Məhkəmə qərarları › İş №2(006)-5504/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5504/2021

16.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5504/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2000-ci ildə anadan olmuş oğlu X4 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqidarında olmadığından, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun doğma oğludur. Oğlu 01.01.2000-ci ildə Bərdə şəhərində doğulmuşdur. O, uşaqlıqdan xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X8 müalicə alır. Oğlu İ qup əlildir. O, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Daima kənar şəxslərin qulluğuna ehtiyacı var. Oğlu öz hərəkətlərini idarə edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. X9 İ qrup əlilliyə görə təqaüd alır. Aldığı təqaüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Ona baxmaq üçün yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından, saxlamaqda çətinlik çəkir. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə bu zaman o, oğlu üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən biraz da olsa kömək olacaq. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi 01.01.2000-ci il tarixdə Bərdə şəhərində doğulmuş X4 anasıdır. İş materiallarına əlavə edilmiş “Nəsimi-6” Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinin 09.07.2021-ci il tarixli, 143 saylı arayışından görünür ki, X9 ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisisyasının arayışının surətindən görünür ki, X9 İ qrup əlildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli 2(006)-5504/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 2579 saylı ekspert rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, Moskva şəhərində nevroloji klinikada, X7 Dispanserində, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və X3 müayinə və müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyyətini başa düşməməsi, təfəkkürünün konkret olması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X5 ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 ağır dərəcəli əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu ifadə etmək iqtidarına malik olmaması onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 2579 saylı ekspertiza rəyinə əsasən X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin olunmalı, 01.01.2000-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.01.2000-ci il tarixdə Bərdə şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar