Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-553/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 21.07.2021-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya aid mənzildə su xəttinə baxış keçirilmiş və 069851 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı su təchizatı sisteminə qanunsuz qoşulduğu üçün 170 manat məbləğində cərimə yazılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş aktı qanunsuz sayırlar. Belə ki, aktda qeyd olunan əsaslar həqiqəti əks etdirmir. Real vəziyyət belədir ki, 2019-cu il tarixdə iddiaçının yaşadığı məhəllənin su borcusu dəyişdirilmişdir. Həmin borudan iddiaçıya istifadə etməsi üçün xətt ayrılmışdır. Həmin vaxt iddiaçı başqa su xəttindən istifadə edirdi. Cavabdehin nümayəndələri iddiaçıya yeni su borusundan xətt çəkmişlər, köhnə xətti isə ayrılmamışlar. İddiaçı tərəfindən dəfələrlə cavabdehə bildirilmişdir ki, hal-hazırda qoşulu olmayan xətt də sayğaca birləşdirilsin ki, bir xəttdə su kəsilərsə digər xəttdən istifadə mümkün olsun. Lakin cavabdeh nə həmin xətti sayğaca qoşmuş, nə dəki, həmin xəttə ləğv etməmişdir. Cavabdehin aktda qeyd etdiyi məbləğ o zaman tələb edilə bilər ki, bu xəttdən istifadə edilsin və nəticədə cavabdehə maddi ziyan dəysin. Amma iddiaçı həmin xəttdən istifadə etməmiş, cavabdeh isə əksini sübut edə bilməmişdir. İddiaçı hər ay orta hesabla 15 manat su pulu ödəyir. Əgər cavabdeh tərəfindən hər il iddiaçı tərəfindən ödənilmiş vəsaitlər barədə hesabat verilərsə və illər arasındakı ödənişlərdə azalma müşahidə olunarsa, o zaman iddiaçının sudan qanunsuz istifadə sübut oluna bilər. Həmçinin həmin xəttin iddiaçıya məxsus mənzildə sayğaca qoşulmamış vəziyyətdə qalması birbaşa cavabdehin təqsiridir. Belə ki, cavabdeh tərəfindən məhəllənin su borusu yenilənərkən iddiaçıya həmin borudan su hətti ayrılmış, lakin köhnə xətt ləğv edilməmişdir. Yəni, köhnə xəttin iddiaçıya məxsus mənzildə istifadəsiz şəkildə qalmasından cavabdehin xəbəri olmuşdur və bildirilmişdir ki, nümayəndə yaxınlaşıb köhnə xətti sayğaca birləşdirəcək. Göründüyü kimi, iddiaçı sudan qanunsuz istifadə etməmişdir və cavabdehə maddi ziyan vurmamışdır. Belə olduqda nə qədər ki, cavabdeh tərəfindən bunun əksi sübuta yerinə yetirə bilmir, cavabdehin tərtib etdiyi akt qanunsuz sayılmalı və ləğv edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ASCnin 21.06.2021-ci il tarixli 069851 nömrəli aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 21.06.2021-ci il tarixli, 069851 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən edilmiş 170 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 21.06.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanına baxış keçirilmiş və kənar xətt çəkilməklə sudan qanunsuz istifadə halı aşkar olunmuşdur. Bunun nəticəsində iddiaçı tərəfin 171 manat borcu yaranmışdır və bu barc qanuni şəkildə hesablanmışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 069851 saylı, 21.06.2021-ci il tarixli akta əsasən istehlakçı İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman mənzildə sayğacdan keçməyən d-20 mm-lik qeyri-qanuni xətt aşkar olunmuşdur. Cərimə aktı tərtib olunmuş, su sayğacı normal işləyir, video çəkiliş çəkilərkən akta əlavə olunmuşdur. Abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir.
8. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, ünvan 1 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin Cavabdeh ASC-yə 22.06.2021-ci il tarixdə akt əsasında 167 manat əlavə borc hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 21.06.2021-ci il tarixdə İddiaçı barəsində tərtib edilmiş 069851 saylı akta əsasən mənzildə sayğacdan keçməyən d-20 mm-lik qeyri-qanuni xətt aşkar edilmiş və iddiaçıya cərimə hesablanmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur.
11. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
12. Məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. 21.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən kənar xətt çəkilmişdir və bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə də öz əksini tapmışdır. Mübahisəli akt tərtib edilərkən onun yuxarıda göstərilən qaydalara zidd və pozulması ilə tərtib edilməsi müəyyən edilmədiyindən və iddiaçı bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin aktın ləğv edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halları öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır.
15. Belə ki, 21.06.2021-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzildə baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş suyun bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur.
16. Belə ki, cavabdeh tərəfindən akt tərtib edilərkən iddiaçının hansı vaxtdan qanunsuz qoşulmasını və bu qoşulmanın davamiyyətini müəyyən edə bilməmişdir. Davamiyyətin müəyyən edilməsi üçün cavabdeh tərəf hər ay mənzilə baxış keçirməli və müvafiq akt tərtib etməli idi. Lakin cavabdeh yalnız qanunsuz qoşulma faktını bir dəfə müəyyən edə bildiyindən bir aylıq sərfiyyatın götürülməsi məqsədə müvafiq olar.
17. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü akt üzrə 30 gün ağlabatan müddətində götürülməsi qanuni hesab edilə bilər.
18. “Sudan istifadə Qaydaları”nın 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər.
19. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay suyun sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı suyun verilməsini dayandıra bilər.
20. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ASC-nin əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş 21.06.2021-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 30 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün uzun müddət götürülməsi hər hansı normativ akta əsaslanmır.
21. Belə olan halda 21.06.2021-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir.
22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abone saldosuna əsasən aylıq ödənişlərin məbləği orta hesabla 20 manat müəyyən edildiyindən İddiaçı Cavabdeh ASCnin xeyrinə 21.06.2021-ci il tarixli, 069851 saylı akt üzrə cərimə borcu olaraq 20 (iyirmi) manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ASC-nin xeyrinə 21.06.2021-ci il tarixli, 069851 saylı akt üzrə cərimə borcu olaraq 20 (iyirmi) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov