası məhkəməsi də barışıq sazişini eyni əsaslarla təsdiq edərək işin icraatına xitam verə bilər (MPM, maddə 417.1.5). Halbuki, kassasiya məhkəməsinin iş üzrə hər hansı faktı müəyyən etmək və ona qiymət vermək səlahiyyəti yoxdur. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir.

18. Beləliklə, məhkəmə barışıq sazişinin müvafiq bəndini iş materialları və yuxarıda istinad olunan qanunvericilik normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024- 0289/02 nömrəli barışıq sazişinin aşağıdakı məzmunda olan 4-cü bəndi təsdiq edilməlidir: “4. İkinci tərəf – Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 700 (yeddi yüz) manat məbləğində aliment ödəyəcəkdir. Aliment hər növbəti ayın 1-dən 10-a kimi ikinci tərəf – Ərizəçi bank kartına köçürüləcəkdir”.

19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edildiyindən, iş üzrə ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmadığını da vurğulayır.

Nəticə:

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024- 0289/02 nömrəli barışıq sazişinin aşağıdakı məzmunda olan 4-cü bəndi təsdiq edilsin: “4. İkinci tərəf – Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 700 (yeddi yüz) manat məbləğində aliment ödəyəcəkdir. Aliment hər növbəti ayın 1-dən 10-a kimi ikinci tərəf – Ərizəçi bank kartına köçürüləcəkdir”. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar