Məhkəmə qərarları › İş №2(006)-538/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-538/2023

13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-538/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 106 saylı evin 81A saylı mənzili İddiaçı məxsusdur. Kommunal xidmətlərə görə abonent kimi o qeydiyyatdadır. Mənizildə yaşadığı və kommunal xidmətləridən istifadə etdiyi müddətdə istifadə olunmuş bütün kommunal xidmətlərə görə ödənişləri, o cümlədən elektrik enerjisindən isitifadə ilə bağlı ödənişləri ödəmiş, lakin cavabdeh X5 Cəmiyyəti mənzilə abonenet kimi onun adına əsassız olaraq 844,26 AZN borc hesablamışlar. Elektrik enerjisindən istifadəyə görə cavabdeh təşkilata borcu olmamış, cavabdeh sayğacı dəyişib, bundan sonra əsassız borc hesablamış, mənzildə yaşayış olmadığı dövr üçün 678,36 AZN, sayğacın təhvil verilməməsinə görə 84 AZN, dəbbə pulu və sair adlarla müxtəlif məbləğlər yazaraq ümumilikdə 844,26 AZN əsası olmayan borc hesablamışdır. 2006-cı ilin sonlarından hal-hazıra kimi mənzildə yaşayış olmamış, bunu Azərişıq, Azərsu və digər kommunal xidmətlərə görə ödənişin olmaması da təsdiq edir, mənzilin həmişə sayğacı olmuş, cavabdeh sayğac üzrə heç bir hesabat aparmadan orta sərfiyyat hesablamış, mənzildə sayğac olduğu halda cavabdehin orta sərfiyyat aparılması qanunsuz hərəkətdir. Bundan başqa, sayğac mənzilin daxilində deyil, çöl tərəfində yerləşmiş, belə olan halda sayğacı cavabdehə təhvil verməli deyil, sayğacın cavabdeh tərəfindən təhvil götürülməməsinə görə abonenet kimi heç bir məsuliyyət daşımır. Həmçinin borc olmadığı halda dəbbə pulu da hesablanması qanuna ziddir. Cavabdehin hesabladığı borc əsassızdır və ona görə də silinməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 106 saylı evin 81 A saylı mənzilinin abonenti kimi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 844,26 AZN borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək mülki işin mahiyyətini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, işin materiallarında olan abunə kodu **********60081 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı aktlar bölməsi üzrə 844,26 AZN (səkkiz yüz qırx dörd manat, iyirmi altı qəpik) əlavə ödəniş hesablanmışdır.

7. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, bina 106, mənzil 81 A İddiaçı məxsusdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, bina 106, mənzil 81 A İddiaçı mülkiyyətindədir. Həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 844,26 AZN (səkkiz yüz qırx dörd manat, iyirmi altı qəpik) məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı qanunsuz hesablanmış borcun silinməsi tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 10.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

11. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.

13. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır.

14. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

15. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

16. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

17. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

18. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

19. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus ünvanda borcun olmasına dair təsdiq edən sübut cavavdeh tərəfindən təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut abonentin hərəkət cədvəlidir. Həmin cədvəl isə əsaslı sübut hesab edilə bilməz.

21. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus mənzilin çöl divarında quraşdırılması müəyyən edilmişdir.

22. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur..

23. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktlar üzrə ümumu məbləğ 844,26 manat olmuşdur. Məhkəməyə isə cavabdeh tərəfindən aktlar üzrə borcun nədən yaranması, yarandığı təqdirdə aktların əsilləri (və ya təsdiq olunmuş surəti) təqdim edilməmişdir.

24. Bundan əlavə aktlar üzrə yaranmış borclar isə abune haqqında saldodan da görünür ki, bəzisi iki dəfə olmaqla sayğacın təhvil verilməməsi (halbuki sayğac çöl tərəfdə quraşdırılmışdır), bəzisi 678,36 manat olmaqda kəskin yaranan sayğac göstəricisi (sübutu yoxdur) olmuşdur ki, bunlardan da cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir.

25. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, aktlar üzrə hesablanmış 844,26 AZN (səkkiz yüz qırx dörd manat, iyirmi altı qəpik) məbləğində borc **********60081 saylı abunə hesabından silinməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Aktlar üzrə hesablanmış 844,26 AZN (səkkiz yüz qırx dörd manat, iyirmi altı qəpik) məbləğində borc **********60081 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar