Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5365/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixdə bazaya daxil edilmiş Rİ 050078 saylı akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Saatlı rayonunun Qaracalar kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə yaşayır və adına olan sayğacla elektrik enerjisindən istifadə edir. Yaşadığı evdə elektrik sayğacı vasitəsilə elektrik enerjisindən istifadə edilmiş və istifadə edilən enerjinin dəyəri ödənilmişdir. İddiaçıya yeni məlum olmuşdur ki, xx.xx.2016-cı ildə cavabdeh təşkilatın əməkdaşları onun evinə gələn elektrik sayğacına baxış keçirərək akt tərtib etmiş və həmin akta əsasən ona cərimə yazmışlar. İddiaçıya akt verilməmiş, cavabdeh təşkilatın işçiləri tərəfindən fiziki olaraq həmin aktın mövcud olmadığı bildirilmişdir. Yalnız aktın nömrəsini və tarixini şifahi olaraq iddiaçıya bildirmişlər. İddiaçı aktı əsaslı hesab etmədiyini, sayğaca əsasən ödənişlər etdiyini, bu halın abunə haqqında ödəniş cədvəlində təsdiqini tapdığını, sayğaca hər hansı müdaxilənin edilməsi barədə nəzarətçi tərəfindən xəbərdarlıq edilmədiyini qarşı tərəfə bildirmiş, lakin etirazının heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək, iddianı müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib bildirdi ki, 2016-cı il tarixli akt əsasında yazılmış və hazırda iddiaçının silinməsini tələb etdiyi borc məbləği onun tərəfindən edilmiş ödənişlərdən avtomatik olaraq silinmişdir. Həmin borc abunə haqqında sənəddən də göründüyü kimi, sayğaca görə hesablanmış, yəni sərfiyyat borcu olmuşdur. Sözügedən aktın məhkəməyə təqdim edilməməsinin səbəbi sənədlərin müəyyən müddətdən sonra məhv edilməli olması ilə əlaqədar olmuşdur. Hazırda abunə kodunda mövcud olan borc isə iddiaçının mübahisələndirmədiyi, cavabdeh tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş 2024-2025-ci illərdə tərtib edilmiş aktlara görə yaranmış borcla elektrik enerjisindən faktiki istifadəyə görə yaranmış debitor borcun cəmidir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: Abunə haqqında sənəddən görünür ki, Saatlı rayonu Qaracalar kəndində yerləşən iddiaçıya məxsus ev üzrə abunə koduna xx.xx.2016-cı il tarixdə “sayğaca görə” əsası ilə 1.088,64 manat, həmçinin 2024-2025-ci il tarixlərdə də aktlar əsasında borclar yazılmışdır. Qalıq borc 1.892 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş 2024-2025-ci il tarixli aktlar iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus evə verilmiş abunə koduna xx.xx.2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktla “sayğaca görə” əsası ilə borc yazılmışdır. Həmin borc məbləği iddiaçının vaxtaşırı etdiyi ödənişlərin hesabına avtomatik qaydada silinərək tam ödənilmişdir. Hazırda iddiaçı həmin aktın əsassız olması səbəbindən yazılmış borcun silinməsini tələb etsə də, cavabdeh tərəf aktın sayğac göstəricilərinə əsasən tərtib edildiyini, həmin vaxtdan xeyli müddət keçdiyindən aktın məhv edildiyini, iddiaçı tərəfindən edilmiş ödənişlər hesabına həmin borcun tam ödənildiyini, abunə kodunda mövcud olan borcun iddiaçının mübahisələndirmədiyi 2024-2025-ci il tarixli aktlar əsasında yazılmış və həmçinin, sərfiyyata görə hesablanmış borc olduğunu bildirərək, iddianın əsassız olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən borcun sayğac göstəricilərinə görə yazılması və tam şəkildə ödənilməsi iş materiallarında olan abunə haqqında sənəd əsasında müəyyən edilərək hazırkı işin mübahisəsiz hallarını təşkil edir. Aktın tərtib edilməsindən 9 ildən çox müddətin keçməsi nəzərə alınanda cavabdehin aktın müvafiq qaydada məhv edilməsi səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmaması barədə izahatı məhkəmə tərəfindən inandırıcı və ağlabatan hesab olunur. Çünki məhkəmənin mövqeyinə görə tərtib edilməsindən uzun müddət keçən, ən əsası isə ona istinadən hesablanmış borc məbləği ödənilmiş aktın mühafizə edilib saxlanılmasına hər hansı zərurət də yoxdur. Beləliklə, iddiaçının mübahisələndirdiyi borc tamamilə ödənildiyindən və borcun yazılmasına əsas verən akt artıq mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsinə heç bir əsas yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Borcun yarandığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 9.1-ci bənd. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bənd. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(006)-5365/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5365/2025
23.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver