Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5475/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanılmış “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 18.04.2018-ci il tarixli, 07784067 kod nömrəli müqavilənin 4.2-ci və 5.2-ci bəndlərinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 14-ə daxil olmaq üçün maneənin aradan qaldırılaraq mənzil qurğusunun domofon sisteminə qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun və dəymiş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında arasında “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 2015-ci il 18 aprel tarixli, 07784067 nömrəli müqavilə bağlanılmışdır. Qeyd edir ki, adıçəkilən mənzilin domofon sistemi 23 fevral 2021-ci il tarixdə heç bir xəbər verilmədən kəsilmiş, ailə üzvlərinin səhhəti ilə bağlı çağırılmış həkim mənzilə daxil ola bilməyərək getmişdir. Həmin gün ailə üzvləri də, mənzilə daxil ola bilmədiyi üçün Cavabdeh MMC-yə aid 055 *** ** ** nömrəsinə dəfələrlə zəng vurulmasına baxmayaraq, həmin nömrədən qeyri iş vaxtı zəng vurulması və naharın 13:00-14:00-dək olması barədə sms daxil olmuşdur. 1 saatdan sonra həmin nömrə ilə əlaqə saxlanıldıqdan sonra 2 aylıq borcun yaranmasına görə mənzilin domofon sisteminin kəsildiyi və ödəniş olunduqdan sonra yalnız sabah açıla biləcəyi deyilmişdir. Bununla da, mənzil sakinlərinin və həkimin mənzilə daxil olması Cavabdeh MMC tərəfindən məhdudlaşdırılmış və hazırda da mənzilə girişə qanunsuz və əsassız olaraq maneə qoyulması davam edir. Bildirir ki, mənzil qurğusunun domofon sistemindən kəsilməsi halında mənzil sakinləri həmin mənzilə yalnız kodlaşdırılmış brelok açarlar vasitəsilə daxil ola bilərlər. Həmin açarın mənzil sakinində olmaması halında o, yaşadığı binaya, o cümlədən öz şəxsi mənzilinə daxil ola bilməz. Eyni zamanda, qohumların və digər zəruri hallarda - təcili yardım, poliklinikanın ərazi üzrə məsul həkiminin, yanğınsöndürmə və sair təşkilatların mənzilə daxil olması, yalnız sakinin 1-ci mərtəbəyə düşərək kodlaşdırılmış qapını arxadan açması ilə mümkündür. Bu isə 8-ci mərtəbədə yaşayan, o cümlədən yaşlı və ya xəstə şəxslərin lift işləmədiyi zamanlarda da, aşağı düşmək məcburiyyətində qalmasına, təcili tibbi müdaxilə və digər təxirəsalınmaz hallarda isə bunun mümkün olmamasına görə isə ciddi məhrumiyyətlərə, habelə həyati təhlükəyə məruz qalmasına səbəb olur. Dəfələrlə də, ev sakinlərinin səhhətləri ilə əlaqədar 8-ci mərtəbədən aşağı düşüb (bir çox hallarda liftin işləməməsinə görə də) qapını açmaq imkanları olmadığına görə zərurətlə bağlı evə dəvət olunan həkim və bir çox şəxslər maneə səbəbindən geri qayıtmışlar. Bununla da, mənzildə yaşayan şəxslərin səhhətində ciddi problemlər, mənzil-məişət məsələlərinin həllində məhrumiyyətlər yaranmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 95 saylı evin 1 saylı giriş yolunda quraşdırılmış, sifarişçinin domofon sistemi üçün təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürür. Lakin həmin müqavilənin 5.2-ci bəndinə görə servis xidmətlərinin sifarişçisi tərəfindən ödənişin ayda iki dəfədən çox gecikdirilməsi halda icraçı hazırki müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə xitam verə və mənzil qurğusunu domofon sistemindən kəsə bilər. Eyni zamanda, müqavilənin 4.2-ci bəndində abunə haqqının cavabdeh tərəfindən birtəfərli qaydada artırılması göstərilmişdir. Müqavilənin standart şərtli müqavilə olmasını nəzərə alaraq, cavabdeh müqavilədə təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürməsinə və bunun müqabilində xidmət haqqı almasına baxmayaraq, əlavə cəza tədbiri kimi özünə mənzil qurğusunu domofon sistemindən kəsmək, habelə abunə haqqını birtərəfli qaydada artırmaq imkanı oymaqla qanunvericiliyin tələblərinə riayət etməmiş, mənzilə daxil olmağa maneə yaradaraq, insanların hüquqlarını pozmuş, öz mənzilindən istifadə və sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmışdır. Habelə nəzərə alınmalıdır ki, adıçəkilən tədbir onun cəzalandırılması vasitəsi kimi tətbiq edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında 18 aprel 2015-ci il tarixli, 07784067-kod nömrəli “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Bakı şəhərində Şəfayət Mehdiyev küçəsi, 95 saylı evin 1 saylı giriş yolunda quraşdırılmış, Sifarişçinin domofon sistemi üçün təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürür; 3.1-ci bəndinə əsasən, Sifarişçi domofon sisteminin təmiri və texniki xidmət göstərilməsi üçün abunə haqqını 4.1-ci bəndində müəyyən edilmiş məbləğdə cari ayın 25-ci gününə qədər ödənilməsini üzərinə götürür. Abunə haqqının toplanması Cavabdeh MMC Domofon şirkəti sətrinin seçməsi ilə “E- Manat” terminalı vasitəsilə ödəniş və ya icraçının kassasına nağd vasitələrinin daxil edilməsi vasitəsilə həyata keçirilir; 4.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə xidmət haqqı ayda 2 manat təşkil edir; 4.2-ci bəndinə əsasən, material, dəst hissələri haqqının artması, vergitutma dəyişikliklər baş verməsə və işlərin maya dəyərinin artmasına səbəb olan digər görünən obyektiv hallar zamanı abunə haqqı İcraçı tərəfindən birtərəfli qaydada artırıla bilər. Bu halda abunə haqqının birdəfəlik artırılması 30%-dən çox və ildə bir dəfədən tez olmamalıdır; 5.2-ci bəndinə əsasən, servis xidmətlərinin Sifarişçisi tərəfindən ayda iki dəfədən çox gecikdirilməsi halda İcraçı hazırki müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsinə xitam verə və mənzil qurğusunu domofon sistemindən kəsə bilər. Hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin yenidən başlanması borcun ödənilməsindən sonra 5 gün ərzində həyata keçirilir. Təkrar qoşulma 5 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı 18 aprel 2015-ci il tarixli, 07784067-kod nömrəli “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” müqavilədə göstərilən şərtlərlə razılaşaraq, öz iradəsinə uyğun olaraq könüllü şəkildə cavabdehlə həmin müqaviləni bağlamış, habelə hazırki işə baxılarkən onun cavabdehlə müqavilə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı elementlərdən heç olmasa biri qüsurlu olmalıdır: - subyekt tərkibinə görə; - məzmununa görə; - formasına görə; iradə və iradə ifadəsinə görə. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddiaçı Cavabdeh MMC ilə aralarında olan müqaviləni 18 aprel 2015-ci il tarixdə bağlamış və müqavilənin bağlandığından 6 ildən çox müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yuxarıda qeyd olunan əqdi mübahisələndirmək hüququnu ötürmüşdür. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5475/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5475/2021
23.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver