Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5363/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2025-ci ildə "xxxx" ASC tərəfindən onun tətbiq edilmiş akta əsasən 1318 manat məbləğində cərimənin silinməsi və aktın onun hüququ nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, yazılmış borcun Elektrik enerjisindən istifadə haqqında Qanuna zidd olunmasını nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı Qarabağ müharibəsi veteranı 64 yaşlı Cəfərov Xaİəddin Şərəfəddin oğlu ünvan 1-un mülkiyyətçisidir. xx.xx.2025-ci ildə Bakıelektrikşəbəkə ASC tərəfindən yaşadığı mənzilə kənar xətt adı altında 1318 manat məbləğində cərimə yazılmışdır. Belə ki, AR Konstitusiyasının 73 və 63.4 maddəsi ilə və AR Prezidentinin 2005-ci il 18 saylı sərəncamına əsasən cavabdeh qanunun pozulması, elektrikşəbəkə tərəfindən istehlakçı hüquqlarının pozulması, tətbiq edilən cərimə aktında öz əksini tapmır. Belə ki, sayğac yerləşən şkaf küçədə ondan yaşadığı evdən 15 m aralı məsafədə yerləşmişdir. Hal-hazırda şkafın nəzarətsiz qalmasına və hər hansı müdaxiləyə o, cavabdehlik daşımır. Sayğac onun mülkiyyətində deyil cərimə aktı tətbiq edilərkən cavabdeh maddi sübut kimi heç bir şahidin iştirakından, imzasından istifadə olunması yolverilməz hesab etmişdir. Yalnız onu çağıraraq kənar xətt adı altında hədə-qorxu altında 500 manat hörmət etməyi və aktı tərtib edəcəyi ilə hədələmişdir. Ondan sonra ona - mənzil mülkiyyətçisinə qarşı akt tərtib etməklə əllərində olan mobil telefonun kamerasından istifadə edilərək maddi-sübut kimi istifadə olunmasını qaçılmaz saymışlar. O isə bir müharibə veteranı kimi, bir istehlakçı kimi, mənzilin mülkiyyətçisi kimi orada gedən proseslərə, özbaşınalığa, kənar xətt adı altında müdaxiləyə heç bir halda cavabdehlik daşımır və daşımaq istəmir. Belə ki, mənzildə yaşadığı müddətdə sayğac olan şkafa Nərimanov rayon Elektrik satışı idarəsinin nəzarətçiləri tərəfindən nəzarət olunaraq aylıq sərfıyyat barədə müvafiq qəbz verilir Həmin qəbzə görə ödəniş edir. Bu gün bir istehlakçı kimi onun il ərzində ödədiyi ödənişlər 40 manatdan başlayaraq 150 manat arasındadır, əgər o, istehlakçı olub, kənar xətdən istifadə edəcəyi halda yaşadığı evin məhəlləsində ümumi ayaqyolunun ümumi işıq xəttini qanunla öz evinə birləşdirərək həmin istifadə olunmuş elektrik enerjisinin pulunu ödəyir. Sayğacın onun yaşadığı mənzildən 15 metr aralı olması, onun mülkiyyətində olmaması, orada baş verən özbaşınalığa görə hansı qanunla məsuliyyət daşıya bilər? Onun tərəfindən aparılmış sayğacın şkafından çəkiliş zamanı sayğac şkafının bərbad vəziyyətdə olumasına, onun mühafizə olunmaması tərtib edilmiş aktda göstərilmir. Məlum məsələdir ki, cavabdehlər kənar xətt adı altında yazılmış cəriməyə bəraət qazandırmaq üçün telefon kamerasından istifadə etməklə ona qarşı dələduzluq etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak etmiş İddiaçı Şərafəddin oğlu iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin AKT NİM 012812 saylı xx.xx.2025-ci il tarixli aktına əsasən növbəti oxunma zamanı məlum oldu ki, EEİQ-na uyğun baxış keçirən zaman məlum oldu ki, 04 kvlluq paylayıcı şəbəkədən en kəsiyi 2x4 mm2 mis naqil vasitəsilə kənar xətt götürərək fərdi yaşayış evinə məxsus elektriklə çalışan su qızdırıcısına qoşulmuşdur. "xxxx" ASC-nin abunə haqqında məlumatına əsasən ünvan 1 ünvanına dair İddiaçı adına olan **********10009 nömrəli abunə hesabında 1236,78 manat borc yaranmışdır. "xxxx" ASC-nin akt komissiyası tərəfindən «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı xx.xx.2025-ci il tarixli sənədinə əsasən, İddiaçı Şərafəddin oğlunun yaşayış evinə dair borc aşağıdakı qaydada hesablanmışdır: 1.5kvt x 24 saat x 0.7 x 30gün=9198kvts, Tarif (0.13 man) -4536 kvts x 0.13 =589.68 manat Tarif (0.15 man) -4662 kvts x 0.15 =699.3 manat Tarif (0.13 man) -8570 kvts x 0.13 =1114.15 manat Cəmi 1288.98 manat Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun. Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********10009) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bununla əlaqədar AKT NİM 012812 saylı xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və akta əsasən EEİQ-na uyğun baxış keçirən zaman 04 kvl-luq paylayıcı şəbəkədən en kəsiyi 2x4 mm2 mis naqil vasitəsilə kənar xətt götürərək fərdi yaşayış evinə məxsus elektriklə çalışan su qızdırıcısına qoşulması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş akta görə iddiaçıya 1288.98 manat borc hesablanmışdır. İddiaçı Şərafəddin oğlu aktın etibarsız hesab edilərək, hesablanmış borcun silinməsini, cavabdeh tərəf isə borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. İşin faktiki hallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, yaxud cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Belə olduğu təqdirdə isə, iddiaçıya xx.xx.2025-ci il akt əsasında hesablanmış 1288.98 manat borc əsassızdır və hazırki şərtlər daxilində ondan tələb edilə bilməz. Ona görə də borcun silinməsi hissəsində iddia qismən təmin edilməklə, 1288.98 manat borc silinməlidir. Məhkəmə iddianın “aktın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, tələbin həmin hissəsi əsassızdır və təmin edilə bilməz. Belə ki, cavabdehin əməkdaşları tərəfindən abonentin ünvanına baxışın (müayinənin) keçirilməsi qurumun əməkdaşlarının vəzifə öhdəliklərindən irəli gəldiyinə görə özü-özlüyündə abonentin hər hansı hüququna müdaxilə hesab olunmur. Əgər tərtib edilmiş akt əsasında hər hansı hüquqi məsuliyyət yaradan qərar, məsələn dəymiş zərərin ödənilməsi tələb olunarsa, onda abonentin hüquqlarının güman edilən pozuntusundan söz gedə bilər. Buna müvafiq olaraq abonent yalnız hüquqi məsuliyyət yaradan qərarı, yəni zərərin ödənilməsini (hazırki iş üzrə də eyni stiuasiya yaranmışdır) mübahisələndirə bilər. Çünki aktın tərtib edilməsi və həmin aktda qeyd edilmiş məlumatlar əsasında abonent barəsində hüquqi məsuliyyət doğuran qərar qəbul edilməsi ayrı-ayrı mərhələlərdir. Aktın qəbul edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********10009 abunə kodu üzrə hesablanmış 1288.98 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 21 saylı evin 09 saylı mənzil üzrə **********10009 saylı abunə koduna hesablanmış 1288.98 (min iki yüz səksən səkkiz manat, 98 qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5363/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5363/2025
06.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver