Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-529/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS- 2464 saylı «daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 1.163,97 manat gecikdirilmiş əsas, 624,39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 489,87 manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD» minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 529,50 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 280 manat, ümumilikdə 3.087,73 manat borc və ödənilmiş 51,28 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2020-ci il tarixli MAS-2464 saylı «Daxili lizinq» müqaviləsinə əsasən Cavabdeh sıfarişi ilə 2020-ci i buraxılışlı, «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220198 ban nömrəli, qara rəngli avtomobil 13.300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 14 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19.088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.088 manatın 13.300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10 avqust 2022-ci il tarixdə 2.950 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 avqust 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 529,50 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 20 iyun 2020-ci il tarixli MAS-2464 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahibik və istifadə edilməsinə görə 05 avqust 2022-ci il tarixə ümumilikdə 2278,23 manat gecikmə borcu yaranmışdır. Həmçinin «Daxili lizinq» müqavləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X1 tərəf indən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Belə ki, İXP ******* saylı protokola görə 280 manat məbləğincə pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən məhkəmyə ərizə ünvanlanaraq, mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AD 781592 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. - İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2464 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 13.300 manat təşkil etmişdir. Lizinq alan bu müqavilə imzalandığı gündən 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirərək, «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alana təhvil vermişdir. - xx.xx.2022-ci il tarixli, 4254 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS_2464 saylı «Daxili lizinq» müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1.163,97 manat gecikdirilmiş əsas borc, 624,39 manat gecikdirilmiş mükafat, 489,87 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.278,23 manat borcunun mövcud olması qeyd edilmişdir. - Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, K.Kazımov «Khazar SD» minik markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, avtomobildə heç bir pulun və digər qiymətli əşyanın olmadığı, lakin arxa sağ faranın sınıq olduğu, qabaq sol diskin, qabaq dumana qarşı işıqların, açarın olmadığı müəyyən edilmişdir. - İddiaçı MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 529,50 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Qüsur aktında təmir və dəyişdirilmə işlərinin məzmunu, eləcə də ehtiyyat hissələrinin adları və onlara görə hesablanmış məbləğlər göstərilmişdir. - Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən inzibati xəta haqqında protokol üzrə ümumilikdə 280 manat məbləğində cərimə, habelə iddianın məhkəmədə qaldırılması üçün 51,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, MAS-2464 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (lizinq obyektinin təhvil verilməsi və s.) yerinə yetirsə də, lizinq alan (cavabdeh) onun üzərinə qoyulmuş öhdəlikləri (lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsi və s.) yerinə yetirməmiş və nəticə etibarı ilə müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Bununla da lizinq verənin (iddiaçının) tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edildiyi kimi, müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması səbəbilə xx.xx.2020-ci il tarixli, MAS- 2464 saylı «Daxili lizinq» müqaviləsi üzrə cavabdehin istifadəsinə və sahibliyinə verilmiş lizinq obyekti iddiaçıya təhvil verilmiş və təhvil verildiyi zaman lizinq obyekti olan avtomobilə baxış keçirilərək avtomobildə müəyyən qüsurların olması aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda avtomobildə hansı qüsurların aşkar edildiyi aydın şəkildə qeyd edilmişdir. Lakin sonradan, xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib edilərək, lizinq obyektində aşkar edilmiş qüsurlar, bu qüsurların aradan qaldırılması üçün zəruri ehtiyyat hissələri, təmir və dəyişdirilmə işləri və bu ehtiyyat hissələrinin, o cümlədən işlərin həyata keçirilməsi üçün tələb olunan zəruri məbləğlər ayrı-ayrılıqda qeyd edilmiş və ümumilikdə dəymiş zərərin 529,50 manat təşkil etdiyi göstərilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, lizinq obyektinin təhvil verilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktla sonradan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktı arasında ziddiyyətlər aşkar edldiyindən, məhkəmə «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə təhvil verildiyi zaman aşkar edilmiş qüsurlara görə ümumilikdə 208,5 manat (stop sağ – 110,5 manat, dumana qarşı sağ işıq – 39 manat, dumana qarşı sol işıq – 39 manat, elektrik işi – 20 manat) ziyanın dəydiyi qənaətinə gəlir. Eyni zamanda, lizinq obyektinin cavabdehdə olduğu müddət ərzində «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücünün inzibati qaydada cərimələndiyi də iş materiallarına əlavə edilmiş sənədlərlə (inzibati xəta haqqında protokol və s.) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, lizinq müqaviləsinin qüvvədə olduğu dövrdə lizinq obyektinin istismarı zamanı törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə əlaqədar hesablanmış cərimə cavabdeh tərəfindən ödənilməmiş, bununla da cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi – lizinq şirkəti maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədilmiş inzibati xətaya görə tərtib edilmiş inzibati cərimə üzrə ödəmiş olduğu 280 manat pul vəsaiti Cavabdeh tutularaq ididaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmasına (iddia tələbinin 75,35 faizi təmin olunmuşdur) mütənasib olaraq ödənilmiş 51,28 manat dövlət rüsumunun 38,64 manatı iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, MAS-2464 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 1.163,97 manat gecikdirilmiş əsas, 624,39 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 208,5 manat, inzibati xəta haqqında protokola görə ödənilmiş 280 manat, ümumilikdə 2.326,86 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 38,64 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilə üzrə cəmi 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, MAS-2464 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 1.163,97 manat gecikdirilmiş əsas, 624,39 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 208,5 manat, inzibati xəta haqqında protokola görə ödənilmiş 280 manat, ümumilikdə 2.326,86 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 38,64 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-529/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-529/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver