Məhkəmə qərarları › İş №2(006)-5331/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5331/2020

01.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5331/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sayğacın yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sayğacın yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivi ünvanda onun adına olan **********01611 saylı abonent koduna hesablanmış 859 manat 85 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə onun evinə aid abonent kodu **********01611 olan sayğaca guya onun tərəfindən müdaxilə olunduğu üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilərək, ona 859 manat 85 qəpik cərimə məbləği hesablanmışdır. O, bir vətəndaş kimi bu aktla razı olmadığı üçün məhkəməyə müraciət edərək, hüquqlarının bərpa edilməsini xahiş edir. Belə ki, Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin enerjisinin təmini ilə bağlı onunla «X4» ASC ilə onun arasında texniki şərt müqaviləsi bağlanılmışdır. O, sərf etdiyi enerjiyə görə vaxtı-vaxtında ödənişlər edir və heç bir problemlə üzləşmirdi. Hətta aylıq ödənişləri əlavə etdiyi üçün onun balansında əlavə ödəniş olmuşdur. Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin işıq sayğacı işləmədiyi üçün xx.xx.2016-cı il tarixdə «xxxx» ASC-nin X3 və Satış İdarəsinə teleqram vuraraq xahiş etmişdir ki, müvafiq tədbirlər görülsün və evinin elektrik enerjisi bərpa edilsin. Müraciətindən sonra onun evinə qoyulan sayğaca baxış keçirilmədiyi və bir nəticəsi olmadığı üçün təkrar olaraq eyni məsələ ilə bağlı yazılı şəkildə xx.xx.2016-cı il tarixdə ərizə ilə bir daha müraciət etmişdir. Onun ərizəsi rəsmi qaydada Ə-142 nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra evdə yaşayış olmadığı üçün sayğacın dəyişibdəyişilmədiyi barədə məlumatı olmamışdır. Çünki, o, həmin ərəfələrdə keçmiş həyat yoldaşı Ağayeva Aytəkin Böyükağa qızı ilə arasında olan ailə münasibətlərinə son qoyulduğu üçün qeydiyyatda olduğu rayona getmişdir. Son aylarda həmin evdə yaşadığı üçün hazırkı məsələdən məlumatı olmuşdur. Yəni, ona guya sayğaca müdaxilə etdiyi üçün cərimə tətbiq edilmişdir. 2016-cı ildə o, evdə olmayan zaman, 4-5 nəfər evinə gələrək sayğaca baxış keçirmişlər. Daha sonra evinə verilən elektrik enerjisi kəsilmişdir. Həyat yoldaşı sayğaca baxmaq üçün çıxdıqda artıq həmin şəxslərin uzaqlaşdığını görmüş və dərhal səslənərək, işığın kəsildiyini bildirmişdir. Bir nəfər şəxs sayğaca yaxınlaşaraq, sayğaca baxmış və nə isə iş görərək, işığı bərpa etmişdir. Elə o gündən də çıxıb getmişlər. O, müharibə veteranıdır, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Belə bir haqsızlığa məruz qaldığı üçün isə səhhəti lap pisləşmişdir. O, məhkəmə iclası zamanı daha ətraflı məlumat verəcək. Bu günə kimi etdiyi müraciətlərlə bağlı iddia ərizəsinə əlavələr edir. Hesab edir ki, «xxxx» ASC tərəfindən cərimə kimi müəyyən edilmiş 859 manat 85 qəpik cərimə pulu əsassız olduğu üçün silinməlidir. Hazırda onun evinə verilən işıq kəsilmişdir və o, bu soyuq aylarda işıqsız qalmışdır. Haqlı olduğu halda, ona heç bir cavab verilmir, nə də işığın bərpa edilməsi üçün tədbirlər görülmür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sayğacın yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi» tələbinə dair iddiasını əsassız hesab edirlər. Belə ki, xx xxxx 2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları abonent İddiaçı Ağış oğluna məxsus Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin sayğacının alt qapağının möhürünün qırıq olması, sayğacın giriş və çıxış faza xətlərinin eyni yuvaya daxil edilməsi, sayğacın dövrədən kənarlaşdırılması aşkar olunmuşdur. «xxxx» ASC-nin əməkdaşları tərəfindən aşkar olunmuş faktla bağlı NDM seriyalı 018262 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. «xxxx» ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 8.316 kvts. itirilmiş elektrik enerjisi dəyəri (3,3 kvt x 24 saat x 0,07 x 150 gün) = 854 manat 76 qəpik məbləğində müəyyən edilməklə abonentin **********01611 saylı abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmin qərarla həmçinin sayğacın yenisi ilə əvəz olunması qərara alınmışdır. «Elektrik enerjisindən istifadə» Qaydalarının 8.32, 8.33, MPM-in 77, 217.4-cü maddəsinə istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evi ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********01611 abonent kodu verilmişdir. xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018262 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, sayğacın alt qapaq möhürü qırıqdır, sayğacın giriş və çıxış faz xəttləri eyni yuvaya daxil edilmişdir, sayğac dövrədən kənarlaşdırılmışdır. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 854 manat 76 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı adına olan **********01611 saylı abonent koduna hesablanmış 854 manat 76 qəpik (749 manat 76 qəpik + 105 manat) elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********01611 saylı abunə koduna hesablanmış 854 manat 76 qəpik (749 manat 76 qəpik + 105 manat) elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçıya mübahisələndirdiyi akta görə 859 manat 85 qəpik deyil, 854 manat 76 qəpik (749 manat 76 qəpik + 105 manat) elektrik enerjisi borcu yazılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********01611 saylı abunə koduna hesablanmış 854 manat 76 qəpik (749 manat 76 qəpik + 105 manat) elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar