Məhkəmə qərarları › İş №2(006)-5491/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5491/2021

16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5491/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun, faizlərin və xərclərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xeyrinə cavabdeh İddiaçı 17.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7848,30 manat məbləğində əsas borcun, 1293,69 manat məbləğində faiz borcunun, 467,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9609,71 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 17.10.2014-cü il tarixli, 104.LN.1010.171014.00001 saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 20% olmaqla 9500 manat məbləğində kredit vermişdir. Lakin, borclu müqavilənin tələblərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 01.07.2016-cı ilədək İddiaçı banka 17.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7848,30 manat məbləğində əsas borc,1293,69 manat məbləğində faiz borcu, 467,72 manat məbləğində cərimə borcu, cəmi 9609,71 manat borcu vardır. İddiaçı tərəfindən 17.10.2014-cü il tarixli, 104.LN. 1010.171014.00001 saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə ödəniş müddətləri pozulmuşdur və hazırda Cavabdeh ASC-yə olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-14160/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 7848,30 manat məbləğində əsas borc, 1293,69 manat məbləğində faiz və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9161,99 manat məbləğində borc və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun alınaraq "AGBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı hazırda həmin qətnamədən apelyasiya şikayəti verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, həmin qətnamədən iddiaçıya məlum olmuşdur ki, guya onunla Cavabdeh ASC arasında 17.10.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçıya kredit verilmişdir. İddiaçı hazırda Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həmin kredit müqaviləsinin surətini əldə etmişdir. Həmin kredit müqaviləsində imza iddiaçıya məxsus deyil. Belə ki, bank hansı yollasa iddiaçının vəsiqəsini əldə edərək saxta kredit müqaviləsi tətbiq edərək iddiaçının adına bankdan kredit götürülmüşdür. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 17.10.2014-cü il tarixli, 104.LN.1010.171014.00001 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14160/2016 saylı, 06 oktyabr 2016-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 7848,30 manat məbləğində əsas borc, 1293,69 manat məbləğində faiz və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9161,99 manat məbləğində borcun alınaraq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almamışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 17.10.2014-cü il tarixli, 104.LN.1010.171014.00001 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 20 faizlə, 9500 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2016-cı il tarixli, 2(060)-14160/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 7848,30 manat məbləğində əsas borc, 1293,69 manat məbləğində faiz və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9161,99 manat məbləğində borc və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını əsas gətirərək etibarsız hesab olunmasını tələb edir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2016-cı il tarixli, 2(060)-14160/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində də bu məsələni qaldıra bilərdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kredit müqaviləsinin onun tərəfindən imzalanmadığına istinad etməsinə baxmayaraq, bir dəfə də olsa məhkəmə iclasına gəlməmiş və imzanın ona məxsus olub-olmamasını ekspertiza yolu ilə yoxlanılması üçün imza nümunələrini verməmişdir. Bu məqsədlə məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin iddiaçı hər dəfə məhkəməyə ərizələr göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçı tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar