Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-551/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «əsas borc, faiz və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «əsas borc, faiz və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli 50433559 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh Agasən oğluna iddiaçı tərəfindən 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən, müqavilənin adında olan “Kredit kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi" kimi oxunur, müqaviləyə əsasən kreditor borcalana 736.83 manat məbləğində kredit verir. Kreditin müddəti 18 ay müəyyən edilir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir, güzəşt müddəti yoxdur. Müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixinədək cavabdehin iddiaçıya 391.80 manat əsas, 279.57 manat faiz, 402.10 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 54.85 manat faiz olmaqla, ümumilikdə 1128.32 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 391,80 manat əsas, 279,57 manat faiz, 402,10 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 54,85 manat faiz olmaqla, ümumilikdə 1128,32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən rəsmi bildirişlər göndərilməsinə baxamayaraq cavabdeh məhkəmə gəlməmiş, həmçinin iddiaya qarşı öz etirazını göndərmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh tərəf iddia ərizəsinə etirazında bankın müqavilə tələbləri üzrə təyin olunmuş 3 illik iddia müddətini ötürdüyünü qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli 6103 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, müqavilənin adında olan “Kredit kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi" kimi oxunmuş, iddiaçı cavabdehə 18 ay müddətinə 736.83 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli **********427 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 50433559 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə cavabdehin borcu 391,80 manat əsas, 279,57 manat faiz, 402,10 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 54,85 manat faiz olmaqla, ümumilikdə 1128,32 manat məbləğində borc təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli 6103 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. Sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişə əsasən müqavilənin adında olan “Kredit kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi" kimi oxunmuş, iddiaçı cavabdehə 18 ay müddətinə 736.83 manat məbləğində kredit vermişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilələr əsasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqavilələrinə istinad edir, cavabdeh isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən yaranmış 391,80 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6103 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə və xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 279,57 manat faiz borcu əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 3.7ci və 2.5-cibəndlərinə əsasən cavabdeh gecikdirilən borc məbləğinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 402,10 dəbbə pulu məbləği yaranmış 391,80 manat əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq, 20 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 54,85 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, bank ilə cavabdeh arasında 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əlavə olaraq onlar arasında xx xxxxxx 2016-cı il tarixdə əlavə saziş bağlanmış və həmin sazişə əsasən kreditin müddəti 18 aylıq olmaqla müəyyən edilmişdir. Bu halda 3 illik iddia müddətinin saziş əlavə edildiyi üçün tətbiq olunması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 391,80 ( üç yüz doxsan bir manat, səksən qəpik) manat əsas, 279,57 ( iki yüz yetmiş doqquz manat, əlli yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 54,85 ( əlli dörd manat, səksən beş) manat faiz və 30 ( otuz) manat ödənilmiş dövlət rüsumu , ümumilikdə 776, 22 ( yeddi yüz yetmiş altı manat, iyirmi iki qəpik) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 391,80 ( üç yüz doxsan bir manat, səksən qəpik) manat əsas, 279,57 ( iki yüz yetmiş doqquz manat, əlli yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 54,85 ( əlli dörd manat, səksən beş) manat faiz və 30 ( otuz) manat ödənilmiş dövlət rüsumu , ümumilikdə 776, 22 ( yeddi yüz yetmiş altı manat, iyirmi iki qəpik) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-551/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-551/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver