Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5353/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdehlər X4 və digərlərinə qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi mənzil 249-da, X4 məxsus ünvan 9, mənzil 219-da, X1 məxsus ünvan 9, mənzil 436-da, Cavabdeh1 məxsus ünvan 9, mənzil 442-də, X2 məxsus ünvan 9, mənzil 442F-də aparılmış qanunsuz tikililərin sökülməsi (arakəsmə və sairə) və fasad hissəsində açılmış pəncərə boşluqlarının qapadılması, mənzillərin və binanın fasad hissəsinin təsdiq edilmiş layihəyə əsasən əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin üzərlərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə sənədlərinə əsasən ünvan 1 ünvanında hündür mərtəbəli yaşayış binası inşa etmiş və istismara verərək mənzil mülkiyyətçilərinə təhvil vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində MTK ünvan 2 ünvanında yerləşən yaşayış kompleksinə kommunal xidmətlərin göstərilməsini (mühafizə, lift və sairə) iddiaçıya ötürür və iddiaçı binanı qəbul edərək kommunal xidmətlər və binanın saxlanmasına nəzarət edir. Lakin bir müddətdən sonra məlum oldu ki, binanın sakinləri olan cavabdehlər binanın faktiki layihəsinə konstruktiv dəyişiklik edərək onlara məxsus mənzillərin daxili planlaşmasını dəyişmişlər və mətbəxin yerini dəyişərək, binanın fasadına müdaxilə edərək əlavə fasad hissəsində pəncərə boşluqları açmışdılar. İddiaçı bunu gördükdən sonra dərhal müvafiq olaraq Fövqaladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat vermişdir. X16 Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11 16 yanvar 2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, qanunsuzluğun aradan qaldırılması onların səlahiyyətinə daxil deyil və bütün məsuliyyət iddiaçının tam olaraq üzərindədir və bütün lazımı tədbirləri iddiaçı görməlidir. Bundan sonra iddiaçı cavabdehlərə şifahi və yazılı pretenziya ilə xəbərdarlıq göndərsə də, onlar xəbərdarlığı nəzərə almamışlar və bunun nəticəsi olaraq dövlətin qanunlarını pozaraq iddiaçının və digər sakinlərin hüquqların pozmuşdurlar (təhlükəsiz yaşamaq və sairə) və pozmaqda davam edirlər.
3. İddiaçı "xxxx" MMC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, İddiaçı MTK-nın cavabdehlərin mülkiyyətində olan mənzillərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olması, həmçinin həmin mənzillərin yerləşdiyi binaları inşa etməsi və balansında saxlaması səbəbindən iş üzrə iddiaçının əsl iddiaçı - İddiaçı MTK ilə əvəz edilməsini xahiş etmişdir.
4. İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin əsl iddiaçı Azər-Ross İ K” MTK ilə əvəz edilməsinə etiraz etmədiklərini bildirərək, ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X4 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın Cavabdeh1 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın X3, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh X1 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X8 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair hissələrinin ayrılaraq, hər birinin ayrıca icraatda baxılması və həmin iddia ərizələri üzrə işlərin hər birinə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
6. İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
7. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh Mənzil Məcəlləsinə əsasən, mənzilini təmir etdirmişdir və yaşayış sahəsinin heç bir konstruktiv elementini dəyişdirməmişdir. O, mənzilin daxilində otaqların yerini dəyişdirməklə hər hansı binaya təhlükə törədəcək söküntü işləri aparmamışdır ki, bu da mənzilin daxili planlamasının dəyişdirilməsinə dəlalət versin. Digər tərəfdən, yaşadığı mənzildə binanın fasadına müdaxilə edərək əlavə fasad hissəsində pəncərə boşluğunu İddiaçı MTK tikinti sahə rəisinə (prorab) ödəniş qarşılığında onun razılığı ilə açmışdır. Bu pəncərə boşluğunu açmasının səbəbi budur ki, övladının gözündə olan zəifliyə görə ona gün işığı lazımdır. Həmçinin, mənzil daxilindəki 20 sm-ə qədər olan divarlar yükdaşıyan divar sayılmır. Daşıyıcı divar funksiyasını 40 sm və daha artıq enlilikdə olan sütunlar daşıyır. Fasad hissəsində açılan pəncərə boşluğu binaya və sakinlərə təhlükə törətməyi üçündür ki, MTK-nın sahə rəisi buna icazə vermişdir. Cavabdeh 2015-ci il tarixdən etibarən həmin binada artıq doqquz ildir ki, yaşamaqdadır. Bu doqquz il ərzində nə hər hansı bir dövlət qurumundan, nə də MTK-dan cavabdehə heç bir xəbərdarlıq gəlməyib, buna görə də iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. İddiaçı MTK ilə X19 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MTK ünvan 3 ünvanında tikdiyi yaşayış kompleksinin 5-ci blokunun 18-ci mərtəbəsində ayrılmış 100,6 kv.m-dən ibarət 2 otaqlı 442 nömrəli mənzili alıcı X13 mülkiyyətinə verir, alıcı isə həmin sahəyə görə 70420 (yetmiş min dörd yüz iyirmi) manat ödəməyi öhdəsinə götürür.
12. İddiaçı MTK (“Birinci tərəf”) ilə "xxxx" MMC (“Xidmət göstərən”) arasında bağlanmış yaşayış kompleksinə kommunal xidmətlərin göstərilməsinin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, “Birinci tərəf” ünvan 1 ünvanında yerləşən yaşayış kompleksinə kommunal xidmətlərin göstərilməsini, xidmətlərin göstərilməsi zamanı xx.xx.2020-ci il tarixədək yaranmış bütün borcları “Xidmət göstərən”ə ötürür, “Xidmət göstərən” yaşayış binasında həmin xidmətlərin göstərilməsini, borcların ödənilməsini öz üzərinə götürür.
13. İddiaçı MTK-nın xx.xx.2022-ci il tarixli, 116 nömrəli maliyyə arayışından görünür ki, həmin MTK-nın ünvan 4 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 18-ci mərtəbəsinin yerləşən ümumi sahəsi 100,6 kv.m-dən ibarət 2 otaqlı 442 nömrəli mənzilin dəyəri mərhum X19 tərəfindən tam ödənilmişdir. Qeyd edilən mənzil üzrə X13 MTK-ya heç bir borcu yoxdur.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 5 ünvanına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti X9. Mübahisələndirilən pəncərə boşluğunun mövcudluğu texniki pasportdan müəyyən edilir.
15. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Bakı şəhəri 29 saylı notariat ofisinə müraciət edərək, 14 iyul 2020-ci ildə vəfat etmiş əri - X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ1022, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 92,6 kv.metr olan mənzil (reyestr nömrəsi: **********76-05301-093483) tam mülkiyyət hüququ üzrə X13 adına (qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmışdır.
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7 ünvanında yerləşən yaşayış binasına baxış keçirilərkən binanın fasadında pəncərə boşluqlarının açılması müşahidə edildiyi və binanın fasadının layihə vəziyyətinə gətirilməsinin MMC-yə tapşırıldığı, göstərilən nöqsanlarla əlaqədar vətəndaşların həyat və sağlamlığına, əmlakına zərər dəyməsi ilə nəticələnən hadisələr baş verdiyi halda məsuliyyətin MMC-nin üzərinə düşəcəyi qeyd edilmişdir.
18. "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, ünvan 5, blok 5, 18-ci mərtəbə ünvanında yerləşən mənzildə aparılmış qanunsuz tikililərin aradan qaldırılması, binanın fasadında, mənzilin daxilində aparılmış qanunsuz tikinti işlərini dayandıraraq 30 gün ərzində əvvəlki vəziyyətə bərpa edilməsi tələb edilmiş, əks təqdirdə müvafiq hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
19. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 10/2168 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 9 ünvanında yerləşən 442 nömrəli mənzil üzrə layihə sənədlərində öz əksini tapmayan pəncərə boşluğunun olduğu və bu pəncərə boşluğunun binanın fasad divarında açıldığı və pəncərə quraşdırıldığı müəyyən edilmişdir. Tədqiq olunan mənzildə binanın fasad hissəsində açılmış pəncərənin iş materiallarında olan layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. AzDTN 2.7-2 və AzDTN 1.7-1-də göstərilənlərə əsasən tədqiq olunan yaşayış binasının fasad hissəsində quraşdırılmış pəncərə konstruktiv dəyişiklik hesab edilmədiyindən, həmin pəncərələrin açılması binaya zərər vurmur. Qərardadda qeyd olunan “göstərilən mənzildə binanın fasad hissəsində açılmış pəncərələr binanın ümumi xarici görünüşünə xələl gətirməsi” məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından sual üzrə tədqiqat aparılmışdır.
21. Ekspertiza xərclərinə dair 24 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 Cavabdeh1 (1/2 hissədə) və Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
23. İş materiallarında, həmçinin, binaların fotoşəkilləri, layihəsi və digər sənədlər də vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MTK ünvan 3 ünvanında tikdiyi yaşayış kompleksinin 5-ci blokunun 18-ci mərtəbəsində yerləşən 100,6 kv.m-dən ibarət 2 otaqlı 442 nömrəli mənzili xx.xx.2015-ci il tarixli müqavilə əsasında cavabdeh X15 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1022, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 92,6 kv.metr olan mənzil tam mülkiyyət hüququ üzrə X13 adına qeydiyyata alınmışdır. Daha sonra X19 vəfat etmiş, mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh1 (1/2 hissədə) və Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
25. Hazırda iddiaçı cavabdehə məxsus mənzildə aparılmış qanunsuz tikililərin sökülməsi (arakəsmə və sairə) və fasad hissəsində açılmış pəncərə boşluğunun qapadılması, mənzilin və binanın fasad hissəsinin təsdiq edilmiş layihəyə əsasən əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək bildirir ki, sözügedən pəncərəni 2015-ci ildə mənzili alandan sonra İddiaçı MTK tikinti sahə rəisinin (prorab) razılığı ilə açmışdır. Mübahisələndirilən pəncərənin mənzilin texniki pasportunda da öz əksini tapdığını, əlavə olaraq, mənzilin təmiri zamanı heç bir konstruktiv dəyişiklik edilmədiyini, pəncərənin açılmasının binaya və digər sakinlərə heç bir təhlükə törətməyini bildirərək, iddianın təmin edilməməsini xahiş edir.
26. Tələb üzrə aparılan araşdırma zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 iyun 2025-ci il tarixli ekspert rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, ünvan 9 ünvanında yerləşən 442 nömrəli mənzil üzrə layihə sənədlərində öz əksini tapmayan pəncərə boşluğunun olduğu, bu pəncərə boşluğunun binanın fasad divarında açıldığı və pəncərə quraşdırıldığı, mənzildə binanın fasad hissəsində açılmış pəncərənin iş materiallarında olan layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Lakin tədqiq olunan yaşayış binasının fasad hissəsində quraşdırılmış pəncərə konstruktiv dəyişiklik hesab edilmədiyindən, həmin pəncərənin açılmasının binaya zərər vurmadığı müəyyən edilmişdir. c) Məhkəmənin mövqeyi:
27. Məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olmaqla yanaşı, hüquqdan sui-istifadə xarakteri daşıdığından, iddia təmin edilməməlidir.
28. İddia tələbinin “cavabdehə məxsus mənzildə aparılmış qanunsuz tikililərin sökülməsi (arakəsmə və sairə)” hissəsinə münasibətdə qeyd edilməlidir ki, mənzildə qanunsuz tikilinin aparılması (arakəsmə olması və s.) barədə dəlil iddiaçı tərəfindən heç bir mötəbər sübutla təsdiq edilməyən, formal, əsassız mülahizədən ibarət olmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddiaçı öz tələbini əsaslandırdığı halları sübut etmək vəzifəsini daşıyır. Lakin göründüyü kimi, cavabdehə məxsus mənzildə qanunsuz tikili aparılaraq arakəsmə çəkildiyini iddia edən iddiaçı tələbinin bu hissəsi ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirməmiş, hətta iş üzrə keçirilmiş məkhəmə ekspertizası nəticəsində də bu halın mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsi əsassız olduğundan və iddia edilən hallar sübuta yetirilmədiyindən, təmin edilməməlidir.
29. İddia tələbinin “binanın fasad hissəsində açılmış pəncərə boşluğunun qapadılması, mənzilin və binanın fasad hissəsinin təsdiq edilmiş layihəyə əsasən əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı isə qeyd olunması zəruridir ki, mübahisəli pəncərənin binanın layihəsində nəzərdə tutulmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən hazırkı iş üzrə əldə edilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş müvafiq ekspert rəyi ilə öz təsdiqini tapır. Lakin, iddiaçı cavabdehin bu pəncərəni özbaşına açdığını iddia etsə də, cavabdeh 2015-ci ildə mənzili aldıqdan bir müddət sonra İddiaçı MTK tikinti sahə rəisinin (prorab) razılığı ilə açdığını bildirmişdir. Pəncərənin iddiaçı tərəfindən hazırlanaraq müvafiq orqan tərəfindən təsdiq edilmiş bina layihəsində nəzərdə tutulmaması və hazırda cavabdehin xüsusi mülkiyyətində olan mənzildə mövcud olması, yəni mənzildə layihədən kənar pəncərə açılması mübahisəsizdir. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, pəncərənin açılmasından artıq uzun müddət keçmiş, bu müddət ərzində isə iddiaçı tərəfindən cavabdehə bununla bağlı heç bir rəsmi müraciət ünvanlanmamış, yalnız 2024-cü ilin fevral ayında pretenziya göndərilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2022-ci ildə tərtib edilməsi müəyyən edilən texniki pasportda da pəncərənin əks olunması müəyyən edildiyindən, deməli, ən azı 2 il (və ya cavabdehin izahatını əsas götürsək, 9 il) iddiaçı bu pəncərənin mövcudluğundan xəbərdar olmuş, lakin susmaqla bu vəziyyətə öz razılığını nümayiş etdirmişdir. Ümumiyyətlə, iddiaçının pəncərənin açılmasından xəbərdar olmaması, sonradan müəyyən etməsi, müəyyən edən kimi Tikintidə Təhlükəsizliyə X11nə, sonra isə pretenziya qaydasında cavabdehə və nəhayət, məhkəməyə müraciət etməsi inandırıcı və ağlabatan sayılmır. İddiaçı bu pəncərənin mövcudluğunun binaya zərər vurduğunu iddia etsə də, məhkəmə araşdırmaları zamanı əldə edilmiş ekspert rəyi ilə pəncərənin konstruktiv dəyişiklik hesab edilməməsi və buna görə də binaya zərər vurmaması müəyyən edilmişdir. Deməli, iddiaçının bu dəlili həqiqəti əks etdirmir, buna görə də məhkəmə tərəfindən əsassız sayılır. İddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclaslarından birindəki izahatında “digər qonşular da istəyir, biz icazə vermirik, onda bu pəncərələri göstərib deyirlər, bəs onlara niyə icazə vermisiniz?!” fikirlərini səsləndirməsi tələbin irəli sürülməsində iddiaçının əsl niyyətini aşkarlayır. Belə ki, məhz başqalarına buna icazə verməmək, mövcud pəncərələrin açılmasından isə guya xəbərdar olmadığını sübut etmək naminə, “başqaları da istəyir” əsası ilə hazırkı iddianı irəli sürən iddiaçı əslində illərdir göz yumduğu (və ya elə özünün etdiyi) bu “özbaşınalığı” indi hüquqdan sui-istifadə etməklə, məhz məhkəmə qərarı ilə aradan qaldırmaq, həmin şəxslərin gözündə belə demək mümkünsə, “özünü təmizə çıxarmaq” istəyir. Lakin məhkəmə hesab edir ki, iddiaçının illərdir susduğu, razılaşdığı, mövcudluğuna göz yumduğu pəncərənin sökülməsi tələbi mülki hüquq münasibətlərində rəhbər tutulan dürüstlük qaydasına uyğun gəlmir, cavabdehin güvənmiş olduğu əvvəlki və fasiləsiz rəftara zidd hesab olduğundan, hüquqdan suiistifadə qadağası nəzərə alındıqda, iddianın təmin edilməsi üçün əsas müəyyən edilmir.
30. Onu da qeyd etmək zəruridir ki, iddiaçı pəncərənin binanın ümumi xarici görünüşünə uyğun gəlmədiyini iddia etmiş, ekspert rəyində isə bu məsələyə münasibət bildirilməmişdir. Lakin iş materiallarında olan fotoşəkillər və videogörüntülər əsas verir ki, bu dəlil də məhkəmə tərəfindən əsassız sayılsın. Çünki mənzil binanın yuxarısında yerləşir, pəncərənin özü də iki binanın arasına düşür, yəni binanın boş qalan, yoldan görünən tərəfində deyil, iki bina arasındakı yerdədir, kənardan baxanda aydın görünmür ki, binanın xarici görünüşünə də xələl gətirsin. Beləliklə, iş üzrə müəyyən edilmiş digər hallarla birlikdə bu dəlil də iddianın təmin edilməsinə əsas vermir.
31. Məhkəmə Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin əsassız olması müəyyən edildiyindən, tələbə iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsinə zərurət yoxdur. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
33. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarı: Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
37. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
41. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova