Məhkəmə qərarları › İş №2(006)-5507/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5507/2020

27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5507/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 33.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə onu Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315-ci maddələri ilə təqsirli bilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmənin həmin hökmü ilə barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilmiş, məhkəmə zalından həbsə alınmışdır. xx xxxx 2019-cu il tarixə kimi həbsdə saxlanılmşdır. xx xxxx 2019-cu ildə Sumqayıt Apelyasiya Məhkəməsi barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. İttihamın məzmununa görə o xx xxx 2018-ci ildə sərxoş vəziyyətdə Şamaxı Rayon Polis əməkdaşlarına qarşı xuliqanlıq cinayəti törətmiş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onlara bədən xəsarətləri yetirmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayətinə baxaraq Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünü ləğv edərək barəsində yeni bəraət hökmü çıxarmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya protesti və kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qüvvədə saxlanmışdır. Şamaxı Rayon Məhkəməsi onu həbs etməklə azadlığını əlindən almış, barəsində aparılan istintaq, məhkəmə prosesləri ilə bağlı və həbsdə saxlandığı dövrdə yaxın qohumları tərəfindən çəkilən xərclərlə bağlı külli miqdarda ziyana düşmüşdür. Müdafiəçilərin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla və yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuşdur. Odur ki, əsassız yerə cinayət əməli törətməkdə təqsirləndirilərək 240 günə yaxın müddətində həbsdə və 40 gün müddətində ev dustaqlığında saxlanılmasıla əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə kompensasiya tələb etməkdə qərarlıdır. Barəsində olan cinayət işinin istintaq və məhkəmə instansiyalarında aparılması üçün müdafiə haqqı kimi 2500 manat, istintaq təcridxanasında saxlanıldığı 240 gün müddətində qohumları tərəfindən çəkilən xərc 6000 manat, yol xərci məsrəfləri 2000 manat, həbsdə saxlanıldığı müddətdə müalicə xərcləri 2500 manat olmaqla cəmi dəyən maddi ziyan 13 manat təşkil etmişdir. Bundan başqa cinayət əməli törətməkdə 20 gün müddətinə həbsdə saxlanılmağı, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əmələ görə cinayətin törədilməsi şaiyəsi, qarabağ əlili kimi ona və ailə üzvlərinə ciddi mənəvi zərbə vurmuşdur. Şərəf və ləyaqəti təhqir olunub aşağılanmışdır. Şəkər xəstəliyinə tutulmuşdur. Ağır əsəb gərginliyi keçirmişdir. Hal-hazırda müalicə alır. Sağlamlığını itirmişdir. Vurulmuş mənəvi zərərin dəyərini 20.000 manat məbləğində dəyərləndirir. Beləliklə istintaq və məhkəmə orqanlarının qanunsuz və əsassız qərarları nəticəsində ona bəraət hökmü çıxarılan günə kimi 13.000 manat maddi və 20.000 manat mənəvi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməlidir. Cəmi ziyan məbləği 33.000 manat təşkil edir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinin nümayəndəsi Nurlan Ələkbərov məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinə etiraz etdiyini bildirmişdir. Belə ki, iddiaçı dəymiş maddi zərərlər ilə bağlı hər hansı təsdiqedici sənədə əsaslanmamış, məhkəməyə hər hansı sənəd təqdim etməmiş, mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekoertiza və Reablitasiya Xidməti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı birinci dərəcəli əlildir. İş materiallarında olan Şamaxı Rayon Hərbi Komisarlığı tərəfindən verilmiş 064752 saylı vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin 210 saylı vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycanın Ərazi Bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsini xx xxxxxxx 2018-ci il traixli, 1(074)-44/2018 saylı hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətinə azadlıqdan məhrum etmə cəasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla İddiaçı 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmişdir və çəkilməmiş 500 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə İddiaçı qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CMnin 68.2-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş cəzalar müstəqil icra edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il traixli, 1(074)-44/2018 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CMnin 221.1, 221.3 və 315-ci maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315-ci maddələri ilə bəraət almış İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası MM-nın 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası MM-nın 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Həmin Məcəllənin 1101.3-cü maddəsinə ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində:1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, məhkəmə zamanı, iş materiallarından müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə X3 barəsində Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315-ci maddələri ilə təqsirli bilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra məhkəmənin həmin hökmü ilə barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilmiş, məhkəmə zalından həbsə alınmış, xx xxxx 2019-cu il tarixə kimi həbsdə saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il traixli, 1(074)-44/2018 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315-ci maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Odur ki, əsassız yerə cinayət əməli törətməkdə təqsirləndirilərək 240 günə yaxın müddətində həbsdə və 40 gün müddətində ev dustaqlığında saxlanılmasıla əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə kompensasiya tələb etməkdə öz iddia tələbində haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 3.300 (üç min üç yüz) manat məbləğində maddi və mənəvi ziyana kompensasiya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 3.300 (üç min üç yüz) manat məbləğində maddi və mənəvi ziyana görə kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar