Məhkəmə qərarları › İş №2(006)-5473/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5473/2024

18.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5473/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00823 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, ikinci Tərəf Ərizəçi MMC- nin sürücüsü vəzifəsində işlədiyi zaman Yol-nəqliyyat hadisəsi nəticəsində Ərizəçi MMC-nin istifadəsində olan nəqliyyat vasitəsinə vurduğu 1915 (min doqquz yüz on beş) AZN ziyana görə xx.xx.2024-ci il tarixindən etibarən hər ay 159 (yüz əlli doqquz) AZN olmaqla 12 ay ərzində ödəniş edəcək. Tərəflər razılaşırlar ki, İkinci Tərəf hər hansı ayın ödənişini könüllü ödəniş üçün nəzərdə tutulmuş 10 (on) gün ərzində ödəməyəcəyi təqdirdə Birinci Tərəf qalıq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcək. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00823 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Ərizəçinin tələbi: Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00823 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2024-cü il tarixli, MŞB\9\2024- 00823 nömrəli barışıq sazişinin - İkinci Tərəf Ərizəçi MMC-nin sürücüsü vəzifəsində işlədiyi zaman Yolnəqliyyat hadisəsi nəticəsində Ərizəçi MMC-nin istifadəsində olan nəqliyyat vasitəsinə vurduğu 1915 (min doqquz yüz on beş) AZN ziyana görə xx.xx.2024-ci il tarixindən etibarən hər ay 159 (yüz əlli doqquz) AZN olmaqla 12 ay ərzində ödəniş edəcək. Tərəflər razılaşırlar ki, İkinci Tərəf hər hansı ayın ödənişini könüllü ödəniş üçün nəzərdə tutulmuş 10 (on) gün ərzində ödəməyəcəyi təqdirdə Birinci Tərəf qalıq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcək - şərtləri ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi X2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00823 nömrəli Bakı 09 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən, - Tərəflər Ərizəçi MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar:

1. ikinci Tərəf "xxxx" MMC-nin sürücüsü vəzifəsində işlədiyi zaman Yol-nəqliyyat hadisəsi nəticəsində Ərizəçi MMC-nin istifadəsində olan nəqliyyat vasitəsinə vurduğu 1915 (min doqquz yüz on beş) AZN ziyana görə xx.xx.2024-ci il tarixindən etibarən hər ay 159 (yüz əlli doqquz) AZN olməqla 12 ay ərzində ödəniş edəcək.

2. Tərəflər razılaşırlar ki, İkinci Tərəf hər hansı ayın ödənişini könüllü ödəniş üçün nəzərdə tutulmuş 10 (on) gün ərzində ödəməyəcəyi təqdirdə Birinci Tərəf qalıq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcək. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00823 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində maddi ziyanla bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 09 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9/2024-00823 saylı barışıq sazişi təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq ərizəçiyə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9/2024-00823 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: - İkinci Tərəf "xxxx" MMC-nin sürücüsü vəzifəsində işlədiyi zaman Yol-nəqliyyat hadisəsi nəticəsində Ərizəçi MMC-nin istifadəsində olan nəqliyyat vasitəsinə vurduğu 1915 (min doqquz yüz on beş) AZN ziyana görə xx.xx.2024-ci il tarixindən etibarən hər ay 159 (yüz əlli doqquz) AZN olməqla 12 ay ərzində ödəniş edəcək. - Tərəflər razılaşırlar ki, İkinci Tərəf hər hansı ayın ödənişini könüllü ödəniş üçün nəzərdə tutulmuş 10 (on) gün ərzində ödəməyəcəyi təqdirdə Birinci Tərəf qalıq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcək. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar