Məhkəmə qərarları › İş №2(006)-5617/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5617/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5617/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisi sərfiyyatına görə hesablanmış vəsaitin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisi sərfiyyatına görə hesablanmış vəsaitin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə Xırdalan şəhəri, Masazır qəsəbəsindəki Abşeron Gənclər şəhərciyində 49 kv.m sahəsi olan mənzil almışdır. Aldıqdan sonra bir sıra təmir işləri görüb mənzili bağlayaraq oradan çıxmışdır. Təmir işləri qurtaran zaman son olaraq komendant ona 28.01.2013-cü il tarixdə 12 manatlıq işıq pulu qəbzi vermişdir. Həmin işıq pulunu ödədikdən sonra nə mənzildə hər hansı təmir işi görmüş, nə də ki, bir gün olsun belə mənzildə yaşamamışdır. Təhlükəsizlik baxımından da mənzildə olan elektrik avadanlıqlarını söndürmüşdür. 2020-ci ilin aprel ayında mənzilə növbəti dəfə baş çəkən zaman mənzilin qapısında yerdə onun adına olan 296,16 manat məbləğində işıq sərfiyyatına dair qəbz olduğunu görmüşdür. Bu ona gözlənilməz bir surpriz oldu. Ona görə ki, mənzildə yaşamadığı halda bu qədər məbləğdə işıq sərfiyyatı adamın heç vaxt ağlına belə gəlməzdi. Həmin binada quraşdırılmış sayğaclara nəzarət etmək imkanı məhduddur. Çünki, sayğac olan yerlərə yalnız komendant nəzarət edə bilir. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarəti də məhz "Azərişıq” ASC-nin Xidmət Sahəsi tərəfindən həyata keçirilir. Bu işıqdan istifadəyə dair sərfiyyatın qanunsuz hesablanması ilə bağlı müvafiq qurumun aidiyyəti orqanlarına çoxsaylı müraciət etməyinə baxmayaraq, iddiaçını dinləyən və bu faktı araşdıran olmamışdır. Bütün müraciətlərinə heç bir araşdırma aparmadan eyni cavab verirlər. Həmin cavabları da ərizəyə əlavə edilmişdir. Onun mənzilində su sərfiyyatı da olmamışdır. Bütün bunlar təsdiq edir ki, ona aid mənzilə işıq sərfiyyatına dair hesablanmış bu məbləğ qanunsuz və əsassız olduğundan silinməlidir. "Elektrik enerjisindən istifadə qaydaların"-nın tələblərinə görə sayğacda olan hər hansı qüsura görə iddiaçı abunəçi olaraq məsuliyyət daşımır. Halbuki, həmin nasazlıq onun iştirakıla araşdırılmadan ona qanunsuz və əsassız olaraq "Azərişıq” ASC-nin Xidmət Sahəsi tərəfindən 296,16 manat məbləğində sərfiyyat hesablanmış və həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş də göndərilmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən yazılmış işıq sərfiyyatına dair 296,16 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən yazılmış işıq sərfiyyatına dair 296,16 manat və sayğaca görə yazılmış 74,06 manat məbləğində vəsaitin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı eyni əsasla məhkəməyə müraciət eləmişdir. İddia ərizəsini imzalanmadığı üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, ödənilməmiş enerji sərfiyyatına görə borc yaranmışdır. 2016-cı ildə mənzildə təmir işləri aparılan zaman orada elektrik enerjisi sərfiyyatı olub. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********20206 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 296,16 manat, aktlar bölməsi üzrə 74,06 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 370,22 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən ünvan 2pleksində (İddiaçı məxsus) bina 1, blok 63, mənzil 40-da 2012-ci ildən yaşayış yoxdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan Xırdalan, Mazasır qəsəbəsi, Akkord Gənclər şəhərciyi, ev (bina) 0022, mənzil 0206 ünvanı "xxxx" ASC-nin elektron məlumat bazasında **********20206 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın borc bölməsində 296,16 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir. Eyni zamanda, həmin arayışdan görünür ki, sayğac quraşdırılmasına görə 74,06 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cəmi 296,16 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış sayğacın quraşdırılmasına görə 74,06 manat borc silinməlidir. Belə ki, «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktın əsli və yaxud da təsdiq olunmuş surəti cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə təqdim edə bilmədiyindən həmin aktın tərtib olunmasına əsas olmuş halları da sübut etmək vəzifəsinin onun üzərinə düşdüyündən və bununla bağlı heç bir sübut məhkəməyə təqdim olunmadığından iddia ərizəsi əsassız borcun silinməsi hissəsində əsaslı hesab edilməklə təmin olunmalıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı hesablanmış 370,22 (üç yüz yetmiş manat, iyirmi iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********20206 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı hesablanmış 370,22 (üç yüz yetmiş manat, iyirmi iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********20206 nömrəli abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar